Amerika və Çin, İsrail və İran Azərbaycan-Ermənistan savaşını yaxından izləyirNüfuzlu “Newsweek” nəşri “How Azerbaijan's Drones Show what the Future War Looks” (Azərbaycana məxsus dronlar gələcək müharibələrin necə olacağını nümayiş etdirir) başlıqlı məqaləsində Azərbaycan-Ermənistan savaşının hərbi aspekti təhlil edilir. Müəllif Seth J. Frantziman yazır ki, sentyabrın 27-də başlayan müharibədə Azərbaycan tapıntı hesab oluna biləcək vasitədən yararlanır. Belə ki, Azərbaycan tərəfi Ermənistanın tank, artilleriya və digər hərbi avadanlıq quraşdırılmış maşınlarını dronlar vasitəsi ilə bombalayır. Bir vaxtlar ABŞ-ın beynəlxalq terrorizmə qarşı istifadə etdiyi dronların onlarla növü hazırda müharibə meydanının hava məkanına nəzarət edir. Dron istifadə edən ölkələr, o cümlədən Vaşinqton və Pekin, Yerusəlim və Tehran həmin döyüşləri diqqətlə izləyirlər. Məqsəd daha mükəmməl dronlar istehsal etmədir.
Müəllif bildirir ki, Azərbaycan hələ 2016-cı ildə (aprel döyüşləri) Ermənistana qarşı kamikadze dronlardan istifadə etmişdi. Bard Kollecindəki Dron üzrə Tədqiqat Mərkəzi Azərbaycanın İsrailə məxsus “Harpy”, “Harop” və “Orbiter 1K” dronlarının imkanlarından yararlandığı qənaətinə gəlib.“Bakı İsrailə məxsus dronları o qədər sevir ki, onların görüntüsündən musiqi kliplərində belə istifadə edir”.Zənn edilir ki, Azərbaycan tərəfi eyni anda 36 dronun havaya qalxmasını təmin edən kompleksə malikdir. Pilotsuz dron sürüsünü sıradan çıxarmaq çətindir. Çünki eyni vaxtda havaya qalxırlar və müstəqil hərəkət edirlər. Azərbaycan tərəfi iddia edir ki, onların dronları 30 ədəd erməni hava hücumundan müdafiə kompleksini məhv edib. Ermənistan Müdafiə Nazirliyi isə Azərbaycanın 107 pilotsuz təyyarəsinin sıradan çıxardığını açıqlayıb. Əlbəttə, bu iddiaların nə qədər doğru olduğunu söyləmək çətindir. Ancaq tarixdə heç vaxt bu sayda dron vurulmayıb.
“Newsweek” nəşri bildirir ki, Azərbaycan tərəfi Türkiyənin “Bayraktar” dronlarından da istifadə edir. Qeyd olunur ki, Azərbaycan tərəfində dronların sayının çoxluğu video-çəkilişdə də öz əksini tapıb. Belə ki, görüntülərin birində İsrail istehsalı olan “Orbiter” dronu hava hücumu həyata keçirən başqa bir dronun yanından sürətlə keçir. (Sözügedən kadrlar sosial şəbəkələrdə geniş yayılıb. E.H)
Nəşr xatırladır ki, ötən ilin sentyabrında İran Səudiyyə Ərəbistanını vurmaq üçün oraya 25 dron göndərmişdi. İran Livan və Yəməndəki müttəfiqlərinin dron arsenalını artırmaq üçün də xeyli iş görüb.
Dron üzrə ən güclü dövlətlər isə ABŞ və Çindir. Dünya hələ indiyə qədər dron baxımından güclü olan iki tərəf arasında müharibə görməyib.
Əlbəttə, dronlar təkbaşına müharibəni uda bilməz, ancaq onlar müharibənin gedişinə ciddi təsir göstərə bilərlər. “Newsweek” belə yazır.
Qeyd edək ki, nəşrə məxsus “Dünya hələ indiyə qədər dron baxımından güclü olan iki tərəf arasında müharibə görməyib” fikri onu deməyə əsas verir ki, dron arsenalı baxımından Ermənistan Azərbaycana böyük hesabla uduzur.
Elbəyi Həsənli, SürixMusavat.com Yazının orijinalı aşağıdakı linkdəhttps://www.newsweek.com/how-azerbaijans-drones-show-what-future-war-looks-like-opinion-1536487
Tarix: 8-10-2020, 07:30