Altı aya yaxındı dünyanı cənginə alan Kovid-19 bəlasını bir sıra hallarda ritorik olaraq 3-cü dünya savaşı kimi xarakterizə edənlərin sayı az olmadı.
Xüsusilə, lap əvvəldən ABŞ-ın virusun yayılmasında ittiham etdiyi Çinə qarşı sərgilədiyi davranışlar bu “xəmirin hələ çox su aparacağını” söyləməyə əsas verir. Dövlət katibi Mayk Pompeonun son açıqlaması isə sözügedən prosesin növbəti mərhələyə qədəm qoyduğunu göstərir.
Pompeo son açıqlamasında nəhayət virusun Çinin Uhan şəhərindən yayılması ilə bağlı əllərində sübutların olduğunu söyləyib və bununla da kifayətlənməyərək Çinə qarşı daha geniş ittihamlar səsələndirib: “Çin əvvəllər də dünyaya virus yoluxdurmuşdu və əvvəllər də orada standartlara cavab verməyən virus var idi. İlk dəfə deyil ki, dünya Çin laboratoriyalarında səhvən ortaya çıxan virusla qarşılaşır”.
Məhz bu açıqlamadan sonra siyasi müşahidəçilər ABŞ-ın Çinə qarşı ciddi mübarizəyə, hətta bəzilərinin düşüncəsinə görə müharibəyə başladığının anonsunu verməyə başladılar. Rusiyalı senator Aleksey Puşkov qənaətini bir az da kəskin ifadə edib. Onun sözlərinə görə, bu açıqlama iki ölkənin müharibəyə qədəm qoyduğunu göstərir. Türkiyəli ekspert, professor Həsən Koni də hesab edir ki, bütün dünyaya təsir edəcək “savaş riski qapını döyür”.
Qeyd edək ki, hələ yoluxmanın başlanğıcından ABŞ rəhbərliyi pandemiyaya qarşı mübarizə aparmaq əvəzinə Çini ittiham edən mövqe seçmişdi. Prezident Donald Tramp bununla bağlı Çindən hesab soruşacaqlarını da açıq söyləmişdi.
Lakin analitiklərin bir çoxu hesab edir ki, Trampın Çinin timsalında “günah keçisi” yaratmasının arxasında bir sıra amillər dayanır.
Birincisi, ABŞ administrasiyası pandemiyaya qarşı ən pis mübarizə aparan hökumət kimi “sinifdə qaldığını” bu cəhdlərlə ört-basdır etməyə çalışır. Məlumdur ki, koronavirusa yoluxanların və ölənlərin sayına görə Amerika dünyada ilk yerə yüksəlib. Trampın ilk günlərdən yoluxucu virusa qarşı nümayiş etdirdiyi ironuk davranışlar və qeyri ciddi münasibəti ölkə əhalisinə baha başa gəldi. Belə olan halda, məsuliyyətdən yayınmaq üçün ən asan yol günahı Çinin üzərinə atmaq oldu...
İkinci amili isə Tramp özü bir neçə gün əvvəl anons etmişdi. ABŞ lideri bu ilin noyabr ayında keçiriləcək prezident seçkilərində iştirak edəcəyini və seçkinin heç bir halda təxirə salınmayacağını bəyan etmişdi. Lakin onun açıqlamasında ən diqqət çəkən məqam bu deyil.
Tramp bir sıra qüvvələrin onun ikinci dəfə prezident seçilməsinə mane olmağa çalışdıqlarını bildirmiş və onların başında da Çinin dayandığını xüsusi vurğulamışdı. Virusun Çin tərəfindən məqsədli şəkildə yayılmasının bu planın tərkib hissəsi olduğunu demişdi.
Üçüncü diqqət çəkən faktor ABŞ-ın bu məsələdə ciddi palanlar hazırlaması və özünə tərəfdarlar toplamağa nail olmasıdır. Bu baxımdan Fransanın Çinə qarşı sanksiyaların tətbiqini dəstəkləyən və Çini tənqid edən mövqeyi Amerikanın artıq real addımlar atmağa başladığını göstərir və Pompeonun sübutlarla bağlı son açıqlaması bunun ilk işarəsidir.
Avstraliya vəYeni Zelandiyadan da Çin mallarına qarşı baykot çağırışları səslənsə də Çinin onlardan gələn 295 milyard idxalı dayandırcağı təhdidindən sonra hər iki ölkə rəhbərliyi hələlik susmağa üstünlük verib. Lakin bütün bunlar post-karona dövründə dünyanı daha gərgin sınaqların gözlədiyini düşünənlərin sayını artırır.
Gərginliyin ağır keçəcəyini söyləyənlər haqsız da deyillər. Çünki son illərin ən böyük iqtisadi güclərindən birinə çevrilən Çini əzmək ABŞ üçün o qədər də asan olmayacaq. Arada əzilən isə pandemiyaya görə iqtisadiyyatı daha çox zərər görən və zəifləyən ölkələr olacaq.
Hər halda görünən odur ki, dünyanın pandemiyadan sonrakı taleyi daha çox Amerika xalqının payızkı seçkilərdə verəcəyi qərardan asılı olacaq. Trampın yenidən prezident seçilməsi 3-cü dünya savaşının başlanma fitili ola bilər.../Moderator.az/