Sabiq dövlət başçısının Gürcüstana qayıdış və hökumətə rəhbərlik arzusu birmənalı qarşılanmır Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili bugünlərdə yeni açıqlama ilə çıxış etdi. Bildirdi ki, ölkəsində müxalifət qalib gəlsə, o, Baş Nazir olmağa hazırdır, özü də yalnız iki il müddətinə hakimiyyətdə olmağa iddia edir.
"Vahid Milliyətçi Hərəkat Partiyası və bir sıra digər insanlar Gürcüstanın Baş Naziri olmağım barədə məsələ qaldırdılar. Bu barədə çox düşünürəm və bu funksiyanı öz üzərimə götürməyə hazıram, ancaq hakimiyyətə gəlməkdən ötrü darıxdığım üçün yox. Həqiqətən darıxmıram və demək istəyirəm ki, maksimum iki il Baş Nazir olmaq fikrim var. Bu iki ildə ölkəni bataqlıqdan çıxarmaq və çox sürətlə inkişaf etdirmək üçün kifayət edəcək, buna əminəm”, - sabiq dövlət başçısı dedi.
“Məndən Gürcüstana nə vaxt qayıdacağımı soruşurlar. Qarşıdurmaya və hər hansı bir narahatlığa səbəb olmayacaq şərtlər altında gələcəyəm. Hər şeyin dinc olması çox vacibdir. Bir vaxtlar hakimiyyəti dinc yolla təhvil verdim və həqiqətən iğtişaşlarla hakimiyyətə gəlmək fikrində deyiləm. Ancaq hamımız bir fikirdəyik ki, Gürcüstanı xilas etmək lazımdır. Buna görə məsuliyyətdən yayınmıram. Mütləq sizinlə birlikdə sevimli Vətənimiz Gürcüstanı ayaq üstə qaldıracağıq. Səhvlərimə görə, yenidən səmimi olaraq üzr istəmək istəyirəm, amma üzr kifayət deyil. Əsas səhvlərin düzəldilməsidir. Səhvləri düzəldə bilmək istəyirəm ", - Saakaşvili vurğuladı.
Görəsən, bu sözləri necə yozmaq olar? Bəlkə də, Saakaşvili bu sözlərlə öz partiyasına diqqət çəkmək, potensial seçicilərini səfərbər etmək üçün manevr edir. Üstəlik, həbs olunmaq təhlükəsi olmasydı, Baş Nazir olmaq şansı əldə edən Saakşvili, doğrudanmı 2 il içində Gürcüstanı indikindən daha yaxşı bir vəziyyətə gətirə bilər?
AYNA mövzuya dair qonşu ölkənin siyasi şərhçilərin münasibətlərini öyrənib.
Azad Rusiya Fondunun Cənubi Qafqazdakı Nümayəndəliyinin rəhbəri Yeqor Kuroptev:“Saakaşvilinin Baş nazirlik iddiası, keçmiş Prezidentin özünün və partiyası olan Vahid Milli Hərəkatın (VMH) seçki kampaniyasının kifayət qədər ciddi bir vasitəsidir. Beləliklə, VMH daha çox seçicini seçki məntəqələrinə cəlb etmək üçün seçki prosesini radikallaşdırır. Saakaşvilinin Gürcüstanda ciddi mənfi reytinqini göstərən rəsmi anket rəqəmlərini nəzərə alsaq, hələlik nəyisə əminliklə söyləmək çox tezdir. Saakaşvilinin partiyasının rəhbərlik etdiyi müxalif “Güc birlikdədir” blokunun Gürcüstan vətəndaşlarını daha çox və daha yaxşı iş görə biləcəyinə inandırması üçün iki aydan az vaxt var.
Hazırkı durumda hakim partiya, təxminən 30%, VHM 16% reytinqə malikdir. Düşünürəm ki, VHM seçkilərdə səslərin 25%-ni toplaya biləcək və onların bloku kifayət qədər ciddi mövqelər əldə edəcək. Bu vəziyyətdə Saakaşvilinin Baş Nazir olması, yumşaq desək, eks-prezidentə dəstək olmaq istəməyən digər müxalifət partiyalarından asılı olacaq.
Ancaq bir daha xatırlatmaq istəyirəm ki, bu seçkilər İvanişvili üçün daha vacibdir, çünki mövqelərini itirəcəkləri təqdirdə, onun və yoldaşlarının çoxu ən yaxşı halda Gürcüstanı tərk etməli olacaqlar. Onların həqiqi müxalifət ola biləcəyindən isə söhbət belə, gedə bilməz. Beləliklə, mövcud hakimiyyət konstitusiya çoxluğu qazanmasa da, heç olmasa, iqtidarı əlində saxlamaq üçün hər şeyi edəcək. İndiyə qədər bunun üçün hər şeyə sahibdirlər, çünki hazırkı Baş Nazir epidemiya zamanı effektiv idarəetməyə görə, 60 faizlik müsbət reytinqlə ölkənin ən populyar siyasətçisidir.
