Ərgün Dilər
“Takvim”, Türkiyə, 08 may 2020-ci il
Koronavirus epidemiyası özü ilə birlikdə iqtisadi dalğalanmaları və siyasi hesablaşmaları da gətirib. Böyük iqtisadi durğunluq dövründə bunlar təbiidir. Amma hesablaşmanın ən şiddətli yaşandığı yer, istənilən halda, ABŞ-dır. ABŞ daxilindəki dərin mübarizə dünyanı da içinə çəkib. Hər kəsə təsir edib. Dollar ehtiyat valyuta olduğu müddətcə, bundan qaçmaq asan deyildi.
Bu gün də puldan və “dərin Amerika”dan, yəni, Maklindən başlayaq. ABŞ “dərin dövlət”i yeni dünya nizamı qurmaq üçün hər tərəfdə – Çində də, Avropada da, Orta Şərqdə də, Şimali Amerikada da aktiv fəaliyyətdədir. Həm də heç vaxt olmadığı qədər aktivdir. Sadəcə Pompeo izlənərsə belə, bu, anlaşılar.
13 apreldə Ağ Evdə ciddi mübahisə baş verib. Ağ Evin içində “dərin dövlət” tərəfindən idarə edilən bir otaq – Ağ Evin Situasiya Otağı (White House Situation Room) vardır. Bu, terror təşkilatı liderlərinə (o cümlədən, Üsamə bin Ladenə) qarşı əməliyyat keçirilərkən ABŞ prezidentlərinin poza nümayiş etdirdiyi həmin otaqdır. Yəni, teatr otağıdır.
Aprelin 13-də Prezident Tramp, ABŞ Milli Allergiya və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçini bu otağa çağırıb. Trampın yanında ən çox etibar etdiyi şəxs olan Daniel Skavino olub. Səlahiyyət sahibi olmadığı otağa zorla girən Tramp, Fauçiyə ağır həqarətlər edib. Tramp “”Dərin Amerika” ilə maraqlanmıram. Mən “Böyük Amerika” istəyirəm. Sənin kimi zəlilər “dərin dövlət”i korladı. “Dərin Amerika” hər şeyin üstündə deyildir. Sənə bunu Maklində də söylədim. Hələ də eyni düşüncədəyəm” – deyib.
Fauçinin əlaqələrinə baxılarsa, ailələrlə, yəni, qlobal sərmayə ilə yaxın olduğu görünəcəkdir. Görünüşə görə, oliqarxiyanın adamı kimi görünür.
Trampın bu gedişi “dərin Amerika”nı çox narahat edib. Tramp o qədər fərqli bir şəxsiyyətdir ki, hər an, hər bir duruma reaksiya verə biləcək çılğınlığı vardır.
“Dərin Amerika” kimi, “Çin virusu”, “Virus Uhandakı laboratoriyada hazırlandı. Sübutları gördüm”, “Təzminat tələbimiz Almaniyanınkından çox olacaq” ifadələrini işlədən Tramp, yenə hər kəsi təəccübləndirdi. O, “Virus Uhanda ortaya çıxdı, amma bura bir laboratoriya olmaya bilər. Virusun oradan çıxıb bütün dünyaya yayılmasına izin verilməməliydi” dedi. Yəni, “dərin Amerika”ya səsləndi. ABŞ Prezidenti olduğunu və lazım gələrsə, xalqa “dərin Amerika”nı narahat edəcək açıqlamalar verməkdən çəkinməyəcəyini göstərdi.
Tramp, heç kimin bilmədiyi “Maklin debütü” etdi. Maklin “dərin Amerika”nın doğulduğu yerdir. Heç kimin qarşı çıxa bilmədiyi yerdir. Bir çox amerikan siyasətçisinin getmək istədiyi, ancaq gedə bilmədiyi yerdir. Tramp “dərin Amerika” ilə orada tanış olmadı. Lakin “dərin Amerika” ilə xüsusi toplantılarını orada keçirdi. Gücünü Maklindən aldığını da inkar etmədi.
