Dieqo Kapulo
“Əl-Monitor”, 06.05.2020
Mayın 5-da türk lirəsi ardıcıl beşinci dəfə dəyərini itirib və 2018-ci ilin valyuta böhranında görünən rekord həddə yaxınlaşıb. Çünki ölkə iqtisadiyyatı koronavirus pandemiyasından təsirlənməyə davam edir.
Lirə dollara nisbətdə 1,5% dəyər itirərək 7,19 səviyyəsinə enib. Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrakın investorlara xitabən bank ehtiyatlarının kifayət qədər olması və dövlət tənzimləyicilərinin kapitala nəzarət tətbiq etməyəcəyinə dair açıqlanmasına baxmayaraq, valyuta mənfi təzyiq altındadır.
Pandemiya ən inkişaf etmiş bazarları gərginləşdirib, Türkiyədə isə son aylarda lirəni gücləndirmək üçün hökumət Mərkəzi Bank ehtiyatlarını tükəndirən siyasət yeridir.
“Teneo Intelligence”-in həmsədri və siyasi risklər üzrə analitik Volf Pikkoli “əl-Monitor”-a bildirib: “Türkiyədəki səlahiyyətlilərin etdiklərinə inam yoxdur və buna görə də, günün sonunda Türkiyə cəzalandırılır”. O, əlavə edib ki, iqtisadi böhran bu yay turizmdə iflas və artan ticari kəsirlə kəskinləşəcək.
“Orta müddətli perspektivdə yalnız faiz dərəcələrini artırmaqla, vəziyyətdən çıxa biləcəklər. Digər həll yolu isə hələlik mümkün olmayan Beynəlxalq Valyuta Fondu ilə razılaşmadır”.
Prezident Rəcəb Tayyib Ərdoğan dəfələrlə BVF-dən kömək istəməyəcəyini bəyan edib.
Koronavirus pandemiyası Mərkəzi Bankı milli valyutanı gücləndirmək üçün son günlərdə milyonlarla dollar xərcləməyə sövq edib, çünki Türkiyə xarici sərmayədən asılı olan iqtisadiyyata malikdir. Bu cür məsrəflər ehtiyatları azaldıb, türk tənzimləyiciləri yerli banklara vergi güzəştlər və xarici valyuta mübadiləsini məhdudlaşdırma ilə biznesi gücləndirməyə çalışıblar.
Keçmiş iqtisadiyyat naziri və yeni qurulan Deva Partiyasının lideri Əli Babacan “Bloomberg”-ə açıqlamasında bildirib ki, pandemiya şəraitində iqtisadiyyatın qorunması üçün dövlət tədbirləri stimullaşdırma proqramlarına və maliyyə xərclərinə daha çox yönəldilməlidir. “Cavab böyük və vaxtında olmasa, ehtimal ki, məsrəflər artacaq”.
Bu arada, Türkiyənin keçmiş xəzinə müşaviri Məhfi Egilmez şəxsi veb-saytında Mərkəzi Bankın xalis ehtiyatlarının, mübadilə xətləri istisna olmaqla, aprelin sonunda mənfi 13,4 milyard dollar səviyyəsində olduğunu bildirib.
“Bloomberg”-in hesablamalarına görə, 15 milyard dollardan 25 milyard dollara düşdükdən sonra Türkiyənin xalis ehtiyatları mənfi ərazidə ola bilər. Rəqəmlər rəsmən təsdiqlənməsə də, Türkiyə iqtisadiyyatına davam edən təzyiqi azaltmaq üçün Mərkəzi Bank ehtiyatlarının dərinliyi ilə bağlı yeni-yeni fərziyyələr meydana gəlir.
Tənzimləyicilər şirkətlərə və istehlakçılara borcları maliyyələşdirməyə kömək etmək üçün, borc xərclərini azaltmaqla, iqtisadiyyatı gücləndirməyə çalışıb, bankları daha əlverişli dərəcələrlə kredit təklif etməyə təşviq ediblər. Görülən tədbirlər 13 həftədə (24 aprelə qədər) kredit vermə faizinin 60%, ticarət və pərakəndə kreditlərinin müvafiq olaraq 80% və 45% artmasına səbəb olub.
Bu cür hərəkətlərin təsiri gələcəkdə məlum olacaq, amma Ankara Bilkent Universitetinin iqtisadiyyat professoru Eray Yücel Türkiyənin istehlaka əsaslanan iqtisadiyyatındakı zəif cəhətlərin son illərdə inkişaf etdiyini və pandemiya ilə daha da gücləndiyini söyləyib.
“Türkiyə iqtisadiyyatı daxili istiqamət alıb, buna görə də, yumşaq eniş görə bilmədik. Xarici valyuta gətirməyən bir çox iqtisadi fəaliyyət olub, ÜDM və digər ehtiyatlar azalıb”.
Yücel əlavə edib: “Bu gün gördüyümüz problemlərin təməli üç-dörd il əvvəl qoyulub”.
COVID-19 dövründə yerli iqtisadiyyat üçün bəzi müsbət əlamətlər də ortaya çıxmağa başlayıb. “Türk Hava Yolları” məhdud uçuşlar planlaşdırdığını açıqlayıb, Təhsil Nazirliyi, müsbət tendensiyalar davam edərsə, məktəblərin iyunun 1-də açılacağını bildirib.
Türkiyənin səhiyyə naziri Fahrettin Koca yeni yoluxma hallarının azalacağını düşdüyünü söyləyib. Bu günə qədər ölkədə 131.744 təsdiqlənmiş yoluxma və 3.584 ölüm hadisəsi qeydə alınıb.
Eray Yücel dövlət tənzimləyicilərinin qısamüddətli maliyyələşdirmədən kənar müdaxilələrlə iqtisadiyyatın bərpası üçün uzunmüddətli həll yolları axtarmalı olacağını bildirib. “Problemin yaxın vaxtlarda həll olunacağına inanmıram. Bəzi strukturlar, xüsusən hökumət, Mərkəzi Bank və digər tənzimləyicilər arasında koordinasiya gərəkdir”.
Hesabatlarda Mərkəzi Bankın, ABŞ Federal Ehtiyatlar Fondu da daxil olmaqla, xarici banklarla mübadilə xətləri açmaq üçün müzakirələr apardığı bildirilsə də, Yücel mövcud maliyyə siyasətinin uzunmüddətli maliyyə sabitliyi üçün yenidən işlənməli olacağını söyləyib.
“Mübadilə xətləri Türkiyə siyasətçilərindən ardıcıl siyasi mövqe tələb edir. Belə bir mövqe olmadığı təqdirdə, mübadilə xətləri xilasedici kəmər olmayacaq”.
Tərcümə: Strateq.az