ATƏT-in üzvü Minsk Qrupunun həmsədri-Fransa işğalçının yanındadır


Emmanuel Makronun bəyanatı bölgə və beynəlxalq təhlükəsizliyin təmin edilməsinə xidmət etmir. İşğalçı Ermənistan ilə işğala məruz qalan Azərbaycana beynəlxalq hüquq norma və prinsiplərinə görə fərqli münasibət göstərilməli, Ermənistana beynəlxalq təzyiq edilməlidir.
 
Fransa kimi bir dövlətin beynəlxalq hüquqa və Avropa dəyərlərinə zidd olan mövqedə dayanması çox böyük təəssüf hissi doğurur.Sülh danışıqlarını irəli aparmalı və sülh prosesinə təkan verməli olan bir dövlətin münaqişə tərəflərindən birinə-Ermənistana verdiyi dəstək ikili standartdam xəbər verir. Dağlıq Qarabağdakı separatçı rejimi dəstəkləmək qəbulolunmazdır.
Fransanın bu qərəzli və siyasi etik qaydalara sığmayan bəyanatı onu göstərir ki, bu ölkə Minsk Qrupu həmsədri funksiyasını yerinə yetirməkdə psixoloji çətinlik çəkir. Fransa bu missiyasını tərəfsiz olaraq yerinə yetirib-yetirməyəcəyi haqqında xüsusi açıqlama verməlidir. Münaqişənin sülh yolu ilə həll edilməsi üçün vasitəçilik missiyasını yerinə yetirən bir ölkənin prezidentinin Ermənistana və ermənilərə xitabən “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq.” – deyə bəyanat verməsi əsla qəbul edilə bilməz. Bu işğalçı Ermənistanın mükafatlandırmaq və yeni ərazilər işğal etməyə həvəsləndirməkdən başqa heç bir şey demək deyil.
 
Vasitəçi ölkə tərəfsiz və ədalətli olmalıdır. Makronun timsalında Fransa obyektiv və ədalətli vasitəçi reputasiyasını itirdi. Bu bəyanatla Makron Fransanın 30 illik danışıqlar prosesi boyunca tərəflərə fərqli münasibət göstərdiyini ortaya qoydu. 1994-cü ilin dekabrında ATƏT-in Budapeşt Sammitində Minsk Qrupunun mandatı müəyyən olundu. 1997-ci ildə Fransanın Minsk Qrupuna həmsədr kimi təklif olunması bizi sevindirdi.
Makronun son bəyanatı əyani sübutdur ki, biz yanılmışıq. Makronun “Ermənistana və ermənilərə deyirəm, Fransa da öz rolunu oynayacaq.” bəyanatının bir anlamı var: Fransa Azərbaycan torpaqlarının zəbt olunmasının davamında Ermənistan və ermənilərə yardımçı olacaq.
 
Makronun Latviyanın paytaxtı Riqada səsləndirdiyi “Fransa Türkiyənin savaşkar bəyanatından olduqca narahatdır, bu bəyanat Azərbaycan üzərindən məsuliyyəti götürür və Şimali Qarabağı (dediyi kimi) yenidən fəth etməyə imkan verir.” deməsi, Makronun nəinki ədalətli vasitəçi, həm də münaqişənin detalları və tarixi haqqında xəbərdar olmasına şübhə yaradır.
Azərbaycan işğalçıya qarşı Vətən Müharibəsi aparır. Bu savaş Azərbaycanın işğal olunmuş torpaqlarını azad etmək uğrunda Vətən Müharibəsidir. Bu bizim haqq işimizdir. Dağlıq Qarabağ mübahisəli torpaq deyil, Azərbaycanın əbədi, əzəli və beynəlxalq hüquq tərəfindən tanınmış tarixi torpağıdır. Bunu anlamayan vasitəçilərin missiyasına ehtiyac yoxdur. Azərbaycanın Ermənistanın işğal etdiyi torpaqlarını azad etməsi üçün bütün hallarda beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın haqlı mübarizəsinə qərəzli mövqe nümayiş etdirən Qərb dövlətlərinin, institutlarının, həmçinin media qurumlarının fəaliyyətini, onların peşəkarlığın və obyektivliyini ciddi şəkildə şübhə altına almağa hər cür əsas vardır.
Fransa müstəmləkəçi siyasət həyata keçirərək bir sıra qətliamlar, dəfələrlə soyqırımı törətmiş bir ölkədir. Fransanın yaxın tarixinə diqqət yetirdikdə onun soyqırımlarla dolu səhifələrini görməmək mümkün deyil. Əlcəzair xalqı Fransanın hakimiyyəti altında 132 ildə (1830-1962) müstəqillik uğrunda mübarizə aparmış və nəticədə fransızlar tərəfindən 1,5 milyon əlcəzairliyə qarşı soyqırımı həyata keçirib.
 
