Mixail Saakaşvili Ukraynanı antibürokratik inqilaba səslədi: “Bunun üçün olduqca az vaxtımız qalıb”

 

Xəbər verildiyi kimi, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Ukraynanın Milli islahatlar komitəsinin rəhbəri təyin edilib.

Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, gürcü siyasətçi populyar teleaparıcı Savik Şusterin müəllif proqramında qarşıda görəcəyi işlərdən və vəzifələrindən danışıb.

İslahatlar üzrə komitənin yeni başçısı Ukraynanın qurtulması üçün ilk növbədə ölkəyə xarici investisiyaları cəlb etməli olduğunu düşündüyünü söyləyib. Onun fikrincə, bu vaxta qədər islahatların düzgün aparılmaması sayəsində xarici investorlar buraya maliyyə vəsaiti qoymaqdan çəkiniblər.

“Hazırda bir çox transmilli şirkət Çindəki müəssisələrini bağlayır. Məhz Ukrayna Avropanın sənaye habına (hab-hansısa hava yolu şirkətinin təyyarələrinin əsas dayandığı limana deyilir-red.) çevrilə bilər. Lakin onların gəlməsi üçün tamamilə fərqli hüquqi tənzimləmələr lazım gələcək. Buna görə, ayrı vergilər tətbiq olunmalı, bürokratiyanın gücü azaldılmalıdır.

Məhkəmələrin yardımına ciddi ehtiyac var. Bizdə formal olaraq antikorrusiya məhkəməsi mövcuddur, lakin varlığı hiss edilməyəcək dərəcədə kiçik saxlanılıb. Milli antikorrupsiya bürosu da, bildiyimə görə, rüşvət almır, lakin onların daha səmərəli çalışması üçün iş görmək lazımdır. Əvvəl islahat adı ilə görülən bütün işlər hamısı puç olub”,-deyə o qeyd edib.
Mixail Saakaşvili belə bir situasiyada Ukraynanın hazırkı prezidenti Vladimir Zelenskinin şəxsiyyəti və rolunun bu işdə həlledici olduğunu vurğulayıb və dövlət başçısının köhnə elitanın nümayəndəsi olmadığına diqqət çəkib.

“Ukraynada əsl antibürokratik və antielitar inqilab baş verməlidir. Əvvəlki sistemdən “bəslənənlər “heç bir yerə getməyiblər. İndi gözləyirlər ki, toz-duman dağılan kimi, yenə çıxıb heç bir şeyin dəyişməyin mümkün olmadığını bəyan etsinlər. Buna yol verməmək üçün biz az bir müddətdə çox iş görməliyik”,-deyə islahatçı siyasətçi fikrini bildirib.


Tarix: 9-05-2020, 16:52
Xəbəri paylaş



Xəbər lenti