2019-cu ilin iyun ayında Maklin dünya gündəliyinə gəldi. Tramp Maklin İncil Kilsəsini ziyarət etdi. Kilsənin keşişi Devid Platt “Allah, sənə yalvarıram. Prezident Trampa ölkəni idarə etməsi üçün müdriklik ver” dedi. Bu kilsə də “dərin Amerika” tərəfindən idarə edilir. Devid Platt da “dərin keşiş”dir. Çox güclü siyasi əlaqələri vardır. Bir çox ölkədə təsiri olan bu keşişin sözləri önəmli idi. “Dərin Amerika” ABŞ-da yalnız yevangelistlərin üzərində yüksəlməz. Yəni, Trampı dəstəkləyən çox önəmli bir güc vardır. Ancaq keçmiş “dərin güc”ün yerləşdiyi Maklindəki ev artıq sökülmüşdür. Yəni, “dərin güc”ün ünvanı dəyişmişdir.
İndi isə bir az da Daniel Skavinonun kimliyinə baxmaqda fayda vardır. Trampın haqqında çox danışılan o tvitlərini atan şəxs Daniel Skavinodur. Tramp Ağ Evə gələn zaman onun yanında kampaniya komandasından yalnız Skavino var idi. Trampın bütün sosial media hesablarının şifrəsi Daniel Skavinoda vardır. Skavino Sosial media direktoru kimi görünsə də, Trampın bir çox problemini həll edən şəxsdir. Başqa bir gücü vardır. Skavino, Ağ Evin dəhlizlərində yürüyərkən səssizlik olur. O, oxuduğumuz mesajları atan adamdır. Yəni, prezidentin kölgəsidir.
Skavino yanvarın 18-də instaqram hesabından şərhsiz bir fotoşəkil paylaşdı. Trampın arxası yanğın yeri idi, alov topuna bürünmüşdü. Kiçik bir lövhə də yanğının önündə dururdu. O lövhədə “Deep State” (“Dərin dövlət” – tərc.) yazılmışdı. Tramp da fotoşəkildə yanğından zərər görməmiş vəziyyətdə dururdu. Bu, ABŞ-da gedən mübarizənin fotoşəkili idi. Trampı susdura bilmirlər. Səbəbi Maklin İncil Kilsəsinin keşişi Devid Platt və ya yevangelist icmasının tamamına yaxınının onun arxasında olması ola bilər.
O da nəzərə alınmalıdır ki, Tramp, heç kimin bilmədiyi dərinliklərə enə bilən biridir. Bu səbəblə, o, bəlkə də, keçmiş “dərin dövlət”in ortadan qaldırılmasında rol oynayaraq, “Böyük Amerika”nın qurulmasında rol alır.
ABŞ heç bir zaman olmadığı qədər xaosun içindədir. Bu xaos koronavirusla əlaqədar deyildir. Koronavirus bu xaosun dramatik yönlərindən biridir. Böyük toqquşmanın mərkəzində Vaşinqton, əslində, pul durur. Bu, pulu əldə saxlamaq uğrunda gedən savaşdır. Pulu kim idarə edə biləcəksə, ABŞ-da qələbə onun olacaq. Bu da dünyanın 100 illik orbitinə oturmasına yol açacaq. Tramp və arxasındakı güc pul vasitəsilə yeni bir sistemin qurulmasını xəyal edir. Məqsəd budur. Ortaqlıqların olduğu Maklindəki “dərin ev” bu səbəblə söküldü. Qorbaçov “dərin sovet”in aldığı qərarla kommunizmi ortadan qaldıraraq dövləti necə dəyişdisə, indi də onun bənzəri ABŞ-da yaşanmaqdadır. Tramp sadəcə öndə olan şəxsdir.
Arxa planda isə indiyədək pulun sahibi olanlara şiddətli hücum vardır. Çinin hədəfə qoyulması bu mübarizənin şifrəsi, parolu idi. İşin maraqlı tərəfi ingilis kəşfiyyatının MKİ ilə eyni cizgiyə gəlməsi və Çini hədəfə qoymasıdır. Bu iki güc birlikdə hərəkət edəcəksə, deməli, hər şey dəyişəcəkdir.
Düşünürəm ki, Tramp Vindzor qəsrində Kraliça II Yelizavetaya hörmətsizlik edən zaman, daşlar öz yerindən oynayırdı. Çox adam anlamır, ancaq yeni sistemin ilk siqnal fişəngi oradan atılırdı.
Bizlər virusa qarşı mübarizə apardığımız halda, əsil mübarizə dünyanın zirvəsində gedir. Daha öncə dəfələrlə yazdığım kimi, 2020-ci ildə bu işi bitirəcəklər. Baxaq, görək, baş verənləri anlamaq üçün də pulu təqib edək. Yerdə qalanı nağıldır…
Tərcümə Strateq.az-ındır