Türkiyəli mafiya lideri Sedat Pekeri sosial media hesabında paylaşdığı video ilə hədələyən Güniz Akkuş polisin keçirdiyi əməliyyat zamanı tutulub.
Musavat.com xəbər verir ki, “Xanım Ağa” ləqəbli qadın polisin “Gigiyena” adlı əməliyyatı zamanı saxlanılıb.
7 fərqli vilayətdə keçirilən əməliyyatda 10 nəfər saxlanılıb. Əməliyyatda xeyli sayda silah-sursat ələ keçirilib.
Güniz Akkuş Sedat Pekeri təhdid etdiyi videoda bunları demişdi: "Mənə bax, Sedat! Sənə 10 gün vaxt verirəm. 10 günlük imtahandan istifadə et. Mərdsənsə qarşıma çıx. Yoxsa qəfil bir gecə vətən sevdalı qardaşlarımız sənin ziyarətinə gələcəklər”.
Guniz Akkuş kimdir ?
Güniz Akkuş ailəsi ilə birlikdə 15 yaşına qədər Almaniyada yaşayıb. Tətil üçün gəldiyi Antalyada motosikletli polis qruplarını görüb heyrətlənən Akkuş polis olmaq qərarına gəlib. Almaniyadakı çevrəsindən xoşlanmayan Akkuşun ailəsi onun Türkiyəyə gəlib polis olmasına razı olub. Yoldaşı tərəfindən özbaşına və nizamsız biri kimi qiymtələndirilən Akkuş öz rəisini təhdid etdiyi üçün polislikdən uzaqlaşdırılıb.
“Xanım Ağa” ləqəbli Güniz Akkuş işdən çıxarıldıqdan sonra İstanbula qayıdıb. Cinayət dünyasını yaxından tanıyan 28 yaşlı Güniz Akkuş burada 20 nəfərdən ibarət bir dəstə qurub. İstanbulun əyləncə məkanlarında özünü Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində polis rəisi kimi təqdim edən “Xanım Ağa” əvvəlcə kiçik barları hədəfə alıb. Vaxt keçdikcə, o, məşhur barlardan da xərac almağa başlayıb. Güniz Akkuş ən son məşhur əyləncə mərkəzi “Reina”nı hədəf alarkən tutulub.