YENİ ANKARA-KİYEV İTTİFAQI…- Zelenski "Bayraktar" üçün İstanbula gəlir: Ukrayna Türkiyə ilə niyə yaxınlaşır?


 Oktyabrın 16-da Ukrayna prezidenti Vladimir Zelenski Türkiyəyə işgüzar səfərə gəlir. Səfər zamanı İstanbulda iki ölkənin prezidentləri və müdafiə nazirlərinin görüşü olacaq, həmçinin Qara dəniz bölgəsi üçün taleyüklü bir müqavilə imzalanacaq. Ukrayna müdafiə naziri Andrey Taran bildirib ki, səfərdə Zelenskini o da müşayiət edəcək və türkiyəli həmkarı Hulusi Akarla hərbi müqavilənin imzalanmasında iştirak edəcək.
Müqavilənin məzmunu hələlik məlum deyil. Lakin A.Taranın sözlərinə görə, çərçivə razılaşması Kiyev və Ankara arasında 21 istiqamətdə hərbi əməkdaşlığın inkişafına zəmin yaradacaq.
Ukrayna müdafiə naziri onu da xatırladıb ki, prezident tərəfindən təsdiqlənmiş milli təhlükəsizlik strategiyasına uyğun olaraq, Türkiyə ilə strateji əlaqələrin inkişaf etdirilməsi ölkənin xarici siyasətinin prioritet istiqamətlərindəndir.
Rusiyalı politoloq Maksim Semyonovun sözlərinə görə, Kiyev Ankara ilə əməkdaşlığı dərinləşdirmək üçün həqiqətən də fəal şəkildə çalışır, vurğunu hərbi-texniki sahəyə edir: “Ukraynanın marağı Türkiyənin hərbi sahədə texnoloji cəhətdən güclü bir ölkə olması ilə bağlıdır. Ankaranın həm birbaşa, həm də dolayı iştirakçı olduğu çoxsaylı münaqişələr zamanı istifadə etdiyi Bayraktar TB2, kəşfiyyat dronları, kamikaze-dronlar, elektron döyüş sistemləri, gecə görmə cihazları və xüsusi təyinatlı qüvvələrə məxsus digər hərbi texnika özünü təsdiqləyib. Və indi Ukrayna nisbətən münasib qiymətə qabaqcıl silahlar almaqda maraqlıdır”.

Bayraktar TB2
Bu yaxınlarda o da məlum olub ki, Kiyev Türkiyədən 48 ədəd Bayraktar TB2 almaq və onları Ukrayna Silahlı Qüvvələrinin istifadəsinə vermək niyyətindədir. Eyni zamanda, söhbət, sadəcə alış-verişdən yox, Ukrayna ərazisində birgə istehsaldan gedir.
Kiyevdə bu PUA-ların (pilotsuz uçuş aparatları) altı modeli var. Onların tədarükü üçün müqavilə 2019-cu ilin əvvəlində imzalanıb. O zaman Rusiya bu razılaşmaya çox əhəmiyyət verməmişdi. Sadəcə XİN rəsmisi Mariya Zaxarova səviyyəsində açıqlama verərək, silah təchizatının Ukraynadakı böhranı ağırlaşdıran faktora çevrilməməli olduğunu demişdi.
Maksim Semyenova görə, Ankara ilə ittifaq Kiyev üçün çox cəlbedicidir: “Qərbin köməyi əlbəttə ki, yaxşıdır. Lakin ABŞ Ukraynaya silah tədarük edəndə, rus təbliğatçıları isterikaya düşür və siyasətçilər ABŞ-ı münaqişəni qızışdırmaqda günahlandırırlar”.
Məsələn, Bayraktar TB2 Dağlıq Qarabağda Ermənistanla davam edən qarşıdurmada Azərbaycan tərəfindən fəal şəkildə istifadə olunur. Bu pilotsuz uçuş aparatları sayəsində Azərbaycan qüvvələrinin hücumu kifayət qədər uğurlu alınır.
Ərazi problemlərini həll etmək üçün Ukraynanın da türk hərbi texnologiyalarından istifadəyə qərar verəcəyi istisna edilmir.

Türkiyə öz növbəsində, Ukraynanın yalnız Donbasda deyil, Krımda da nəzarəti bərpa etmək cəhdlərini dəstəkləyir.
Ankara bütün türk xalqlarının hamisi kimi, müqəddəs missiyanı üzərinə götürərək, Krım tatarlarının diasporu ilə fəal şəkildə işləyir, Ukraynaya onlarla əlaqə yaratmağa kömək edir.
Krım-tatar diasporu tərəfindən Ukrayna və Türkiyə arasında iş birliyini dəstəkləyən açıqlamalar çox tez-tez eşidilir. Məsələn, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukraynaya son səfəri zamanı bu barədə danışmışdı. Həmin vaxt tərəflər hərbi-maliyyə əməkdaşlığına dair daha bir müqavilə imzalamışdılar.
Eyni zamanda, Türkiyə lideri Kiyevə 50 milyon dollarlıq hərbi yardım ayıracağına söz vermişdi. Ukrayna prezidenti isə görüş zamanı Kiyevin 10 milyard dollarlıq investisiyalara ümid bəslədiyini söyləmişdi.
“Ümumiyyətlə, Türkiyənin Ukraynadakı mövqeyi kifayət qədər güclüdür. Bu, biznesdir – ticarət, tikinti, kənd təsərrüfatı. Bu, xüsusi xidmət orqanları xətti üzrə əməkdaşlıqdır. Bu yaxınlarda tərəflər kosmik sənayedə ortaq proqramlar yaratmaq üçün əməkdaşlığın dərinləşdirilməsi barədə də razılığa gəliblər”, – Maksim Semyonov deyir.

Ekspert hesab edir ki, Kiyev və Ankara arasındakı mövcud ikitərəfli hərbi razılaşma təkcə quru deyil, hərbi-dəniz seqmentində də əməkdaşlığa təkan verə bilər: “Həm istismardan çıxarılan türk gəmilərinin Ukraynaya tədarükündən, həm də birgə dəniz təlimlərindən danışa bilərik. Bu cür manevrlərin kimə qarşı yönələcəyini proqnozlaşdırmaq heç də çətin deyil. Bu, Rusiya üçün çox ciddi bir çağırışdır. Kerç insidentinin təkrarlanması mümkündür. O zaman Ukraynanın arxasında heç kim yox idi. Bəs, növbəti dəfə Ukrayna-Türkiyə ortaq donanması Rusiya sahillərində təhlükəli manevr etsə, necə olacaq? Və nəhayət, Türkiyə bir NATO dövlətidir…”.
“Türkiyə ilə ittifaq Ukraynaya çox fayda gətirə bilər”.
Bunu isə Ukrayna xarici işlər naziri Dmitri Kuleba bildirib:
“Hərbi-texniki sahədə də daxil olmaqla, ölkələr arasında artıq dərin strateji tərəfdaşlıq mövcuddur. Biz PUA-lar alırıq, istehsallarında iştirak edirik. Bunlar çox perspektivli layihələrdir və onları fəal şəkildə inkişaf etdirməyi və yeni layihələrə başlamağı planlaşdırırıq. Türkiyə ilə Ukrayna birliyi hər iki ölkəyə və bütövlükdə bölgəyə çox fayda gətirə bilər”.
Tərcümə Strateq.az-ındır
Tarix: 16-10-2020, 08:24
Xəbəri paylaş



Xəbər lenti