Ukraynada müharibə ehtimalı güclənir – ABŞ, Almaniya və Fransa XİN rəhbərləri təcili müzakirə keçirdi



ABŞ dövlət katibi Entoni Blinken Rusiyanın Ukrayna sərhədi yaxınlığında və işğal olunmuş Krım yarımadasında qoşun cəmləşdirilməsinin, onun qızışdırıcı ritorikasının və təxribatlarının dayandırılması ehtiyacını Fransa və Almaniya xarici işlər nazirləri ilə müzakirə edib.
Blinken aprelin 9-da Fransa və Almaniya xarici işlər nazirləri Jan-İv Le Drian və Heiko Maasla ayrıca danışıqlarında NATO müttəfiqlərinin intensivləşdirilmiş məsləhətləşmələrinə çağırıb.
Ukrayna prezidenti Volodimir Zelenski Moskva və Kiyev arasında gərginliyin artdığı bir əsnada ölkənin şərqinə, separatçılarla hökumət qoşunlarını ayıran təmas xəttinə gedir.
Bu arada Conflict Intelligence Team (CIT) təhqiqat-analitik qrupu sosial mediada yayılan məlumatları təhlil edərək bu qənaətə gəlib ki, barələrində ötən həftə xəbərlər yayılan Rusiya hərbi qüvvələri Ukrayna sərhədinin 250 kilometrliyində Voronej vilayətində düşərgə salıb. CIT bildirir ki, 2014-2015-ci ildə Rusiya qoşunları sərhədə daha yaxın yerləşdirilmişdi.
CIT bunu da müəyyənləşdirib ki, foto və videolara düşən hərbi texnikanın əksər hissəsi Mərkəzi hərbi dairəyə aiddir və bu texnika Voronejə qədər minlərlə kilometr məsafə qət edib.
Hərbçilər Voronej rayonunun Maslovka və Tresvyatsya dəmir yolu stansiyalarında boşaldılır. CIT ehtimal edir ki, düşərgə Poqonovo hərbi poliqonunun şimal tərəfində Ukraynanın Luqansk və Xarkov vilayətlərinin 250 kilometrliyində qurulub.
Yerli sakinlər bildiriblər ki, əsgərləri yaşayış evlərinin yaxınlığında yerləşdiriblər. Rusiya qoşunlarının Ostrqojsk şəhərində, Ukrayna ilə sərhədin 150 kilometrliyində yerləşdirilməsinə dair də xəbərlər var.
CIT qeyd edir ki, Rusiya qoşunlarının yerləşdirilməsi onların Ukrayna tərəfdən hücuma hazırlaşdıqlarını göstərmir.
Rusiya qoşunları Ukraynanın nəzarətində olan ərazilərin qarşısında yerləşdirilib. CIT bu qənaətə gəlir ki, Rusiya qoşunları müdafiə yox, hücum mövqeyində cəmləşdirilib.
“AzPolitika.info”
Tarix: 10-04-2021, 14:57
Xəbəri paylaş



Xəbər lenti