Dünyanın bir çox ölkələri koronavirus epidemiyasına görə Çini “bədnam” adlandırırlar. Hətta Almaniya, ABŞ-da bir ştat və bəzi firmalar dəymiş ziyanın ödənməsi üçün uzaq şərqi Asiya dövlətini məhkəməyə verməyə hazırlaşırlar. Avropa və ABŞ liderlərinin dilindən də tez-tez “Çin virusu” ifadəsi eşidilir.
O deməkdir ki, bir çox siyasətçilər və hökumətlər COVİD19 infeksiyasının dünyanın 200-dən çox ölkəsini bürüməsinə görə Çini günahkar hesab edirlər. Hələ qarşıda Çin əleyhinə kampaniyalar, təzminat davaları, çinlilərin sıxışdırılması siyasəti gözlənilir.
İstisna deyil ki, dünyaya səpələnmiş milyonlarla çinli miqrantın işlədikləri ölkələrdən sıxışdırılıb deport edilməsi, təzyiqlərlə üzləşməsi prosesi başlanılsın.
Yəni, anti-Çin və Çinafobiya kimi sözlər gündəmə gələ, xüsusən Avropadakı çinli işçilərə qarşı irqi ayrıseçkiliyə yol verilə bilər.
İsveçrədə yaşayan yazıçı Əli Əkbərin Musavat.com-a dediyinə görə, qlobalizasiya bir layihə, ya da fəlsəfə kimi artıq çat verir: “Bunu dəfələrlə deyiblər, yazıblar, başı çıxan da, çıxmayan da...
Qloballaşmanın epidemioloji yönü, Çinin infeksiya ocağı olması ya da belə yozulması bir yana qalsın, iqtisadi olaraq da sıxıntılar artıq çoxdan başlamışdı. Vəziyyətin, mənzərənin özündə bir qəribəlik, doğru olmayan nəsə var. Axı bunu görmək çətin deyil.
Kapitalizm artıq boğulur, əslində kapitalizmin pnevmoniyası var. Deməli, bütün istehsalatlar Çinə daşınacaq.
Çin dünyanın var-yoxunu kopyalayıb 10 dəfə ucuzuna həmin dünyaya satacaq. Bütün dünyanı tək Çin malları yox, çinlilərin özü də bürüyəcək”.
Ə.Əkbər hesab edir ki, bir milyonluq qruplar şəklində onlar dünyanın hər yerində sənin qarşına çıxacaqlar: “İş səfərləri, turistik səyahətlər, miqrasiyalar qədərində gözəldir.
Yüz min bizdən gedər Fransaya, Fransadan iki yüz min gedər Türkiyəyə, Türkiyədən üç yüz min gedər ABŞ-a, ordan da Türkiyəyə 150 min gələr.
Yəni, rəqəmlər şərtidir, burada sırf onların dəyər cəhətdən bir-birinə yaxınlığını göstərmək istəyirəm. İndi bu rəqəmləri Çin üçün 10-a, 20-yə, 30-a vurun. Bu sıxlığı dünya artıq qaldırmır”.
Ə.Əkbərin fikrincə, ayı 15 dollara günlük 22 saat işləməyə hazır milyonlarla adam var: “Bütün dünya faktiki olaraq Çini doyuzdurmaqla, oradakı yüz milyonların əməyini istismar etməklə məşğuldur. Nə fəlsəfə kimi fəlsəfəsi var, nə ideologiya kimi ideologiyası.
Konfutsianizmin kommunizmlə hibridini düzəldib yüz milyonları kölələşdiriblər. Amma onlar belə hesab etmirlər, razıdırlar hallarından.
Çinlilər onilliklərdir Qərbin, əsasən də ABŞ-ın nüfuzlu universitetlərindən, laboratoriyalarından, beyin mərkəzlərindən bütün ideyaları, patentləri hələ onlar həyata keçməmiş, reallaşmamış çırpışdırırlar. Bunları ABŞ-da çox gözəl bilirlər, hətta dəfələrlə üstü açılıb, akademik çevrələrdə ciddi skandallar olub”.
Həmsöhbətimiz deyir ki, hazırda ən böyük ksenofobiya Çində yaşanır: “Xaricilər, əsasən də zəncilər təhqirlərə məruz qalır. Çin deyir ki, hər kəslə öz dilində, adekvat danışıram.
Siz mənə etməyin ki, mən də sizə etməyim. Bütün bu işlərin nə ilə sonlanacağını zər atıb, qəhvəyə baxıb deyə bilmərəm.
Amma aşkar olan bir şey var ki, dünyanın hegemonu ABŞ Çinlə hesab çürüdür. Avropadakı balaca, şirin itlərin Çinin ünvanına kövrək hürüşməsini eşidirsiniz?
Bax bunlar da prinsipcə, Çinlə əlaqələrindən razı olan, amma hegemona etiraz etməyə cəsarəti çatmayan avropalılardır. Suverenlik olmayanda belə olur. Bu da başqa söhbətin mövzusudur”.
İctimai fəal Bəxtiyar Hacıyev isə bildirdi ki, dünyanın müxtəlif ölkələrində uzun illərdir irqçiliyə, dini və milli ayrıseçkiliyə qarşı ciddi siyasət aparılır: “Bu siyasət inkişaf etmiş ölkələrin əksəriyyətində oturuşub.
Hətta Çinin dövlət olaraq koronavirus pandemiyasının yayılmasında hansısa xətaları sübut edilsə belə, Çin vətəndaşlarına qarşı sıxışdırma, ayrıseçkiliyin olacağını düşünmürəm”.
Emil Salamoğlu