PUTİNİN 15 MİLYONLUQ QARDEROBU OLAN XANIM MƏMURU- 80 minə yaylıq, 448 minə palto, 9 milyona boyunbağı... (FOTOLAR+VİDEO)


Rusiyanın tanınmış müxalifətçisi Aleksey Navalnının rəhbərlik etdiyi Korrupsiyaya Qarşı Mübarizə Fondu növbəti səs-küylü araşdırma ilə çıxış edib.

Strateq.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ifşaedici videomaterialın “qəhrəmanı” Moskva meri Sergey Sobyaninin sosial inkişaf üzrə müavini Anastasiya Rakovadır.

Fond rəsmi tədbir və müsahibələrdən çəkilmiş fotoşəkillərdən Rakovanın geyimlərini analiz edərək onun qarderobunun ən azı 15 milyon rubl dəyərində olduğu qənaətinə gəlib.

Belə fotolardan biri aprel ayında Sobyanin və Rakova Yeni Moskvada tikintisi davam edən xəstəxanaya baş çəkərkən çəkilib. Həmin vaxt xanım Rakovanın boynunda “Chanel” firmasına məxsus, qiyməti 77.5 min rubl olan yaylıq, əynində isə “Loro Piana” markasından təqribən yarım milyonluq (448 min rubl) palto olub.

Müsahibələrinin birində isə xanım məmurun üzərində ümumi dəyəri 435 min rubl olan şalvar, jaket və ayaqqabı var.

Araşdırmadan məlum olur ki, Anastasiya Rakova dünyanın ən zəngin adamlarının geyindiyi brendlərə müraciət edir. Üzərindəki rəsmi kostyumlar bahalı Avropa brendlərinə məxsusdur. Bu brendlərin geyimləri başdan-ayağa əl işi olur və məhdud sayda tikilir. Məsələn, Rakovanın kostyumlarından birini 25 dərzi birlikdə tikib.

Foto və videolardan Anastasiya Rakovanın bahalı zinət əşyalarına olan marağı da üzə çıxıb. Məsələn, hökumətin iclasında Rakovanın boğazında bahalı brendə (“Graff”) məxsus təqribən 9 milyonluq (8.362.500 rubl) brilyant boyunbağı olub.

Fond üzə çıxarıb ki, rəsmi bəyannaməyə görə, son beş ildə vitse-merin orta gəliri ildə 7 milyon rubl təşkil edib. 22 ildir dövlət qulluğunda çalışan Rakova subaydır, rəsmi işindən başqa gəlir mənbələri yoxdur.

Araşdırmada bildirilir ki, Rakova milyonlar önünə çıxaraq koronavirus pandemiyası ilə əlaqədar hökumətin moskvalılara dəstəyindən ağızdolusu danışır. Və bəyan edir ki, hər paytaxt sakininə ərzaq və başqa ehtiyaclarını ödəmək üçün 4 min rubl (yarısı indi, yarısı da karantindən sonra) yardım veriləcək. Halbuki özünün təkcə bir yaylığının qiyməti bir Moskva sakininin illik büdcəsi qədərdir.

Araşdırma müəllifləri qeyd edirlər ki, bütün bunlar hələ xanım Rakovanın ictimaiyyətə göstərdikləridir: “Zövqünü və seçimini nəzərə alsaq, başqa nələrə sahib olduğunu təsəvvür etmək belə, qorxuludur. Aydındır ki, Rakova vitse-mer maaşına yaşamır. Lakin bunu gizlətməyi ağlına belə, gətirmir. O, yol verdiyi korrupsiyanın dəlillərini qürurla üzərində daşıyır. Və bahalı geyimlərlə ictimaiyyət arasında görünməkdən, federal kanallarda danışmaqdan çəkinmir. Kiminsə onun geyimlərinin qiymətini bilməsindən narahat olmur. Çünki heç nədən qorxmur…”.


Tarix: 7-05-2020, 23:01
Xəbəri paylaş



Xəbər lenti