Türkiyə Birləşmiş Ərəb Əmirliklərinin rəhbəri Məhəmməd bin Zayd Ən-Nehyanın müşaviri Məhəmməd Dahlanı həbs etmək istəyir.Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı “Middle East Monitor” saytı məlumat yayıb.
Xəbərdə rəsmi Ankaranın M.Dahlanın həbsi ilə əlaqədar İnterpola sorğu göndərdiyi bildirilir. Məhəmməd Dahlan casus şəbəkələr yaratmaq, habelə 2016-cı ildə hərbi çevrilişdə iştirak etməkdə günahlandırılır.
Türkiyədə M. Dahlan ən çox axtarılan cinayətkarların arasında göstərilir. Onun harada olduğunu bilənə 10 milyon türk lirası (1 milyon 356 min ABŞ dolları) pul mükafatı vəd olunub.
Məhəmməd Dahlan 1961-ci ildə Qəzza sektorunun Xan-Yunis bölgəsində anadan olub. Gənclik çağlarından “Fələstin azaldığı uğrunda” təşkilata qoşulan Dahlan burada yüksələrək bir sıra vəzifələr tutub. Onun 5 il İsrail həbsxanalarında qaldığı bilinir.
Fələstin və İsrail arasında bağlanan Oslo sazişindən (1993) sonra M.Dahlanın muxtariyyət içində nüfuzu daha da artıb. Məhz bu anlaşmadan sonra onun İsrail kəşfiyyatı və “Mossad”la yaxınlaşdığı təsbit edilib. Həmin vaxtlarda o, bir müddət Yasir Ərəfatın təhlükəsizlik məsələləri üzrə müşaviri olub.
Xarici mətbuat İsrail və BƏƏ arasında qarşılıqlı diplomatik münasibətlərin qurulmasında və rəsmi Əbu-Dabinin İsraili dövlət olaraq tanımasında xüsusi rol oynadığını qeyd edir.
Bəzi müşahidəçilər Fələstin əsilli kəşfiyyatçısının Türkiyənin məşhur “Eşkiya dünyaya hökmdar olmaz” serialında hələ ki, göstərilməsə də adı çəkilən qüdrətli “Dahlan” xarakterinin prototipi olduğunu bildirirlər.
Tarix: 24-08-2020, 22:19