Türkiyə "vətəndaşların qiymətləndirilməsindən" sonra karantini bərpa etmək fikrindən daşınır
Türkiyə prezidenti Recep Tayyip Erdoğan, "sosial və iqtisadi nəticələri" əsas gətirərək, karantin məhdudiyyətlərini bərpa etmək planlarından əl çəkdiyini bildirib.
Bundan əvvəl Daxili İşlər Nazirliyi, İstanbul və Ankara da daxil, 15 şəhərdə həftə sonu komendant saatının tətbiqini nəzərdə tutan planları açıqlamışdı.Ancaq daha sonra Türkiyə prezidenti planları ləğv etmək qərarına gəldiyini bəyan etdi.
"Ancaq vətəndaşlarımızdan aldığımız qiymətləndirmələr qərarın yenidən nəzərdən keçirilməsinə səbəb oldu, - Anadolu Agentliyində Türkiyə prezidentinin sözləri iqtibas olunur.
Recep Tayyip Erdoğanın dediyinə görə, xəstəliyin yayılmasının qarşısını almaq və vətəndaşların qorunmasına yönələn qərarın "fərqli sosial və iqtisadi nəticələrə" səbəb olacağı üzə çıxıb.
Türkiyədə restoran, kafe və çimərliklər bu həftənin əvvəlində yenidən açılıb. Eyni zamanda, ölkə daxilində səyahətə icazə verilib.
Yuxusuzluqdan əziyyət çəkənlərə məsləhətlər
Koronavirusla bağlı məhdudiyyətlərin başlayandan bəri "yata bilmirəm" həştəqilə yayılan postlarda insanlar yuxuya gedə bilmədiyi barədə hekayələrilə bölüşür.
Bəs, görəsən, doyunca yata bilməyənlər nə etməlidir? BBC-nin Newsbeat komandası bu mövzunu araşdıraraq psixoloqla söhbət edib.
Onun tövsiyələrindən birinə görə, keyfiyyətli gecə yuxusu almaq istəyənlər gündüz çağlarında yataq otağına girməməlidirlər ki, beyində bu məkan sırf yatmaq və yuxu ilə əlaqələndirilsin.
Daha bir məsləhət günün müəyyən rejimini yaradıb, ona əməl etməyə aiddir.
Eyni zamanda, alkoqoldan uzaq durmaq lazımıdır, Britaniyanın Loughborough Universitetinin professoru, yuxu üzrə mütəxəssis Kevin Morgan deyir.
Onun sözlərinə görə, alkoqol yuxuya getməyə kömək etsə də, uzun müddətdə mənfi fəsadların yaranmasına səbəb olur. "Son nəticədə o, (alkoqol - red.) yuxumuzun quruluşu və keyfiyyətinəə xələl gətirir," - Kevin Morgan deyir.
Ata "qızlarını sünnət etdirmək üçün koronavirus bəhanəsindən" istifadə edib
İddia edildiyinə görə, Misirdə üç qızını qadın sünnəti etdirmək üçün yalanlara əl atan misirli ata və əməliyyatı həyata keçirən həkimə ittihamlar təqdim olunub.
Ata öz qızlarına koronavirusdan "peyvənd" alacağını deyəndən sonra həkim qızların evinə gedib, Misirin baş prokuroru bildirir.
18 yaşına çatmamış qızlara dərman vurulandan sonra, həkim onların cinsiyyət orqanlarını kəsib.
Misir qadın sünnətini 2008-ci ildə qadağan edib, lakin belə hallar hələ də geniş yayılıb.
ABŞ etirazları: işarəsi olmayan asayiş qüvvələrinin əməkdaşları kimlərdir?
Amerika paytaxtının küçələrində hərbi nişanları olmayan asayiş qüvvələrinin nəzərə çarpması özəl hərbi şirkətlər haqqında şaiyələrə və Krımın ilhaqı ərəfəsindəki "nəzakətli insanlarla" müqayisələrə səbəb olub. Rusiyalı hərbçilər kimi, onlar da özlərini təqdim etməkdən və mətbuatla təmasdan yayınırlar.
Washington küçələrindən gələn xəbərlər liberal nəşrlərin kəskin reaksiyasına səbəb olub.
Sonda, hərbçilərin federal cəzaçəkmə müəssisələrinin xüsusi təyinatlı qüvvələrinə mənsub olduğu təsdiqlənib.
Qanun federal orqanların əməkdaşlarına nişansiz xidmət etməyə icazə verir, lakin Konqresdəki demokratlar artıq bu təcrübəni qadağan etmək niyyətində olduğunu deyirlər.
Ukrayna "qanuni oğrulara" qarşı qanun qəbul edib
Ukrayna parlamenti "qanuni oğrulara" cinayət cəzasını və "sxodka", yəni toplaşma anlayışını müəyyən edən qanun qəbul edib.
Postsovet ölkələrində ilk dəfə oxşar qanunvericilik Gürcüstan və daha sonra Rusiyada qəbul olunub.
Ali Rada tərəfindən təsdiqlənən qanuna görə, cinayət qrupunun yaradılması və ona rəhbərlik, əmlakın müsadirə olunması ilə 12 ildən 15 ilədək müddətə həbs cəzasını nəzərdə tutur.
Kriminal təsir göstərən və başqalarının cinayət fəaliyyətini əlaqələndirən şəxs "qanuni oğru" sayılır.
5 iyun - Ümumdünya ətraf mühit günüdür
Ümumdünya ətraf mühit günü, 1972-ci ildə BMT Baş Assambleyası tərəfindən təsis olunub.
Bu bayram dünya ictimaiyyətinin diqqətini ekologiya məsələlərinə cəlb etməlidir.
Bu il müasir ekoloji problemlər arasında meşə sahələrinin azalması da var.
ABŞ-dakı Maryland Universitetinin hesablamalarına görə, 2019-cu ildə, hər altı saniyədə, bir futbol meydançası boyda meşə sahəsi yer üzündən yox olur.