Bu ilin ilk aylarında Suriyanın İdlib bölgəsinin Bəşər Əsəd rejimi və dəstəkçiləri tərəfindən bombalanması yeni qaçqın dalğasının yaranmasına səbəb olmuşdu. Həmişəki kimi, böyük qaçqın kütləsinin üz tutduğu ilk ünvan qonşu Türkiyə idi. Türkiyə də böhrandan çıxış yolunu qaçqınları Avropa İttifaqı (Aİ) sərhədinə buraxmaqda gördü.
Yunanıstan başda olmaqla Aİ-yə üzv ölkələrin liderləri yüz minlik suriyalı qaçqın ordusundan vahimələnməyə başladı. Onlar Suriya vətəndaşlarının ölkədən başını götürüb qaçmasında az qala Türkiyəni qınamğa cəhd göstərirdi. Ancaq hadisələr Aİ-nin humanitar hadisələrə hazırlıqsızlığını təsdiqlədi.Yeri gəlmişkən, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatında vurğulanıb ki, 2018-ci il dekabrın 1-nə olan hesabata əsasən, 45 dövlətin ərazisində 6 664 415 suriyalı qaçqın qeydə alınıb. Onların 3,6 milyonu Türkiyə, 952 mini Livan, 674 mini İordaniya, 534 mini Almaniya, 252 mini isə İraq ərazisində yerləşdirilib.
Bu vəziyyətin üzərinə Suriyadan son qaçqın axınının da gəlməsi Avropa ölkələrini təşvişə salımışdı. Avropa İttifaqı suriyalılar da daxil olmaqla qaçqınları qəbul etməmək üçün yeni “əsaslar”, “arqumentlər” hazırlıqlarına başlamışdı.
Politoloq Əhəd Məmmədli bu mövzuda musavat.com-a şərhində bildirib ki, belə bir vəziyyətdə sanki koronavirus qaçqın məsələsində Avropa ölkələrinin köməyinə çatdı: “Dünyada koronavirusun yayılması qaçqınların qarşısının alınması üçün göydən düşmə fürsət rolunu oynamış oldu. Sərhədlər bağlandı və Avropa ölkələri qaçqınların qarşısına qoyduqları baryerin üzərinə daha sərtini yükləmək fürsəti qazandı.
Avropanı hər gün narahat edən qaçqın selini koronavirus müvəqqəti də olsa dayandırıb. Müvəqqəti də olsa koronavirus həmçinin qaçqın problemini ikinci plana saldı. Hamının başı virusla mübarizə aparmağa qarışdı, qaçqınlarda diqər problemlər kimi yaddan çıxdı. Qaçqın problemi donduruldu. Lakin artıq həyat yavaş-yavaş öz məcrasına qayıdır. Köhnə problemlər heç yerə qaçmayıb, pis-yaxşı bunları həll etmək lazımdır. Qaçqın problemini də Türkiyə ilə Avropa həll etməyə məcburdurlar. Əks halda qaçqın böhranı hələ hər iki tərəfin başını çox ağradacaq”.
Ekspertin fikrincə, son dörvlər Avropanın qapılarının qaçqınların üzünə bağlanmasında bir məqama da diqqət yetirmək lazımdır. Avropaya axın edən qaçqınların əksəriyyəti müsəlmanlardır və Avropada müsəlmanların sayının kəskin artması Qərbin öz xristian dəyərlərini itirmək qorxusunu gücləndirir.Son demoqrafik araşdırmalara görə, dünyada xristianların sayında sürətli azalma müşahidə olunur və 2025-ci ildə onlar planet əhalisinin cəmi 25%-ni təşkil edəcəklər. Ən böyük artım tempi isə müsəlmanlara aiddir (ildə təqribən 2,9%) və 2025-ci ildə 30% göstərici ilə onlar xristianları üstələyəcəklər. Müsəlmanların 60%-i Asiyada yaşayır. Son 30 ildə onların sayı 3 dəfə artıb. Proqnozlara görə, 2030-cu ilədək Avropada müsəlmanların sayının 58 milyon nəfərə çatacağı gözlənilir”.
Politoloq dedi ki, Qərbi Avropada da müsəlman icmalarının sayı sürətlə artmaqdadır: “Bu gün Fransada müsəlmanların sayı demək olar ki, ilk yerlərdədir. Almaniyada qaçqınları nəzərə almasaq, 5 milyona yaxın, Böyük Britaniyada 3 milyona yaxın, İtaliyada 2, İspaniyada 1 milyon müsəlman yaşayır. Qaçqınları da bu siyahıya əlavə etsək, İslamın Avropa üçün əsas dinə çevrilməkdə olduğunun şahidi olarıq. Avropa ölkələrində millətçi əhvalın artdığı nəzərə alınsa, yüz minlərlə müsəlman qaçqının bu ölkələrə axınının doğurduğu təhlükəni anlamaq o qədər də çətin olmaz”.
Tarix: 29-04-2020, 17:34