“Minskin bu təcridxanasındakı işgəncələr Hitler konslagerlərindəki dustaqlara verilən cəzalara bənzəyir...”
Belarus paytaxtı Minskin Okrestin küçəsindəki qanun pozucuları üçün saxlanma mərkəzində dolma nisbəti yüzdə yüzə yaxındır.
Moderator.az “İnterfaks”a istinadla xəbər verir ki, bu barədə yerli “STV” telekanalının efirində qanun pozucularının təcrid olunması mərkəzinin rəhbəri Yevgeni Şapetko danışıb.
Onun sözlərinə görə, təcridxanadakı 110 yerdən 109-u tutulub. Həbsdə olanların əksəriyyəti "kütləvi tədbirlərin keçirilməsi prosedurunu pozanlar"dır.
Şahidlərin və Minskdə tutularkən müxtəlif xəsarət alan insanların əvvəllər də jurnalistlərə dediyi kimi, yalnız kişilər deyil, qadınlar və yeniyetmələr də polis bölmələrində və “avtozak”larda(cinayətkarların aparıldığı xüsusi avtomobillər) döyülmənin qurbanı olublar.
Okrestin təcridxanasındakı işgəncələr isə Hitlerin Auşvitz-Birkenau toplama düşərgəsindəki dustaqlara verilən cəzalara bənzəyir. Buna görə də belə təcridxanaları “işgəncə təcridxanaları" adlandırırlar.
Sentyabrın 1-də BMT Belarusda yalnız 9 avqustda - etirazların ilk günü yüzlərlə insana qarşı işgəncə və kobud rəftar olaylarının qeydə alındığını, xüsusi avadanlıqların istifadəsi ilə amansız basqıların isə 12 avqusta qədər davam etdiyini açıqlayıb. Ümumilikdə etirazların ilk günlərində təxminən 7 min adam həbs edilib, 4 nəfər qətlə yetirilib.
Dünən - sentyabrın 13-də isə Minskdə keçirilmiş etiraz mitinqində 400 Belarus vətəndaşı saxlanılıb.
Xatırladaq ki, Belarusda etirazlar ikinci aydır davam edir. Narazı vətəndaşların əsas tələblərindən biri ölkənin bütün rəhbərliyinin istefası və təkrar prezident seçkilərinin keçirilməsi ilə yanaşı, ilk mitinqlərin vəhşicəsinə dağıdılmasında və məhbuslara işgəncə verilməsində iştirak edən təhlükəsizlik əməkdaşlarının məsuliyyətə cəlb olunmasıdır.
Sultan Laçın
Tarix: 14-09-2020, 08:24