“Ermənistan İsraili neytrallaşdırmaq istəyirdi” - Planı “suya düşdü”




“Bunun üçün bir neçə taktiki gedişdən istifadə etdi. Amma alınmadı”

“İsrail bizimlə strateji tərəfdaşdır. Bu tərəfdaşlığına müharibə başladığı andan etibarən sadiq qaldı”

“Heç bir üçüncü dövlət tərəflər arasında münasibətə xələl gətirə bilməz”


Ermənistan İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırıb. Bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan deyib. “İsrailin Azərbaycana verdiyi dəstək bizim üçün qəbuledilməzdir. Xarici İşlər Nazirliyi bunu nəzərə alaraq İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırmağa qərar verdi”, - Nağdalyan bildirib.

Qeyd edək ki, Ermənistan İsraildə bir aya yaxındır səfirlik açmışdır.

Siyasi analitiklər rəsmi İrəvanın bu addımını birmənalı qarşılamayıblar. Beynəlxalq məsələlər üzrə ekspert, Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli “Sherg.az”a açıqlamasında düşmənin növbəti təxribatının da puça çıxdığını dedi: 

“Ermənistanın əsas məqsədi Azərbaycanın əsas strateji tərəfdaşlarından biri olan İsraili bizimlə münasibətdə neytrallaşdırmaq, belə demək mümkünsə, “əlimizdən almaq” idi. Bunun üçün bir neçə taktiki gedişdən istifadə etdi.

Amma planı “suya düşdü”. İsrail bizimlə strateji tərəfdaşdır. Bu tərəfdaşlığına müharibə başladığı andan etibarən sadiq qaldı.

Heç bir üçüncü dövlət tərəflər arasında münasibətə xələl gətirə bilməz. Düşünürəm ki, qarşı tərəfin bu uğursuz addımı diplomatik etikaya ziddi idi. Azərbaycan, Türkiyə, Pakistan və İsrail gələcəyə yönəlik ciddi addımlar ata bilərlər”.
Neqativ.com
Tarix: 5-10-2020, 22:22
Xəbəri paylaş



Xəbər lenti