Nəsə söyləmək hələ tezdir, lakin seçkilərin nəticəsi, həqiqətən hakimiyyət və müxalifətin əllərindəki “kozır”lardan nə qədər səriştəli istifadə etmələrindən asılıdır. Bu günə olan vəziyyətə görə, mən mövcud iqtidara “stvaka” edərdim. Yaxşı və ya pis olduğu üçün deyil, mövcud göstəricilər, içəridən gələn məlumatlar olduğu üçün, müxalifətin özündə dağılma baş verdiyi üçün. Əlbəttə, Gürcüstan üçün krallarsız koalisiya hökuməti ən yaxşı seçimdir. Ancaq bu, seçicilərin ixtiyarındadır.
Saakaşvilinin nələr edə biləcəyini müzakirə etmək istəmirəm. Müxalifət və koalisiya hökuməti 2 ildə çox şey edə bilərdi. Ən azından güc və elitaların dəyişməsi həm iqtisadiyyata, həm də sosial sahəyə fayda gətirəcəkdi. Başındakı tac hər zaman ölkənin inkişafına zərər verir. İqtisadiyyat yüksəldilməli, təhlükəsizlik gücləndirilməli, tərəfdaşlarla münasibətlər yaxşılaşdırılmalıdır və s. Bunu kimin edəcəyini və ya etməyəcəyini 2 aydan az müddətdə görəcəyik”.
Siyasi və hərbi elmlər doktoru Vaxtanq Maisaya:“Saakaşvilinin bu çıxışı, sadəcə ucuz təbliğat, ucuz piardır. Çünki əslində, o, siyasi bir meyitdir və nə edəcəyini bilmir. Ukraynada “çəki itirdi”. Dedikləri, siyasi qoxubilmə xüsusiyyətini itirmiş bir insanın aqoniyasıdır. Çıxışında konkret bir şey demədi. Məsələn, Gürcüstana necə və nə ilə gələcəyi və ümumiyyətlə gəlib-gəlməyəcəyi barədə heç nəyi dəqiqləşdirmədi.
İndi Sakkaşvili 1945-ci ilin aprel ayının sonunda bunkerdəki Hitlerə bənzəyir. Artıq nə dediyini bilmir. Məncə, onun sözlərini ciddiyə almağımız lazım deyil. Hipotetik olaraq bacardığı, maksimum Ukrayna sərhədini keçidini burada təkrarlamaqdır - bu dəfə Türkiyədən. Ancaq düşünürəm ki, bu addım Ostap Benderin Rumıniya sərhədini keçməyə necə çalışdığına bənzəyəcək.
Saakaşvili Baş Nazir seçiləcəyi təqdirdə, bu vəzifədə cəmi 2 il çalışacağını vəd edərək, Bidzina İvanişvilini kopyalamağa çalışır. Bundan əlavə, Saakaşvilinin üzərindən cinayət məsuliyyəti götürülməyib. Hələ də ona qarşı çıxarılan məhkəmə hökmləri ilə əlaqədar axtarışdadır. Yəni ölkəyə giriş onun üçün təhlükəlidir. Bundan əlavə, Saakaşvili vətəndaşlıqdan könüllü imtina etdiyi üçün, artıq Gürcüstan vətəndaşı deyil və qanunlarımıza uyğun olaraq, yüksək dövlət vəzifələrini tuta bilməz.
Yəni nəyə güvəndiyini qiymətləndirmək çətindir. VMH qarşıdakı seçkilərdə, maksimum 12% səs ala bilər. Onun bu gün müxtəlif partiyalarda olan keçmiş ortaqları onu qətiliklə dəstəkləmirlər. Müxalifətdə də ciddi bir inam yoxdur.
Keçmişdə görülən işlər sayılmır. Gürcüstan xalqının əksəriyyəti üçün o, 7 noyabr 2007 və 26 may 2011-ci il tarixlərində nümayişin qanlı bir şəkildə dağıdılmasını həyata keçirən bir diktatordur. Onun rəhbərliyi dövründə, təxminən 140 nəfər öldürüldü və 300 min nəfər onun "konsentrasiya düşərgələrindən" keçdi. Onun həbsxanalarında 200 siyasi məhbus vardı. İşgəncə gördülər, aclıq çəkdilər, öldürüldülər. Məsələn, avqust müharibəsinin qəhrəmanı, Xarici Kəşfiyyat Xidmətinin polkovniki Sergo Tetradzenin öldürüldüyü kimi”.
Tarix: 9-09-2020, 22:06