Putin “Rosqvardiya”nı Belarusa yeritdi?



Rusiyanın ötən gün etiraz aksiyalarını dağıtmaq üçün Belarusa qüvvə göndərdiyi barədə xəbərlər və görüntülər yayılıb. Virtualaz.org xəbər verir ki, “Conflict İntelligence Team” (CİT) araşdırma qrupu bir neçə KİV-də, habelə sosial şəbəkələrdə yayılmış görüntüləri və xəbərləri analiz edərək bu nəticəyə gəlib.
Belə ki, avqustun 16-da “Paris Burns” Telegram-kanalında pəncərələrində dəmir barmaqlıqlar olan yük maşınları kalonunun hərəkət etdiyinə dair görüntülər yayılıb. Videonun təsvirində qeyd olunur ki, kadrlar Leninqrad vilayətində çəkilib, texnika Sankt-Peterburqdan Belarusla sərhəddəki Luqaya tərəf gedir. Çəkiliş yeri Belarus sərhədindən 400 kilometr məsafədədir.

CIT bu kadrlardan Rusiya OMON-un texnikasını tanıyıb. Lakin bildirilir ki, maşınlarda markirovka və nömrə nişanları yoxdur.
Sankt-Peterurqdan Belarusla sərhədə yaxın Pskova hərəkət edən kalon haqda “Fontanka.ru” saytı da oxuculara istinadən yazıb. Oxuculardan biri bildirib ki, yolda 30-40 maşından ibarət karvanla qarşılaşıb. Qərb hərbi dairəsinin mətbuat xidmətindən bildiriblər ki, kadrlardakı texnika onların silahlanmasında yer almır. Nəticədə texnikanın “Rosqvardiya”-ya məxsus olduğu ehtimalı artır.

Habelə dünən axşam “Meduza” saytı da özünün Telegram-kanalında oxuculardan daxil olmuş fotonu yerləşdirib. Bu kadrlarda M1 şossesi ilə Belarusa tərəf hərəkət edən hərbi yük maşınları görünür. Oxşar kadrları Tvitter-də jurnalist Vasili Maksimov da yerləşdirib. CIT kadrları analiz edərək belə qənaətə gəlib ki, koordinatlar Smolenskdən cənubu, Belarus sərhədlərindən 83 kilometr məsafəni göstərir.
Eyni zamanda YouTube-də dərc edilmiş iki videoda da Belarusa tərəf hərəkət edən açıq-boz rəngli “Kamaz”lardan ibarət kalon görünür. Videonun müəllifi içəridə “döyüşçülərin oturduğunu” bildirir. Kadrlar Moskvaətrafındakı Qolitsıno rayonunda çəkilib. Hələlik görüntülənən maşınların Belarus sərhədini keçdiyinə dair məlumat yoxdur.


Xatırladaq ki, avqustun 15-də və 16-da Belarus prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə danışıb, Rusiyanın onun ölkəsində seçkilərdən sonra yaranmış situasiyaya müdaxilə etməsini istəyib.
Virtualaz.org
Tarix: 17-08-2020, 16:10
Xəbəri paylaş



Xəbər lenti