83 yaşlı ağbirçək baronessa Kerolayn Koks hələ 30 il əvvəl Yelena Bonnerin səyləri ilə haqq yolunu azaraq, ermənidən daha çox erməniyə çevrilib... Onun bundan sonra haqqa-ədalətə doğru addım atacağı o qədər də inandırıcı görünmür...
Bəzən hər kəsin yanında yer alan, maraqlarına uyğun gələn bütün mövqeləri dəstəkləyən, sürüşkən mənafe daşıyıcısı olan şəxsləri “ingilis bayrağı” adlandırırlar. Və bu, qətiyyən səbəbsiz deyil.Məsələ ondadır ki, ingilislərin bayrağı dünyanın bir çox ölkələrində dalğalanmaqla məşhurdur. Onların müstəmləkəçi-imperialist dünyagörüşü Böyük Britaniyanın siyasi iradəsinin az qala bütün planetə yayılmasına səbəb olmuşdu.
Onu da qeyd edək ki, Böyük Britaniya üçün dünyada əsas beynəlxalq düşmən rolunda məhz Osmanlı İmperiyası çıxış edirdi. Böyük Britaniya dünya üzərində hegemonluq savaşında məhz Osmanlı İmperiyasını əsas rəqib hədəflərdən biri hesab edirdi.
Maraqlıdır ki, Böyük Britaniyanın Cənubi Qafqaz siyasətində də Osmanlı İmperiyasına qarşı düşmənçilik əsas müəyyənləşdirici faktorlardan biri idi. Əsas hədəf kimi isə Osmanlı İmperiyasının parçalanması və əvəzində Böyük Britaniyanın könüllü vassallarına çevriləcək xirda dövlətlərin yaradılması ön planda tutulurdu.
Təbii ki, Böyük Britaniyanın Osmanlıya qarşı düşmənçiliyində məhz ermənilər həmişə əsas alətlərdən biri rolunda çıxış ediblər. Ona görə də ermənilər Böyük Britaniya və Osmanlıya qarşı düşmənçilik maraqları ingilislərlə uyuşan Çar Rusiyası tərəfindən Cənubi Qafqaz regionuna köçürülüb, burada tampon bölgə yaradılması da gələcəyə yönəlik geopolitik maraqlardan qaynaqlanırdı.
Geostrateji baxımdan, Cənubi Qafqaz İngiltərə üçün böyük əhəmiyyətə malik idi. Xüsusilə də Azərbaycanın, onun iri sənaye-maliyyə mərkəzi olan Bakı üzərində nəzarətin ələ keçirilməsi və Xəzər limanının zəbt olunması cəhdləri ingilis siyasətinin prioritet istiqamətləri sırasındaydı.
Eyni zamanda, bu, ingilislərin ümumilikdə Avrasiya ilə bağlı əsas geosiyasi konsepsiyasına da uyğun gəlirdi. Xəzər dənizinə sahib olmaq təkcə Qafqaza deyil, eyni zamanda Mərkəzi Asiyaya nəzarəti ələ keçirtmək, Hindistana gedən yolu qorumaq şansı demək idi.
Ermənilərin Cənubi Qafqazda yerləşdirilməsinin əsas səbəbi məhz də bu geostrateji hədəflərdən qaynaqlanırdı. Ona görə də, ermənilər nə qədər min illik tarixdən dəm vursalar da, “faktların qəddarlığı” qarşısında acizdirlər. Yəni onların Cənubi Qafqazda peyda olmasının tarixi 150-200 ildən uzağa getmir.
Ancaq Rusiyada bolşeviklərin hakimiyyəti ələ keçirtməsi ingilislərin uzaqgedən planlarını pozdu. Bolşevik Rusiyası Cənubi Qafqazı da öz ərazisinə qatdı. Bununla da ingilis bayrağı Cənubi Qafqazda dalğalanmadı.
Keçmiş SSRİ-nin dağılmasından sonrasa, ingilislər ötən əsrdə əldə etdikləri şansı bir daha qazana bilmədilər. Çünki zaman və şərtlər ciddi şəkildə dəyişmişdi. Rusiyanın maraqları artıq ötən əsrdə olduğu kimi, ingilislərin hədəfləri ilə kəskin ziddiyyət təşkil edirdi.
Üstəlik, bu regionda artıq Cənubi Qafqaz uğrunda Rusiya ilə əsas rəqbətin avanqardı rolunda məhz ABŞ çıxış edirdi. Yəni, bu regionda yenə ingilis bayrağına yer yox idi.
Ancaq nə qədər qəribə də olsa, ingilislər erməniləri himayə etmək vərdişlərindən heç vaxt imtina etməyiblər. Onlar müxtəlif “nüfuzlu şəxslər”in üzərindən “erməni məsələsi”ni həmişə öz əllərinin altında saxlamağa çalışıblar. Belə “nüfuzlu şəxslər”in ən “parlaq” təmsilçilərindən biri də məhz baronessa Kerolayn Koks sayılır.
Böyük Britaniya Parlamentinin Lordlar Palatasının üzvü olan bu qadın hazırda 83 yaşındadır. Bu qadın Azərbaycanda qatı ermənipərəstliyi ilə tanınır. Və hətta Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə dəfələr qeyri-qanunu səfərlər etdiyinə görə XİN-in "persona non qrata" elan olunmuş şəxslərin siyahısına da salınıb.
