
“Ermənistanın hücumları nəticəsində Azərbaycan hərəkətə keçdi və 27 il əvvəl işğal altındakı torpaqlarını bir-bir geri almağa başladı. Bu ədalətli mübarizədə sona qədər Azərbaycanın yanında olmalıyıq. Ancaq bu, təkcə “Bir millət, iki dövlət” şüarımızdan irəli gəlmir, eyni zamanda beynəlxalq hüquq, insan hüquqları və demokratiyanın tələbidir”.Teleqraf.com xəbər verir ki, bunu türk siyasi ekspert Levet Yılmaz deyib.
“Ermənistan ordusu və Paşinyanın Azərbaycan ordusu və Əliyevin təcrübəsi və gücü qarşısında uduzması tamamilə təbiidir. Bu baxımdan, meydanda kimin məğlub olduğu aydındır. Ancaq əsas uduzan yalan iddiaları və yalana söykənən siyasətləri ilə erməni diasporudur. Erməni diasporunun təsiri altında olan bəzi Qərb liderlərinin başlarını iki əlləri arasına alıb düşünməsinin vaxtı gəldi. Çünki Ermənistan birbaşa mülki insanları hədəf alaraq müharibə cinayəti törədir”, - ekspert bildirib.
Levent Yılmaz Ermənistanın Bakı-Tiflis-Ceyhan kəmərini də hədəf aldığını söyləyib:
“Gəncə Azərbaycanın ikinci böyük şəhəridir. Ancaq əhəmiyyəti bununla məhdudlaşmır. Bu, Bakı-Tiflisi-Ceyhan neft kəməri, TANAP və Bakı-Supsa təbii qaz kəmərlərinin keçid nöqtəsidir. Avropanı Çinə birləşdirən “E-60” magistral yolu və Bakı-Tiflis-Qars dəmir yolu buradan keçir. Xülasə olaraq, Gəncənin həm Çinin, həm də Avropa Birliyinin enerji təhlükəsizliyi üçün strateji dəyəri var. Hazırda Azərbaycan Avropa Birliyinin qaza olan tələbatının təxminən 5 faizini ödəyir. Daha da əhəmiyyətlisi, mənbələrin şaxələndirilməsi baxımından strateji əhəmiyyətə malikdir. Buna görə də, Ermənistanın raket hücumları həm Avropa Birliyinin enerji təchizatı təhlükəsizliyini, həm də pandemiya ilə onsuz da zərər görən Çinin ticarətini təhdid edir. İki gün əvvəl BTC neft kəmərinə hücumları bunun ən son nümunəsidir.
Əlavə olaraq xatırladaq ki, Gürcüstanın istifadə etdiyi təbii qazın 95 faizi, Yunanıstanın istifadə etdiyi qazın isə üçdə biri Azərbaycandan gəlir. Bu təbii qaz kəsilərsə və ya boru kəmərlərində uzun müddət təmir ediləcək ziyanlar olarsa, həmin ölkələrin rəhbərliklərinin öz vətəndaşlarına Ermənistanın işğalı və hücumlarına qarşı niyə susduqlarını izah etməlidirlər”.
Tarix: 8-10-2020, 20:36