Ermənistanda nazir jurnalisti vurdu və…istefa verdi
Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan kafedə baş vermiş insident zamanı jurnalistə əl qaldırdıqdan sonra istefa verib. Azatutyun xəbər verir ki, hadisə martın 19-da baş verib, nazir istefa ərizəsini martın 31-də yazıb. Bu da qeyd olunur ki, Arşakyan habelə jurnalistin kompüterini masanın üstündən yerə itələyib. 35 yaşlı nazir hadisə ilə əlaqədar aprelin 1-də özünün Facebook səhifəsində yazıb: “Ermənistan Respublikasının vətəndaşı kimi vəzifəli şəxs tərəfindən başqa bir vətəndaşa qarşı zorakılığın tətbiq olunmasını yolverilməz hesab edirəm. Biz zorakılıqsız cəmiyyət formalaşdırmaq yolunda hərəkət etməliyik”. Azatutyun yazır ki, nazirin yerinə artıq Tavuş vilayətinin qubernatoru təyin edilib. İnsident Xəbərdə deyilir ki, hadisə Yerevan kafelərindən birində baş verib. Hadisənin videoyazısı YouTube kanalında yayılıb. Jurnalist açıq mikrofonla nahar edən nazirin masasına yaxınlaşıb və ondan iş vaxtı niyə işləmədiyini soruşub. Nazir cavabında deyib ki, o həmişə işləyir. Jurnalist deyib ki, məmurların müəyyən edilmiş iş saatları var. Jurnalist bunları deyəndən sonra kafenin ikinci mərtəbəsinə qalxıb. Az sonra Arşakyan onun arxasınca gəlib. Masa arxasında oturan jurnalistə yumruq atıb. Dron vəd edən nazirin qalmaqalları Akop Arşakyan daha sonra Facebook səhifəsində yazıb: “Mən öz istefamla istər psixoloji, istərsə də fiziki zorakılığı qəbul etmədiyimi ifadə edirəm. Ümid edirəm ki, baş vermiş hadisə cəmiyyətimiz üçün dərs olacaq və biz hər bir kəsin şəxsi və ailə həyatının toxulmazlıq hüququnu bir az daha artıq sevəcək və hörmət edəcəyik”. Azatutyun yazır ki, Arşakyan son zamanlar bir neçə qalmaqala düşüb. O bundan iki həftə əvvəl Irakanum saytının redaktorunu vurub. Bundan sonra jurnalist təşklilatları nazirin istefasını tələb ediblər. Arşakyan istefa verməsə də, üzrxahlığını bildirib. Akop Arşakyan Qarabağda 44 günlük müharibədən sonra ictimaiyyət qarşısında tez-tez görünür və vətənpərvər bəyənatlar verirdi. O son çıxışlarında qeyd edirdi ki, Ermənistanda tezliklə dronların kütləvi istehsalına başlanacaq. Azadlıq radiosu