SABAH ƏRDOĞAN XALQA ŞAD XƏBƏR VERƏCƏK –"Türkiyə bu günü deyil, gələcəyini düşünür"


Çağan Koç, Selcan Hacaoğlu, Əsli Kandemir
“Bloomberg”, 20.06.2020
 
Türkiyə Qara dənizdə enerji mənbəyi tapıb, çox güman ki, bu, təbii qazdır. Məsələni bilavasitə bilən 2 nəfər yatağın həcmi, dərinliyi, qazın nə qədər çətin hasil ediləcəyi barədə heç bir məlumat verməyib.
Prezident Rəcəb Tayyib Ərdoğan Cümə günü türklərə millət üçün yeni bir dövr açacaq “şad xəbər” çatdıracağını vəd edib. O, həmçinin Avropa İttifaqı ilə aralarındakı mübahisəyə səbəb olan Aralıq dənizi sularında enerji kəşfiyyatını davam etdirməyə söz verib.
Prezidentin ofisi əlavə şərh verməkdən imtina edib.
Bu xəbərdən sonra lirənin məzənnəsi dollara nisbətdə yüksəlib və Çərşənbə axşamı 1.2% artım qeydə alınıb. İstanbul Birjasında da Ərdoğanın bəyanatından sonra 3% artım olub, “Türkiye Petrol Rafinerileri AS” və ya “Tupras”, neft kimya istehsalçısı “Petkim Petrokimya Holding AS” səhmləri müvafiq olaraq, qiymətdə 7,6% və 9,9% yüksəlib.
Enerji naziri Fatih Dönmez keçən ay “Fatih” qazma gəmisinin Türkiyənin Ereğli şəhərindən kənarda yerləşən “Tuna-1” adlanan zonada kəşfiyyata başladığını söyləyib.
“Qara dənizdə əvvəllər ancaq məhdud miqyasda qaz kəşfləri olub, – Londondakı “BlueBay Asset Management LLP”-nin strateqi Timoti Eş “Twitter”-də bildirib. – İllik 35-50 milyard dollarlıq enerji idxalını nəzərə alsaq, Türkiyənin oyun dəyişdirməsi üçün böyük bir şeyə ehtiyacı var”.
Bazarda baş verən sarsıntılar lirəni məzənnədə dollara qarşı rekord səviyyəyə endirib, lakin Mərkəzi Bank borc xərclərini azaltmağa davam edən Ərdoğanı qəzəbləndirə biləcək meyar faiz dərəcəsindəki dəyişikliyin qarşısını almaqla, gizli şəkildə siyasəti sərtləşdirməyə üstünlük verib.
Mərkəzi Bankın siyasət komitəsi dərəcələri nəzərdən keçirmək üçün Cümə axşamı günü toplaşacaq.
“Tuna-1” Türkiyə sahillərindən təqribən 150 kilometr uzaqlıqda yerləşən, Bolqarıstan və Rumıniyanın dəniz sərhədlərinin yaxınlığındakı ərazidir. O, Rumıniyanın “Neptun” blokundan uzaqdadır, bu, Qara dənizdə 10 il əvvəl “Petrom” və “Exxon” tərəfindən tapılmış ən böyük qaz yatağıdır.
“Fateh” gəmisi Türkiyə Hərbi Dəniz Qüvvələrinin saytındakı məlumata görə, iyulun ortalarından bəri “Tuna-1” sahəsində qazma işləri aparır.
Rumıniyada dayaz su qazı layihələri var, lakin buna qədər 8 il əvvəl “OMV Petrom SA” tərəfindən tapılan böyük bir dərin su mənbəyi istifadəyə verilməlidir.
“Carlyle Group” tərəfindən dəstəklənən bir şirkət 2021-ci ildə qaz hasil etmək üçün Rumıniya ərazisini araşdırır.
“Rosneft” Qara dənizin Rusiya hissəsində araşdırma aparıb, lakin konkret nəticə əldə etməyib.
“Merkel Enerji Consalting”-in icraçı direktoru Kristof Merkel bildirib: “Bolqarıstan, Ukrayna, Yunanıstan bu qazı almaqda çox maraqlı ola bilər. Əgər Türkiyə onu ixrac etmək istəsə… Kəşfin həcmindən asılı olaraq, ən azı “TürkStream”-in bir tranşının boş olacağını gözləyirəm. Türkiyə niyə Rusiyadan qaz idxal etsin ki?”
Qaz nəhəngi “Qazprom PJSC” Türkiyədəki bazar payını artırmaq və tranzit yolu olaraq Rusiyanın Ukraynadan asılılığını azaltmaq üçün Qara dənizin altından “TurkStream” boru kəmərini çəkib.
Yeni kəşf Ankaranın mübahisəli sularda neft-qaz axtarışı apardığı Aralıq dənizinin şərqində Yunanıstan və Kiprlə ərazi münaqişəsi fonunda ortaya çıxıb. Fransa Türkiyənin addımlarını qarşısını almaq üçün müvəqqəti olaraq hərbi mövcudluğunu artırıb və Almaniya kansleri Angela Merkel Çərşənbə günü Aİ-nin gərginliyin artmasından narahat olduğunu bildirib.
Ankara Aralıq dənizi sularındakı axtarışları artırıb, Yunanıstanın Almaniyanın vasitəçiliyi ilə apardığı danışıqlar süquta uğrayıb. Afina qisas olaraq Misirlə dəniz sərhədlərini müəyyənləşdirib. Ərdoğan Avropadakı təzyiqin onu fikrindən daşındırmayacağını bildirib.
Türkiyə ada ətrafında qaz ehtiyatlarına görə Kiprlə mübahisə aparır. Kipr Respublikası Aİ-yə üzv dövlətdir və rəsmi olaraq bütün ada üzərində suverenliyə malikdir. Yalnız Ankaranın tanıdığı şimaldakı türk azlığının qondarma dövləti sahillərində aşkar edilən istənilən enerji qaynağına hüququ olduğunu iddia edir.
Aİ liderləri Aralıq dənizinin şərqindəki vəziyyəti müzakirə etmək üçün sentyabr ayına fövqəladə iclas planlaşdırıb və məsələlərin həll edilməməsinin vacibliyini qeyd ediblər. Çərşənbə günü videomüraciət zamanı 27 dövlət və hökumət başçısı Yunanıstan və Kiprlə tam həmrəy olduğunu dilə gətirib və qanunsuz qazma işləri ilə bağlı əvvəlki nəticələri xatırladıb.
Ərdoğan Aralıq dənizi ölkələrini bir araya gəlib mübahisələri həll etməyə çağırıb. Avqustun 28-dək davam edəcək hərbi təlimlər fonunda prezident bildirib: “Türkiyənin Aralıq dənizindən Liviyaya qədər mübarizəsi onun hüquqları deyil, gələcəyi ilə əlaqədardır”.
Tərcümə: Strateq.az
Tarix: 20-08-2020, 13:18
Xəbəri paylaş



Xəbər lenti