Paşinyan son payızını yaşayır: - Ermənistan hərbi çevrilişə doğru

Paşinyan son payızını yaşayır:
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan tərəfinin təklifinə cavab olaraq yekun sözünü dedi.

Paşinyan növbəti dəfə Dağlıq Qarabağı Ermənistan ərazisi adlandırdı. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev hərbi əməliyyatları dayandırmaq üçün Ermənistan qarşısında bir neçə şərt irəli sürüb. Dövlət başçısı bildirib ki, ilk növbədə, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxmalıdır. Bu prosesin qısa müddətdə həyata keçirilməsi üçün qrafik tərtib olunmalıdır.

Ermənistan silahlı qüvvələri qrafikə uyğun olaraq, bir neçə həftə ərzində Azərbaycan torpaqlarını tərk etməlidir. Prezident bəyan edib ki, bundan başqa Nikol Paşinyan Azərbaycan xalqından üzr istəməlidir. Bundan başqa, N.Paşinyan açıq şəkildə bəyan etməlidir ki, “Qarabağ Ermənistan deyil!” .

Yalnız bu şərtləri yerinə yetirdikdən sonra hərbi əməliyyatlar dayandırıla və sülh danışıqları başlana bilər. Lakin Ermənistanın baş naziri “BBC World News”a müsahibəsində bir daha deyib.

“Bəli, Qarabağ Ermənistandır, erməni ölkəsidir. Oradakı əhalinin 80 faizdən çoxu həmişə ermənilər olub. Bu gün də belədir. Bəs problem nədir? Azərbaycan istəyir ki, orada erməni olmasın”-Paşinyan belə deyib.

Beləliklə, Ermənistan Azərbaycan tərəfinin sülh təkliflindən imtina edib. Bu isə perspektivdə hərbi əməliyyatların davam edəcəyini proqnozlaşdırmağa əsas verir.

Politoloq Tofiq Abbasovun sözlərinə görə, Ermənistan tərəfi danışıqlara hazır deyil. Ona görə də hadisələrin hansı istiqamətdə inkişaf edəcəyi məlumdur. Ermənilərin bütün variantları yalnız dağıdıcılığa xidmət edən planlardır: “Bu proseslərdə biz Paşinyanı ittiham etsək, bu yalnız onun günahı deyil. Paşinyan təbii ki, erməni xalqının irəli sürdüyü məkrin içərisində olan siyasətçilərdən biridir. Biz tarixə nəzər salsaq görərik ki, ümumiyyətlə Ermənistanın siyasi qüvvələri bölgədə çox təhlükəli rol oynayır. Onlar Azərbaycana və Türkiyəyə ərazi iddiaları irəli sürür. Hətta ermənilər Gürcüstana, İranın şimal bölgələrinə, Rusiyanın cənub ərazilərinə iddiaları var. Bütün bunlar göstərir ki, onlar sakit həyat yaşamaq niyyətində deyillər və daima müharibə, münaqişə, terro dalğasını işə salmağa şərait axtarırlar. Nikol Paşinyan da sıradan biridir. Ona qədər olan dövlət başçıları da cinayət siyasətin yolunu gediblər. Köçəryan da Sarkisyan da dağıdıcı insanlardır. Onlar anlamır ki, ilk növbədə öz xalqını təhlükəyə atır. Bəlkə də erməni xalqının sıralarında dinc insanlar var. Onlar həqiqətən də Azərbaycanda, Türkiyədə sülh şəraitində yaşamağın dadını bilirlər. Həmin erməniləri istəsələr də dinc yaşamağa imkan vermirlər. Bu yırtıcı siyasətə qoşulanlardan biri də Nikol Paşinyandır. O, hakimiyyətə yeni gələndə başqa yanaşma ortaya qoymaq istədi.

