Paşinyanın devrilməsi planı və ya Nikola hörülən Çarukyan papışı


Ermənistanda baş nazir Nikol Paşinyana qarşı 4 sentyabr hadisələri, Çiçəklənən Ermənistan Partiyasının fəallığı ölkənin siyasi düşüncə dairələrində geniş müzakirə predmetinə çevrilməkdədir. Hazırda erməni xalqı sözügedən partiyanın lideri Qagik Çarukyandan “Respublika” meydanında çoxminli mitinq keçirməsini gözləyir. Elə bir mitinq ki, baş naziri “facebook” reallığı”ndan çıxarsın və ötən 2,5 ildə ona münasibətin kökündən dəyişdiyini hiss etdirsin. Hiss etdirməlidir də. Çünki 4 sentyabrda baş verənlər Paşinyanın 2,5 illik hakimiyyəti dövründə bir ilk idi. İlk dəfə idi ki, insanlar kütləvi şəkildə baş nazirin hakimiyyətdən getməsini tələb edirdilər.

Bəli, 4 sentyabr hadisələri Nikol Paşinyanın paytaxt İrəvanda ümumiyyətlə dayağının olmadığını göstərdi. Həmin gün Vaan Babayanın başçılıq etdiyi İslahatçılar Partiyasının təmsilçiləri mərkəzi küçələri dolaşaraq “Nikol yalançı”, “Rədd ol, Nikol” şüarları səsləndirdilər. Ertəsi gün isə Babayan telekanalların birindəki çıxışında bildirdi ki, əslində rəhbərlik etdiyi partiyanın yalnız bir üzvü şüar səsləndirib, insanlar da ona qoşularaq könüllü şəkildə aksiyaya dəstək veriblər. Bu isə onu göstərir ki, Nikol Paşinyanın tərəfdarlarının çoxluğu ilə bağlı irəli sürülmüş tezislər sabun köpüyündən başqa bir şey deyil.

Bəs Çarukyan bu durumda nə etməlidir? Erməni analitiklərin fikrincə, ondan ehtiyatlılıq tələb olunur. Çünki yay arzuolunmaz keçib. Tərəfdarlarının bir çoxu hakimiyyətin təzyiqilə üzləşiblər. Bununla belə o, niyyətindən əl çəkə də bilməz. Həm də nəzərə alaq ki, Çarukyan özü təkbaşına heç nə eləməyib. Ermənistanda Çiçəklənən Ermənistan Partiyasından “Daşnaqsütun”dan və “Ayrenik”dən ibarət üçlük var. Onların arasında liderlik uğrunda mübarizə gedir. Çarukyan geri çəkilsə, digərləri təşəbbüsə yiyələcəklər.



Onu da qeyd etmək lazımdır ki, öncədən “Çiçəklənən Ermənistan”ın yaradılması hakimiyyətlə müxalifət arasında bir növ, siyasi bufer məqsədi daşıyırdı. Belə düşünülürdü ki, məhz bu qüvvə “yuxarılardan” hakimiyyətin tərəfdarı olmayanları müəyyənləşdirərək vahid mərkəzdə birləşdirəcək. Elə adamlar seçilməliydi ki, onların müxalifətə də simpatiyası olmasın. Ancaq sabiq prezident Serj Sarqsyanla məlum konfliktdən sonra “Çiçəklənən Ermənistan”ı hakimiyyətin əlaltısı kimi qələmə verməyə də başladılar...

Ümumən Çarukyan heç vaxt müstəqil siyasi fiqur olmayıb. Həmişə sonradan peşman olacağı addımlar atması ilə seçilib. Ancaq onun yay aylarında səsləndirdiyi iki fikir gündəmdədir. Bunlardan birincisi odur ki, siyasətçi anti-Rusiya ovqatı ilə mübarizə aparmağın zəruriliyini vurğulayıb. İkincisi isə kütləvi mitinqlər keçirmək sözü verib və sonradan mövcud istiqamətdə əməli addımlar atmağa başlayıb.

Əlbəttə, Çarukyanın ölkənin vahid lideri obazında görünməsinə tam mənada real yanaşanlar çox deyil. Digər tərəfdən, hazırda Ermənistan müxalifəti qarşısında dayanan başlıca vəzifə Paşinyana və onun hökumətinə ümumxalq dəstəyi mifini dağıtmaqdır. 4 sentyabr mitinqi göstərdi ki, xalq küçə aksiyaları üçün darıxıb. Ermənistan siyasi analitiklərinin hesablamalarına görə, Çarukyan meydana 20 minə qədər adam toplaya bilər və hadisələrin belə davam edəcəyi Çarukyanın nüfuzunun artması deməkdir.

Hazırda Ermənistanda hakimiyyətə qarşı çoxminli mitinqin təşkil olunacağı bildirilir. Bu mitinq göstərəcək ki, ölkə üçün artıq yeni reallıqlar var. Həmin reallıqlar hakimiyyətin xalq içərisində dayağının yoxluğunun, xalqın hakimiyyətə qarşı alternativ axtarışının subutuna çevriləcəkdir. Konkret desək, xalqın hazırda düşündüyü budur – kim olur olsun, hakimiyyətə qarşı olsun! Necə olursa olsun, Ermənistanda “cib parlamenti” kimi adlandırılan quruluş çöksün!

Bəli, Nikol Paşinyanın devrilməsinin hazırkı spesifikası məhz qeyd etdiyimiz baxışa köklənib. Buna görə də kütlələr Çarukyanın çoxminli mitinqdə tribunaya qalxmasını gözləyirlər. (Baki-Baku.az)
Tarix: 22-09-2020, 21:45
Xəbəri paylaş



Xəbər lenti