Ermənistanın “demokrat” libasına bürünmüş baş naziri ölkədəki ən ciddi rəqibini neytrallaşdırmaq üçün hərəkətə keçdi; çıxılmaz duruma düşən Nikol Azərbaycana qarşı növbəti provokasiyalar törətməklə diqqəti daxildəki proseslərdən yayındırmağa çalışa bilər; Arzu Nağıyev: "Artıq Ermənistanda qarşıdurma özünün pik nöqtəsindədir"
Ermənistanda hakimiyyət böhranı getdikcə dərinləşdikcə, baş nazir Nikol Paşinyan əsas rəqibi, “Çiçəklənən Ermənistan” partiyasına qarşı təzyiqlərini də gücləndirir. Hakimiyyətə əsas iddialı qüvvənin, Ermənistan parlamentində ikinci böyük deputat fraksiyasına malik olan “Çiçəklənən Ermənistan”ın lideri Qagik Tsarukyan 2018-ci ildə N.Paşinyanın tərəfdarlarından olsa da, bu gün onlar arasında düşmənçilik münasibətləri hökm sürməkdədir.Bir neçə ay əvvəl deputat toxunulmazlığından məhrum edilərək həbsə atılan, lakin ittihamların əsassızlığını sübuta yetirərək azadlığa çıxan, fəaliyyətini bərpa edən Tsarukyan Paşinyana qarşı amansız olacağına and içib. Hətta partiyasının toplantısında ölkə hökumətinin bütün sahələrdə uğursuzluqlara “imza atdığını” elan edərək hökumətin tam tərkibdə istefa verməsi tələbini irəli sürən müxalifət lideri cavabında “zorlama” ittihamı ilə üz-üzə qaldı. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan milyonçu fraksiya başçısını kilsənin ərazisində qrup halında zorlama törətməkdə ittiham etdi. Təsəvvür edin ki, N.Paşinyan hətta bu barədə facebookdakı şəxsi səhifəsində də yazıb. “Təhsli naziri ilə razılaşmamaq olmur: əvvəlcə bir əcnəbi qadını kilsəni göstərməyə dəvət edirsən. Bundan sonra çavuş işləyərkən həmin qonaq qadını qarət edir, qrup şəklində zorlayırsan. Bütün bunlardan sonra millət adından milli dəyər və maraqların təmin olunmasından danışırsan”, - Nikol Paşinyan Q.Tsarukyan barəsində yazıb. Ermənistan müxalifətinin lideri, milyonçu deputat Qagik Tsarukyan 1979-cu ildə qrup şəklində zorlamaya görə mühakimə edilib. SSRİ dağıldıqdan sonra məhkəmə ona bəraət qazandırmışdı. Q.Tsarukyanın keçmişi ilə bağlı bu cinayəti ötən gün Ermənistanın təhsil, elm, mədəniyyət və turuzm naziri Araik Arutyunyan istefasını tələb edən “Çiçəklənən Ermənistan” Partiyasının üzvlərinə müraciətində yada salıb. Onun ardınca Nikol Paşinyan facebook səhifəsində nazirə haqq qazandırıb. Q.Tsarukyan ittihamları qəbul etməyərək, iddia edib ki, 22 yaşında onu ləkələmək üçün belə bir ittiham irəli sürülüb.
Ancaq belə görünür ki, 70-ci illərdə baş verən hansısa hadisəyə görə rəqibini susdurmağa çalışan N.Paşinyan Tsarukyandan əl çəkmək niyyətində deyil. Azərbaycanla sərhəddə vaxtaşırı gərginliklər yaratmaqla daxildəki rəqiblərini susdurmağa çalışan Paşinyan müxtəlif yollarla hakimiyyətini möhkəmləndirmək, siyasi rəqiblərini susdurmaq istəyir. Baş nazirin növbəti əcaib planı barədə növbəti məlumatlar yayılıb.Belə ki, Ermənistanın “Joxovurd” qəzeti sensasion material dərc edib. Mətbu nəşr öz mənbəsinə istinadən xəbər verir ki, hakimiyyət Ermənistan parlamentinin sədri Ararat Mirzoyanın rəhbərliyi ilə “Çiçəklənən Ermənistan” fraksiyasının rəhbəri Qagik Tsarukyana elçilər göndərib. Müxalifət liderinə deyilib ki, rəhbərlik etdiyi fraksiyanın bir neçə deputatı mandatından imtina etməlidir. Hakimiyyət elçilərinin əsas arqumenti bu olub ki, “Mənim addımım” fraksiyasının deputatları və ümumiyyətlə, hakimiyyətlə mövcud olan konfliktə son qoymaq üçün buna gedilməlidir.
