Belarus səfiri etirazçılara işgəncə verilməsindən şoka düşdü



Belarusun Slovakiyadakı səfiri İqor Leşenya ölkəsində prezident seçkilərinin nəticələrinə etiraz olaraq küçələrə çıxanların döyülməsindən və işgəncələrə məruz qalmasından şoka düşdüyünü bəyan edib.
Virtualaz.org xəbər verir ki, səfir bu barədə “Naşa Niva” Telegram-kanalında yerləşdirilmiş müraciətində bildirib.
“Bütün belaruslar kimi mən də ölkəmin vətəndaşlarının döyülməsindən və işgəncələrdən şoka düşmüşəm. TUT.BY portalında yayılmış fotolardan birində biz qızımın döyülməkdən bədəni gömgöy olmuş, qan içində olan sinif yoldaşını tanıdıq, hansı ki, onun yolunu azanlar sırasında olmadığı dəqiqdir”,-diplomat deyib.
Leşenya deyib ki, Belarusda indi baş verənlər üçün zəmin hazırlanıb. 15 il əvvəl ölkədə “Stalin xətti” açılıb ki, orada söhbət heç də təkcə sovet xalqının qəhrəmanlıqlarından getmirdi. Səfirin sözlərinə görə, İosif Stalinin adının istifadə olunması az əhəmiyyət daşıyan səbəb deyil.

“Daha sonra Stalin NKVD-sinin zabiti formasını geyinmiş daxili işlər naziri peyda oldu və o, 1937-ci il kütləvi edamlarını və QULAQ-ı yox, Qələbə Gününü xatırlatdı. İndi isə mənim yüzlərlə həmvətənim 21-ci əsrin tolerant Belarusunda NKVD ənənələrini tam ölçüdə yenidən dirçəldən hüquq-mühafizə orqanları nümayəndələri ilə qarşılaşıblar”,-səfir deyib.
Leşenya cəmiyyətin bütün təbəqələrinin və müxtəlif siyasi qüvvələrin nümayəndələrinin mövqelərini nəzərə almağa çağırıb.
Səfirin bu bəyanatdan sonra vəzifəsindən geri çağrılıb-çağrılmadığı məlum deyil.
Xatırladaq ki, Belarusda avqustun 9-da keçirilmiş seçkilərin nəticələri ilə bağlı etirazlar səngimir. Təhlükəsizlik qüvvələrinin ifrat gücdən istifadəsi və kütləvi həbslər aparması etirazları yatırmayıb, əksinə, cəmiyyətin ən müxtəlif təbəqələrində etirazlar doğurub.
Tarix: 16-08-2020, 13:08
Xəbəri paylaş



Xəbər lenti