Gəncliyində tibb bacısı olsa da, daha sonra sosioloq ixtisasına yiyələnib, hüquq müdafiəçisi statusunda fəaliyyət göstərir. Dünyagörüşü sosialist ideologiyası və xristian təəssübkeşliyi üzərində formalaşıb.
Onun “erməni sevgisi”nin arxasında da məhz bir xristian təəssübkeşi kimi türk-müsəlman dünyasına olan dərin nifrəti gizlənir. Və bu ağbirçək qadın 1992-ci ildən üzübəri Ermənistan-Britaniya parlament qrupunun sədridir. Eyni zamanda Andrey Saxarov Fondunun Məsləhətçilər Şurasının üzvüdür.
Onun arxasında türk-müsəlman düşmənçiliyi yatan “erməni sevgisi”nin əsas səbəbini də məhz bu məqamda axtarmaq lazımdır. Belə ki, Andrey Saxarovun arvadı erməniəsilli Yelena Bonner olub.
Keçmiş SSRİ-nin son illərində Moskvaya konfransa dəvət edilən baronessa Kerolayn Koks həmin Yelena Bonner tərəfindən hərtərəfli diqqətlə əhatə olunub. Sonrakı illərdəsə, bu iki qadın ortaq maraqlar çərçivəsində ən yaxın rəfiqə münasibətləri qura biliblər.
Maraqlıdır ki, baronessa Kerolayn Koksun Dağlıq Qarabağa ilk səfərini də məhz Yelena Bonner təşkil edib. A.Saxarovun arvadı baronessa Kerolayn Koksu əvvəlcə Zori Balayanla tanış edib. Ardıncasa, onları bir-birinə qoşub, Dağlıq Qarabağ ərazisinə göndərib. Ümumiyyətlə, baronessa Kerolayn Koksun Dağlıq Qarabağa 80-dan çox səfərinin hər birində Zori Balayan onu müşayiət edib. Beləliklə də, baronessa Kerolayn Koks ermənidən daha çox erməniyə çevrilib.
Bir müddət öncəsə, bu qadın növbəti dəfə özünün “fəxri erməni”liyini nümayış etdirib. Belə ki, 83 yaşlı bu ermənipərəst qadın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində fəaliyyət göstərən qanunsuz rejimin 29 illiyi münasibəti ilə qondarma quruma təbrik məktubu göndərib. Bununla da özünü hüquq müdafiəçisi hesab etsə də, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı hüquqlarına hörmətsizlik göstərib.
Məsələ ondadır ki, bu qadın öz cəfəngiyyat dolu məktubunda çox güman ki, illərboyu ermənilər tərəfindən təqdim olunan məlumatlardan yararlanıb, tarixi və reallıqları kobud şəkildə təhrif edib. Hətta bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş hərbi təxribatın məsuliyyətini də məhz Azərbaycanın üzərinə atmağa çalışıb, Azərbaycanın Ermənistana qarşı nifrət siyasəti apardığını iddia edib.
Təbii ki, bu ermənipərəst qadının Azərbaycana qarşı düşmənçiliyi qətiyyən cavabsız qalmayıb. Belə ki, Azərbaycanın Böyük Britaniyadakı Fövqəladə və Səlahiyyətli səfiri Tahir Tağızadə baronessa Kerolayn Koksa cavab məktubu yazaraq, ona etirazını bildirib:
“Sizin - Britaniyanın Lordlar Palatası kimi mötəbər bir qurumun üzvü, eləcə də sözdə sülh, ədalət və mənəviyyat təəssübkeşi olan bir şəxsin - məktubunun mənə erməni propaqandası tərəfindən istifadə olunan qızışdırıcı ritorikanı xatırlatması son dərəcə təəssüf doğuran haldır”.Azərbaycanın Böyük Britaniyadakı Fövqəladə və Səlahiyyətli səfiri Tahir Tağızadə...Azərbaycan səfiri, bütün həqiqətləri faktlara dayanmaqla, ən xırda detallarına qədər izah edərək, ermənipərəst baronessaya xatırladıb ki, fantaziyalardan fərqli olaraq, reallıqların alternativi olmur:
“Bu mənada, məktubunuzda təklif etdiyiniz “alternativ reallıqlar” sadəcə, mümkünsüzdür”.Eyni zamanda, Azərbaycan səfiri baronessaya emosiya və aldatmacaları bir kənara qoymağı da məsləhət görüb. Əlbəttə, Azərbaycan səfiri öz cavab məktubuyla diplomatik missiyasını yerinə yetirib.
Ancaq 83 yaşlı baronessa Kerolayn Koks hələ 30 il əvvəl Yelena Bonnerin fitnə-fəsadları ilə yüklənib. Ona görə də, haqq yolunu azaraq, ermənidən daha çox erməniləşmiş bu ağbirçək qadının ömrünün son mərhələsində haqqa-ədalətə doğru addım atacağı o qədər də inandırıcı görünmür.
Elçin XALİDBƏYLİ,Siyasi ekspert,“Yeni Müsavat” Media Qrupu
Tarix: 16-09-2020, 06:58