NATO-da açıq müzakirə predmeti olmayan iki mövzu var. 1. Suriyadakı sərbəst fəaliyyətinə rəğmən Şimali Atlantika blokunun ən böyük sütunlarından biri sayılan Türkiyə; 2. Çinlə bağlı olaraq isə daha çox müdafiə strategiyasının qurulmasının mürəkkəbliyi məsələsi.
Musavat.com xəbər verir ki, Fransanın “Le Figaro” qəzetinin yazarı İzabel Lasserin məqaləsi bu mövzuya həsr olunub. Müəllif yazır: “Çinin kommunist rejimi NATO-nun coğrafi zonasından hələ ki uzaqda yerləşir. Soyuq müharibənin bitməsindən 30 il keçməsinə baxmayaraq, Şimali Atlantika alyansı üçün hələ də təhlükəsizlik sahəsi Asiya-Sakit okeanı bölgəsi deyil, Transatlantik məkan hesab olunur. Lakin COVİD-19 indi bu vəziyyəti dəyişə bilər”.
Müəllifin fikrincə, səhyyə sahəsində yaranan böhran NATO-nun Çinə yönəlik qayğılarını artırıb. Çünki dezinformasiya manevrləri artıq yalnız Rusiyadan deyil, həm də Çindən gəlir: “Çinin dirçəlişi barədə söhbətlər alyansın 70 illiyinin də qeyd olunduğu London zirvəsindən bu yana danışılmağa başlanılıb. Rəsmi Pekinin artan nüfuzu və beynəlxalq siyasəti həm böyük imkanlar, həm də problemlər bəxş edir. Biz buna öz cavabımızı hazırlamalıyıq. Xüsusilə “5G” texnologiyasının işə salınmasından sonra biz Çinin milli təhlükəsizliyimizə artıq dolayı deyil, birbaşa təsir göstərəcəyini anladıq”, - deyə NATO-nun jurnalistlə söhbət edən yüksək rütbəli məmuru bildirib.
“Son bir neçə ildə Çin NATO-nun müdafiə həlqəsinə ciddi şəkildə yaxınlaşıb. Çinlə Rusiyanın birgə hərbi təlimləri, Çinin sualtı qayıqlarının Aralıq dənizində peyda olması, kibernetik məkanın istismarı və texniki tərəqqi artıq Vaşinqonda oturanları dərin düşüncələrə qərq edir. Bu, xüsusilə prezident Barak Obamanın strateji hədəfləri Asiyaya yönəltməsindən sonra başlayıb.
İdeya özü yeni düşmənin müəyyənləşdirilməsindən ibarət deyil. Çünki NATO-nun özündə də etiraf edirlər ki, Çin onlar üçün soyuq müharibədəki SSRİ deyil. Buna görə də ona qarşı Rusiyadan fərqli strategiya işlənib hazırlanmalıdır”, - deyə həmin qaynaq əlavə edib.
“Doğrudur, bununla bağl mütəffiqlər arasında incə ayrılıqlar da var. Birləşmiş Ştatlar üçün Çin əsas düşməndir. Avropalılar isə daha ehtiyatlı mövqe sərgiləyirlər. Məsələn, Şərqi Avropa ölkələri Alyansın Rusiyaya diqqətini zəiflətməsini istəmirlər. Bundan başqa, onların əksəriyyəti Çin tərəfindən investisiya qoymaq üçün yaradılan 17+1 qrupunun üzvləridir. Bir sıra ölkələr isə NATO-nun zatən Rusiya, terrorizm, Yaxın Şərq kimi dərdinin üstünə Çin bəlasının gəlməsini istəmirlər” - deyə İzabel Lasser yazır.
“Uzun müddət NATO-nun ağlında Çinə yer olmayıb. Lakin indi əsas sual zamanı gəldikdə, Alyansın bu problemə girişib-girişə bilməyəcəyi ilə bağlıdır”, - deyə Fransanın keçmiş xarici işlər naziri, bu yaxınlara NATO-nun ekspert şurasına təyin olunan Über Vedrin müəllifə danışıb.
“Başqa ifadə ilə desək, Çinin beynəlxalq arenadakı irəliləyişi situasiyanı dəyişə bilər. Çünki Qərb alyansı yol, liman, körpü kimi adi infrastrukturların müdafiəsinə informasiya sahəsini də daxil edib. Çin problematikası “COVİD-19”dan sonra daha da güclənib”, - deyə məqalədə vurğulanıb.
“NATO-nun avtoritar rəqibləri iqtisadi böhrandan və bizim nisbi zəifləməmizdən istifadə edərək infrastrukturlarımıza, habelə strateji sahələrimizə sızmağa cəhd edirlər”, - deyə yazının sonunda təşkilatın baş katibinin müavini Mirça Coanenin çıxışından sitat gətirilib.