Fransa Vyetnamda çox böyük soyqırımı həyata keçirmişdir.  Fransanın soyqırımı keçmişi yalnız Əlcəzairlə və Vyetnamla məhdudlaşmır. Fransa üç qitədə olan müstəmləkələrində yerli əhaliyə qarşı soyqırımı törətmiş, əhalini ölkəni tərk etməyə məcbur etmiş, dinlərini dəyişdirmiş və onlara ən adi insani yaşamaq haqqı verməyib.
XIX əsrin 60-cı illərində Fransa əsgəri birlikləri Cibutiyə daxil olur. 1917-ci ildə Cibutidə başlanan azadlıq mübarizəsi qan gölündə boğuldu, 100 minlərlə insan öldürüldü.
Çad torpaqlarının fransızlar tərəfindən işğalı da bu ölkənin törətdiyi soyqırımlar silsiləsinin davamıdır. Ötən əsrin 50-ci illərinin sonlarına qədər fransızlar Çadda soyqırımına davam etmişlər. Fransa Qabon torpaqlarında da soyqırımı həyata keçirmiş, islam dinini qadağan etmiş, din xadimlərini öldürmüş, 10 minlərlə insanı yaşamaq hüququndan məhrum edib.
 
1881-ci ildə Fransa Tunisi işğal etmişdir. Fransızlar burada müqavimət göstərənlərə qarşı amansız terror həyata keçirmişlər. Bu gün Kamerunun ingilisdilli və fransızdilli bölgələri arasındakı savaş Fransanın müstəmləkə dövrünün Afrika ölkələrinə qoyduğu acı mirasdır.
Makrona məsləhət görərik ki, Azərbaycana Dağlıq Qarabağla bağlı məsləhətlər verib uca bəyanatlar səsləndirməkdənsə, Korsika və Bask xalqlarına millətlərin öz müqəddəratını müəyyən etmək prinsipini bəxş etməklə “əsl demokratiya” nümunəsini göstərsin.
Münaqişənin həlli isə Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən qeyd-şərtsiz çıxarılmasından asılıdır və hazırki vəziyyətdə bu yeganə şərtdir.
Azərbaycanın  daim Fransa ilə dostluq münasibətləri yüksək səviyyədə olmuşdur. Məlumdur ki, Ümummilli Liderimiz Heydər Əliyev 1993-cü ildə Prezident kimi ilk səfərini məhz Fransaya etmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevdə 2003-cü ildə dövlət başçısı kimi ilk səfərini Fransaya edib. Azərbaycan Fransadakı tarixi abidələrin bərpası və yenidənqurulması prosesində fəal iştirak edir. Makron hökumətinin tutduğu mövqe ilk növbədə Fransanın maraqlarına ziddir.
 
Naftalan ziyalısı Möhübbət Bədəlov
Tarix: 3-10-2020, 10:08
Xəbəri paylaş



Xəbər lenti