"Belqorod"un reaktoru işə salınıb: "Poseydon"lar Sakit okeana çıxmağa hazırlaşır



"Belqorod"un reaktoru işə salınıb:
"Poseydon" daşıyıcısının əsas mənzili Sakit okean donanmasının bazalarından biri olacaq. Buna baxmayaraq, eksperimental qayıq Dünya okeanının istənilən nöqtəsində tapşırıqları yerinə yetirməyə qadir olacaq.
NATO ölkələrinin Rusiya Federasiyası ilə zor dilində danışmaq cəhdləri qanunauyğun şəkildə sərt cavab hərəkətlərini doğurur. ABŞ ordusunun Rusiyanın Qərb sərhədləri yaxınlığında təxribat xarakterli mövcudluğu isə Birləşmiş Ştatların Sakit okean sərhədləri yaxınlığında "əks-səda" doğurmaya bilməz. Rusiyanın xüsusi təyinatlı eksperimental "Belqorod" atom sualtı qayığı (ASQ) və "Poseydon" tipli atom pilotsuz sualtı aparatları (PSA) "tərəfdaşlara" bu barədə xəbərdarlıq edir.

Aprelin 5-də Rusiyanın hərbi-sənaye kompleksindəki mənbə bildirib ki, göyərtəsində "Poseydon"ları daşıyan "Belqorod"un reaktoru artıq işə salınıb. Belə ki, sentyabr ayına qədər submarina artıq sınaqları başa vurub okeanda xidmətə başlayacaq. Hazırda qayığın inşası, montajı, avadanlığın sazlanması, həyatda qalma və təhlükəsizlik sistemləri sınaqdan keçirilir, əsas enerji mənbəyi isə artıq maksimum gücü ilə işləyir.

"Poseydon" daşıyıcısının əsas mənzili Sakit okean donanmasının bazalarından biri olacaq. Buna baxmayaraq, eksperimental qayıq Dünya okeanının istənilən nöqtəsində tapşırıqları yerinə yetirməyə qadir olacaq. Rusiyanın qüvvədə olan 2027-ci ilə qədər dövlət silahlanma proqramına əsasən, üç ədəd bu tipli ASQ-nin inşası planlaşdırılır.

Rusiya Prezidenti Vladimir Putin "Poseydon" barədə 2018-ci ildə danışıb ("Belqorod" 2019-cu ilin aprelin 23-də suya buraxılıb) və PSA-nın düşmənin təyyarədaşıyan gəmi qrupları, sahil mühafizəsi istehkamları və infrastrukturu nəzərə alınmaqla geniş spektrdə hədəfləri məhv edə biləcəyini vurğulayıb. Bu cür silahlarla Putin "təkqütblü oyunun" qaydalarını dəyişməyə söz verib. Həmin vaxt ABŞ rəsmiləri aşkar şəkildə yeni silaha qarşı nifrət nümayiş etdirərək onu "texniki uydurma və mümkün olmayan" adlandırırdılar. İndi isə ABŞ Dövlət Departamenti 2M39 "Poseydon" qitələrarası nüvə torpedolarının meydana çıxmasından narahatlığını ifadə edir. Rusiyanın böyüməkdə və dünyada ən böyük olan Hərbi-Dəniz Donanması "tərəfdaşları" ümumilikdə də narahat edir. "Business Insider"-in məlumatına görə, Rusiya donanmasına ümumilikdə 360 gəmi, o cümlədən 59 submarina daxildir (ballistik raketdaşıyan 12 sualtı kreyser də daxil olmaqla).

Unikal xüsusiyyətləri

09852 layihəsi çərçivəsində inşa olunmuş çoxfunksiyalı eksperimental "Belqorod" ASQ 949A layihəsi çərçivəsində qurulmuş üçüncü nəsil "Antey"lərin yenidən doğuluşudur. "Belqorod" xüsusi olaraq "Poseydon" üçün uyğunlaşdırılıb ("Antey"lər isə ilkin olaraq göyərtəsində gəmivuran "Qranit" raketlərini daşıyırdı).

"Poseydon"lar nüvə hücumunun qarşısının alınması istiqamətində çox ciddi silahdır. Belə ki, nüvə enerji qurğusu ilə təchiz olunmuş strateji qitələrarası aparatı 1000 m dərinlikdə 100 düyün sürətlə (185 km\saatdan artıq) 10 min km məsafə qət etməyə qadirdir. Bu "inanılmaz" göstəricilər sınaqlarla sübut olunub. Səyyar "Poseydon" mümkün düşmənin hazırda mövcud olan və perspektiv submarina, torpedo və raketləri üçün əlçatmaz dərinliklərdə və sürətlə hərəkət etməyə qadirdir. Okean sularında bu cür torpedonu axtarıb tapmaq asan deyil. Çünki aşağı sürətlə torpedo, demək olar ki, səssiz hərəkət edir (hətta hidroakustik qurğular onu aşkar etsə belə, düşmənin pilotsuz aparatı vurmaq imkanı yoxdur). Torpedonun səyyar idarəetmə sistemi düşmənin qayıqlar əleyhinə və digər müdafiə sistemlərini aşkar etməyə imkan verir ki, bu da onun əlçatmazlığını, dəqiqliyini və inanılmaz məhvetmə qabiliyyətinə zəmanət verir. 24 metr uzunluğu və 1,6 m diametri olan nüvə mühərrikli aparat həm adi, həm də meqatonluq döyüş başlığı ilə təchiz oluna bilər. Bu cür silah hazırda yalnız Rusiyada var və dünyanın heç bir ölkəsi "Poseydon"dan müdafiə vasitəsinə malik deyil.

"Belqorod" eksperimental qayıqlar arasında yeganə deyil. Göyərtəsində pilotsuz nüvə aparatları daşıyacaq gəmilərdən biri də "Xabarovsk"dur (098531). Submarinanın əsas xüsusiyyətləri məxfi saxlanır. Açıq mənbələrdə olan məlumatlara görə, bu qayıq yeni prinsiplə işləyən nüvə mühərriki ilə təchiz olunub və göyərtəsində altı ədəd "məhşər torpedosu" daşımağa qadirdir. 10 min ton su tutumu olan bu qayıq 500 m dərinlikdə, 32 düyün sualtı sürətlə hərəkət etməyə və 120 sutka tam səyyar şəkildə üzməyə qadirdir. Gəminin heyəti ən azı 100 nəfərdir.

Qeyd etmək lazımdır ki, pilotsuz sualtı aparatlar Şimal yarımkürəsinin istənilən nöqtəsindən ABŞ-ın Şimal sahillərinə çatmağa qadirdir. Lakin bu qurğu yalnız Rusiyaya qarşı təcavüz olduğu təqdirdə işə salınacaq.

Xatırladaq ki, Birləşmiş Ştatlar orta və kiçik mənzilli raketlərin ləğvinə dair müqavilədən çıxaraq 2020-ci ildə hərbi büdcəsinin həcmini 750 milyard dollara çatdırıb (bu, dünyanın bütün qalan ölkələrinin müdafiə xərcləri ilə müqayisə oluna bilər). Rusiyanın çoxfunksiyalı okean sistemi isə "tərəfdaşlara" xəbərdarlıq, Pentaqon və NATO-nun Şərqi Avropada təhlükəli konsentrasiyasına qarşı asimmetrik cavabdır.
Tarix: 8-04-2021, 09:16
Xəbəri paylaş



Xəbər lenti