İstefada olan admiralların bəyanatında deyilir ki, Türkiyə Montrö Konvensiyasını müzakirəyə çıxaracaq “hər hansı bəyanat, yaxud hərəkətdən” çəkinməlidir Türkiyə dövlət mediası aprelin 5-də istefada olan 10 admiralın saxlandığını xəbər verir. Onlar imzaladıqları açıq məktubda Qara dənizin hərbləşdirilməsini önləməyi nəzərdə tutan Montrö Konvensiyasının Türkiyənin təhlükəsizliyi üçün əhəmiyyətini vurğulayırdılar. Daha dörd şübhəli isə üç gün ərzində Ankara polisinə dindirilməyə çağrılıb, Anadolu xəbər agentliyi bildirir. “Hərbi çevriliş dönəmini xatırladır” 104 keçmiş yüksək rütbəli donanma rəsmisinin imzaladığı açıq məktub Türkiyə rəsmiləri tərəfindən pislənib, bunu ordunun dünyəvi hökumətə birbaşa təhdidi kimi görüblər. Prezidentin sözçüsü İbrahim Kalin deyib ki, məktubda hökuməti devirməyi hədəfləyən hərbi çevrilişin əlamətləri var. “Bir qrup istefada olan hərbçi özlərini gülməli və miskin vəziyyətə salır, onların bəyanatı hərbi çevriliş dönəmini xatırladır”, – Kalin deyib. Aprelin 4-də həmin admirallarla bağlı araşdırma başlanıb. NTV televiziyasının məlumatına görə, onlar “dövlətin təhlükəsizliyi və konstitusion düzəninə qarşı cinayət törətməklə bağlı razılaşmada” şübhəli bilinirlər. NTV bildirir ki, onlar “konstitusiya quruluşu dəyişmək üçün güc və zorakılıqdan istifadə”də suçlanırlar. Vacib sənəd Ötən ay Türkiyə İstanbulun şimalında Qara dənizi cənubda Mərmərə Dənizi ilə birləşdirəcək nəhəng kanal qurmaq planını təsdiqləyiblər. Türkiyə rəsmisi konvensiyanın bu kanala aid olmayacağını bildirib. Bundan sonra 1936-cı il Montrö Konvensiyası üzrə müzakirə başlanıb. Sənəd Bosfor və Dardanel boğazlarının digər ölkələrin karqo gəmiləri tərəfindən istifadəsilə bağlı məsələləri tənzimləyir. Konvensiyaya görə, Türkiyə öz sərhədləri daxilində boğazlara nəzarət edir və dinc dövrdə mülki gəmilərin çıxışını təmin edir. Sənəd donanma hərbi gəmilərinin çıxışını məhdudlaşdırır. İstefada olan admiralların bəyanatında deyilir ki, Türkiyə Montrö Konvensiyasını müzakirəyə çıxaracaq “hər hansı bəyanat, yaxud hərəkətdən” çəkinməlidir. Onlar konvensiyanı “Türkiyənin mövcudluğu baxımından vacib sənəd” adlandırıblar. Azadlıq radiosu