Ancaq gördü ki, mürtəce qüvvələr ona sinə gərir, onu küncə sıxırlar ki, Azərbaycanla kompromisə getməsin. Nəticədə, Paşinyan qərara gəldi ki, həmin cinayətkar xorun bir iştirakçısı olsun. Ona görə də gah deyir ki, biz Azərbaycana güzəştə getməyə hazırıq, gah deyir ki, Azərbaycanı sülhə dəvət edirik, indi də BBC-yə bildirib ki, “Qarabağ Ermənistandır”. Bu, çaşqın vəziyyətdə olan adamın sərsəm bəyanatlarıdır. O, artıq anlayıb ki, vəziyyət ağırdır. Ermənistan və Paşinyan üçüncü ölkələrdən nə qədər kömək istəsələr də görür ki, onların səyləri gecikib. Həmin o dağıdıcı qüvvələr başa düşməlidir ki, bölgədə geosiyasi vəziyyət dəyişib. Azərbaycan bu əməliyyatlara zəif bənd kimi deyil, güclü bənd kimi qərar verib. Azərbaycan onları dəfələrlə xəbərdar etmişdi ki, mürtəce siyasətdən əl çəksinlər. Sağlam ruha, sağlam məntiqə pənah gətirsinlər.

Ancaq onlar bunu etmək istəmədilər. Hətta sentyabrın 27-ə qədər separatçı rejimin qondarma prezidenti Araik Arutunyan bir neçə dəfə bəyan edib ki, biz Qarabağı verməyəcəyik. Bütün torpaqlar da bizimdir. İndi haradadır Arutunyan? Niyə gizlənib? Baş verən son proseslər göstərdi ki, yeni bir dönəm başlayır. Yalnız Cənubi Qafqazda deyil, Avrasiya məkanında yeni transformasiyaların şahidi oluruq. Yeni qüvvələr birliyi formalaşır. Azərbaycan, Türkiyə və onları dəstəkləyən başqa dövlətlər bir araya gəlməklə göstərirlər ki, hər ölkə dünyanın istənilən yerində öz mənfur planlarını reallaşdıra bilməz. Onlara müqavimət göstərəcək və zərbə vuracaq qüvvələr var. Ona görə də Ermənistan mütləq məğlub olacaq”.

Ekspert bildirdi ki, Paşinyan əvvəl Azərbaycanı sülhə dəvət etsə də sonradan hakimiyyətdən uzaqlaşdırılacağını anlayıb yenidən “Qarabağ Ermənistandır” bəyanatını verməli olub. Bu da Ermənistan cəmiyyətinin kəskin mühafizəkar mövqeyə malik olması ilə bağlıdır: “Ermənistan cəmiyyəti çox vəhşidir. Sağlam qüvvələr orada baş qaldıra bilmir.

Onlarda kütləvi psixoz elə vəziyyət yaradıb ki, sağlam insanlar sadəcə qorxu içindədir. Sülhdən, kompromisdən danışılan kimi xunta rejiminin nümayəndələri baş qaldırır, Ermənistan rəhbərliyinə təhdidlər yağdırır. Ona görə də Paşinyan öz fikirlərindən əl çəkir və deyir ki, “Qarabağ Ermənistandır”. Yaxud Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan çox ağıllı siyasətçidir. O, vaxtında demişdi ki, biz döyüşdə qalib gəlsək də müharibədə qələbə çalmamaşıq. Gəlin bu təhlükəli yoldan qayıdaq. Ancaq ermənilər meydanı Qarabağdakı quldur dəstələrinə verdilər. Həmin quldurlar da hakimiyyətə yiyələndilər və indiyə qədər meydan sulayırlar”.

Tofiq Abbasov qeyd etdi ki, Ermənistanın müharibədə məğlubiyyəti Paşinyan hökumətinin hərbi çevriliş yolu devrilməsinə gətirib çıxara bilər: “Ermənistanda siyasi hərc-mərclikdir. Xaos vəziyyəti və böhran getdikcə dərinləşir. Müharibə aparmaq üçün güclü iqtisadiyyat lazımdır. Ermənistan isə bundan məhrumdur. Ona görə də Ermənistanda hərbi çevrilişin də, vətəndaş qarşıdurmasının da olması gözləniləndir”.


Tarix: 8-10-2020, 13:55
Xəbəri paylaş



Xəbər lenti