
Bu yaxınlarda redaksiyamıza Nizami rayonu, Qara Qarayev prospekti 124 ünvanında qanunsuz tikinti işlərinin aparılması məqsədilə ərazidəki ağacların kütləvi şəkildə məhv edildiyi, təbiətə qəsdən zərər vurulması ilə bağlı şikayət daxil olmuşdu. Kollektiv heyətimiz məsələni dəqiqləşdirmək üçün hadisə yerinə gedərək apardıqları çəkilişlər zamanı daha bir qayda pozuntusunu da aşkar edib.
Belə ki, ağacların kəsildiyi həmin ərazidə aparılan tikinti işlərinin təhlükəsizlik normalarına uyğun aparılmadığı müşahidə olunub: ərazidə tikinti proseslərinin aparılması barədə xəbərdaredici lövhələr vurulmayıb; tikinti işlərində çalışan işçilərin əksəriyyəti qoruyucu geyimlə təmin olunmayıb – yəni onlar adi vətəndaş geyimində işləyirlər; həmçinin tikinti prosesində təhlükəsizliyi təmin edən vasitələrdən istifadə olunmayıb.
Görünür, həmin ərazində aparılan tikinti işlərinin məsul şəxslərinin səhlənkarlığı ilə yanaşı, orada çalışan fəhlələr də öz həyatlarının riskə atılmasına göz yumurlar. Məhz tikinti işlərində bu kimi təhlükəsizlik qaydalarına əməl olunmaması faciəli hadisələrin baş verməsinə zəmin yaradır.
Bəs Azərbaycan qanunvericiliyinə əsasən bu qaydaları pozanları hansı cəzalar gözləyir?
Bu barədə Patrul.az-a vəkil Araz Nurməmmədov bildirib ki, belə hallarda qaydaları pozan məsul şəxslər həm İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsi üzrə məsuliyyətə cəlb oluna, cərimə edilə, hətta 5 ilədək azadlıqdan məhrum oluna bilərlər:
“Azərbaycanın tikinti sahəsində texniki təhlükəsizlik və Əməyin mühafizəsi qaydalarının pozulması həm İnzibati Xətalar Məcəlləsi, həm də Cinayət Məcəlləsi ilə tənzimlənir. Burada şəxsin sağlamlığına vurulan xəsarətin dərəcəsinə diqqət yetirilməlidir. Əgər vurulan xəsarət yüngül və ya az ağırdırsa, bu halda əməl İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198-ci maddəsinə əsasən, Əməyin mühafizəsi qaydalarının pozulması aşağıdakı halları əhatə edir:
198.1. Əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni:
198.1.1. əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların tələblərinə əməl edilməməsinə;
198.1.2. binaların, qurğuların, avadanlığın və texnoloji proseslərin təhlükəsizliyinə riayət edilməməsinə;
198.1.3. iş yerlərində sağlam sanitariya-gigiyena şəraitinin qüvvədə olan normativlərə uyğunlaşdırılmamasına;
198.1.4. işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktika xidmətinin təşkil edilməməsinə;
198.1.5. normal əmək və istirahət rejiminə riayət edilməməsinə, o cümlədən əmək qanunvericiliyinin tələbləri pozulmaqla işçilərin artıq işlərə cəlb edilməsinə;
198.1.6. işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməməsinə;
198.1.7. əməyin mühafizəsi üzrə təlimatlandırmanın, təhsilin və biliklərin yoxlanılmasının təşkil olunmamasına;
198.1.8. kollektiv müqavilədə əməyin mühafizəsi qaydalarının əks olunmamasına;
198.1.9. müvafiq icra hakimiyyəti orqanına hesabatların təqdim edilməməsinə;
198.1.10. maşın və avadanlıqların mühafizə qurğuları olmadan istismar edilməsinə görə – beş yüz manatdan min manatadək məbləğdə cərimə nəzərdə tutulur.
198.2. Bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərər vurularsa – min manatdan min beş yüz manatadək cərimə edilir.
198.3. Əgər həmin əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurarsa – min beş yüz manatdan iki min manatadək cərimə tətbiq olunur.
A.Nurməmmədovun sözlərinə görə, bu cür hallarda işçinin ölüm faktı qeydə alınarsa, məsul şəxslər daha ağır cəzalarla üzləşə bilərlər:
“İşçilərin qoruyucu geyimlərlə təmin olunmaması və tikinti zamanı təhlükəsizlik vasitələrindən istifadə edilməməsi Əməyin mühafizəsi qaydalarının pozulması hesab olunur.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162-ci maddəsinə əsasən:
162.1. Əgər bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır və ya az ağır zərər vurularsa – iki min manatdan üç min manatadək cərimə, iki ilədək islah işləri, bir ilədək azadlığın məhdudlaşdırılması və ya altı ayadək azadlıqdan məhrumetmə tətbiq oluna bilər.
162.2. Əgər həmin əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olarsa – üç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
162.3. Əgər bu hallar iki və daha çox şəxsin ölümünə səbəb olarsa – üç ildən yeddi ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilir”.