Fransanın türk-İslam dünyasına qarşı düşmənçiliyi sərhəd tanımır.Sentyabrın 27-də Ermənistanın Qarabağ cəbhəsindəki təxribatlarından sonra Azərbaycan tərəfin işğal altındakı ərazilərini azad etmək üçün başlatdığı Vətən müharibəsində rəsmi Parisin təcavüzkarın yanında olması bir çox həqiqətləri çılpaqlığı ilə üzə çıxardı.
Fransanın bu mövqeyi təkcə Azərbaycanda deyil, qardaş Türkiyədə də ciddi etirazla qarşılanıb. Bu da əsassız deyil. Çünki işğalçı Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün yaradılan ATƏT Minsk Qrupunun üç həmsədr ölkəsindən biri olan Fransanın prezidenti Emmanuel Makron müdafiə edir. Bu şəxs ölkəsinin həmsədr olmasını qulaqardına vurur, bilməməzlikdən gəlir.
Rəsmi Parisin son anti-Azərbaycan, anti-türk mövqeyi çox haqlı olaraq, Fransanın bu düşmənçiliyinin tarixi köklərini gündəmə gətirib, nə zamandan bunun başlandığı yönündə müzakirələr açılıb.
Musa Qasımlı: “Fransanın indiki rəhbərliyi görkəmli dövlət xadimi Raymond Puankarenin bu nitqini oxusalar...”Tarixçi professor, deputat Musa Qasımlı “Yeni Müsavat”a açıqlamasında maraqlı məqamlara toxundu: “Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsində tutduğu mövqe həm beynəlxalq hüquqa, həm də haqq-ədalətə ziddir. Eyni zamanda Fransanın Türkiyə və türk millətinə qarşı belə mövqe tutmasının bəlli tarixi kökləri var. Bu da Fransanın Yaxın və Orta Şərq regionunda maraqları ilə bağlıdır. Məlum olduğu kimi, Fransa uzun illər boyu Osmanlıya qarşı Yaxın və Orta Şərqdə hərbi əməliyyatlar aparıb. Amma istəyinə nail ola bilməyib. Hətta Napoleon Bonapartın belə bir sözü var idi. Deyirdi ki, mənə türk əsgərini verin, istənilən döyüşdə qələbə çala bilərəm. Bu ona dəlalət edirdi ki, türk əsgəri qarşısında heç vaxt o əsgərlər tab gətirə bilməmişdilər. Fransanın Yaxın və Orta Şərq regionunda istəklərinin reallaşmasına mane olan türk milləti olub. Türk xalqının istiqlal savaşında fransızlar Türkiyəyə qarşı savaş aparırdılar. Amma sonradan məğlub olaraq, müttəfiqlərindən ayrılıb separat danışıqlara getməyə məcbur oldular. Fransanın böyük dövlət adamları türk xalqının, o cümlədən Azərbaycanın böyüklüyünü hər zaman qəbul ediblər. Belə dövlət xadimlərindən biri Fransanın əvvəlcə prezidenti, sonra baş naziri olan Raymond Puankare olub. O, baş nazir olaraq, Fransa parlamentində çıxış edərkən Azərbaycanın əhəmiyyətini xüsusi vurğulamışdı və demişdi ki, əgər biz istəyiriksə, Qafqazda nüfuzumuz, əlaqələrimiz olsun, Azərbaycanla yaxşı münasibətlərimiz olmalıdır. Bildirirdi ki, hələ hər şey itirilməyib, ancaq Azərbaycanla yaxşı münasibətlər qurmaqla istəyimizə nail ola bilərik. Hesab edirəm ki, Fransanın indiki rəhbərliyi görkəmli dövlət xadimi Raymond Puankarenin bu nitqini oxusalar, Azərbaycanın əhəmiyyətini başa düşə bilərlər. Heç bir zaman təcavüzkar bir ölkənin yanında yer almazlar”.
Vaqif Hüseyn: “Onların kin-küdurətləri heç zaman bitməyib”“Yeni Müsavat” qəzetinin eksperti Vaqif Hüseynin açıqladığı faktlar da xüsusi diqqət çəkir: “Birinci Dünya müharibəsindən sonra Türkiyədən kütləvi halda köç edən ermənilərin böyük bir qismi Fransada yerləşib. Burada onlar həm dövlət, həm biznes, həm də mədəniyyət strukturlarında mühüm yerlərə yerləşiblər. Təkcə iki adamın adını çəkmək kifayətdir ki, ermənilərin hansı mövqedə olduqları ortaya çıxsın. Başqa adamların adlarını çəkməyə heç ehtiyac yoxdur. 1929-cu ildə İzmirdə anadan olmuş Edouard Balladur 1993-95-ci illərdə Fransanın baş naziri olub. Bu şəxs İzmir ermənisidir. Başqa bir ismin də adını çəkmək olar. Bu da Türkiyənin qatı əleyhidarı, keçmiş prezident Nikola Sarkozinin sağ qolu, o, prezident olanda partiyasının icraçı katibi olan Patrik Dəvəçiyandır. O, Jak Şirak dönəmində Fransanın sənaye naziri də olub. Patrik Dəvəçiyan ixtisasca hüquqşünasdır. Üstəlik, ASALA terrorçularının məhkəmə işində onların vəkili olub. Türkiyədən zamanında köç edən ermənilər Fransada qardaş ölkə əleyhinə daim təbliğat aparıblar. Fransada Türkiyənin əleyhinə əhval-ruhiyyənin yaranmasının da ən böyük səbəblərindən biri olublar. Onların kin-küdurətləri heç zaman bitməyib. Yiyələndikləri biznes sahələri, lobbiçilik fəaliyyətləri ilə Fransanın siyasi sistemində güclü mövqe ələ keçirərək, Türkiyə əleyhinə siyasətin formalaşmasına yardım ediblər”.
Tarix: 8-10-2020, 09:14