Qəzetin yazdığına görə, hakimiyyət “Çiçəklənən Ermənistan”ın 7 deputatının mandatdan imtinası şərtini irəli sürüb. Bu sırada adları konkret şəkildə çəkilənlər bunlardır: Qagik Tsarukyan, Eduard Babayan, David Manukyan, Vardan Qukasyan, Gevork Petrosyan, Naira Zoqrabyan. Mandatını təhvil verməsi tələb olunan sonuncu deputatın adı isə açıqlanmır. Lakin N.Paşinyanla sonadək döyüşəcəyini bəyan edən Tsarukyan təklifi rədd edib. Bildirib ki, bu, heç vaxt olmayacaq və rəhbərlik etdiyi partiyanın deputatları mandatlarını təhvil verməyəcəklər.
A.Mirzoyan isə öz növbəsində bildirib ki, başqa variant yoxdur. Paşinyanın elçisinin sözlərinə görə, parlamentdə konkret işlə məşğul olanlar, siyasi fiqurlar təmsil olunmalıdır, ancaq adı çəkilən deputatlar bu meyarlara uyğun gəlmir.
Ermənistan qəzeti parlament sədrinin iddiasına rəğmən xatırladıb ki, insan hüquqları və ictimai məsələlər daimi komissiyasının sədri N.Zoqrabyan siyasi fiqur kimi tanınır.
Erməni jurnalistlər məsələ ilə bağlı parlament sədrinin köməkçisi Vaan Kostanyana müraciət edilsə də, ondan məsələyə cavab ala bilməyiblər. “Çiçəklənən Ermənistan” da məsələni şərh etməkdən yayınıb.Diqqət edin, özünü “inqilab lideri” adlandıran, Qərb dövlətləri qarşısında “demokrat” libasına bürünüb yardım dilənən N.Paşinyanın mahiyyəti budur! Erməni baş nazir parlamentdə ciddi səsə malik olan rəqib partiyanı say azlığında qoymaqla özünə yönəlik təhlükələri aradan qaldırmağa çalışır, ancaq hansı yolla? Artıq heç bir şübhə yoxdur ki, Ermənistanın Qarabağ istiqamətində və cəbhəboyunca vaxtaşırı təxribatlara əl atmasının da arxasında daxili müxalifəti neytrallaşdırmaq planı dayanır. Kəsəsi, Ermənistan hakimiyyəti müxalifəti və bütövlükdə xalqını Azərbaycanla qorxutmaq üçün silahları işə salır, itkilər versə də...
Deputat, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyaya qarşı mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Yeni Müsavat”a dedi ki, Paşinyan müxalifət deputatlarını tərksilah etmək istəyir: “Son vaxtlar Ermənistan parlamentində istefalar artıb. Bu həm iqtidar, həm də müxalif partiyalara aiddir. İqtidar partiyası olan ”Mənim addımım" dan gedənlər əsasən bir sıra arqumentlər gətirirlər. Bəziləri bunu icra strukturlarında işlə təmin olunmaqlari ilə izah etsə də, digərləri səbəbin hökumətin apardığı iqtisadi və siyasi islahatların effektsizliyindən narazı olduqlarında gördüklərini deyirlər. Eyni zamanda tənəzüllə uğrayan islahatların gələcəkdə cavabdehliyində ittiham olunmaqdan qorxduqları üçün edildiyini də qabardırlar. Buna paralel olaraq iqtidar partiyası da “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyan və digərlərinə də istefa təklifi ediblər. Bu həm say çoxluğunun əldə edilməsi, eyni zamanda, Tsarukyanın mandatının əlindən alınması üçün edilir. Həm də bununla “Mənim addımım” və “Çiçəklənən Ermənistan” partiyası və eyni zamanda hökumətlə narazılığa son qoyulması üçün edilir".
A.Nağıyev bildirdi ki, “Çiçəklənən Ermənistan” partiyasının 7 deputatının istefası tələb olunur, bu da ciddi rəqabət mühiti formalaşdıra bilər: “Təbii ki, Tsarukyan buna getməyəcək və artıq bəyanat da verib. Lakin cəmiyyətdə belə bir fikir formalaşdırılar ki, guya parlamentdə əsasən siyasi fiqurlar olmalıdırlar və biznes mühitinin nümayəndələri buradan uzaqlaşmalıdırlar. Artıq Ermənistanda qarşıdurma özünün pik nöqtəsindədir”.
Beləliklə, N.Paşinyan indi təkcə “Qarabağ klanı”na qarşı döyüşmür. İndi onu bivec hakimiyyətini əlində böyük məbləğdə pullar olan əsas müxalifəti partiyasının rəhbəri Q.Tsarukyan, həmçinin Ermənistanın birinci prezidenti Levon ter-Petrosyanın rəhbərlik Erməni Milli Konqresi açıq şəkildə təhdid edir. Bu gedişlə Paşinyan hakimiyyəti payızdan çıxmaya bilər.
Ekspertlər bildirir ki, Paşinyan belə bir çıxılmaz duruma düşdüyü üçün növbəti dəfə Azərbaycana qarşı təxribatlara əl atıb, daxildəki rəqiblərinin diqqətini yayındırmağa çalışa bilər.
Tarix: 19-09-2020, 08:36