“Guya, mənim silahımla adam öldürülüb” – DEPUTAT


“Guya, mənim silahımla adam öldürülüb” –           DEPUTAT

Sosial şəbəkələr yenidən Milli Məclisin gündəminə qayıdıb, bəzi deputatlar sərt cəzalar tələb edirlər

 

Milli Məclisin iyunun 2-də keçirilən iclasında sosial şəbəkələr, şəbəkələrdə təhqirlər məsələsi gündəmə gətirilib. Bununla bağlı Milli Məclisin deputatları öz fikirlərini bildirib və bu yöndə ciddi addımların atılmasından danışıblar. Məsələn, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib ki, sosial şəbəkələr söz azadlığı, demokratiya pərdəsi altında insanların mənəviyyatını sarsıtmaqla, cəmiyyətin əxlaqını pozmaqla məşğuldur.

 

Fikirlərini AYNA-ya açıqlamasında genişləndirən T.Rzayev bildirib ki, insan hər bir deyilən söz, söylənilən fikir, yayılan məlumat, göstərilən fakt üçün məsuliyyət daşımalıdır: “Bu gün Azərbaycanda azad sözə, azad mətbuata imkanlar yaradılıb. Azərbaycan demokratik ölkədir. Lakin bunun üçün istər jurnalist, istər məmur, istərsə də vətəndaş olsun - hər biri dediklərinə görə məsuliyyət daşımalıdır, məsuliyyət hiss etməlidir. Çox təəssüflər olsun ki, son zamanlar sosial şəbəkələrdə elə təzadlı məlumatlar yayılır ki, bunlar ailələrin dağılmasına səbəb olur, insanların psixologiyasının korlanmasına, düşmənçiliyə gətirib çıxarır. Digər tərəfdən, elə məlumatlar var ki, bunlar terrorçuluq, zorakılıq və qəddarlığın təbliğinə xidmət edir. “Facebook”da yalanı, böhtanı təbliğ edib qarşıdurmalara, terrora, separatizmə çağırışlar edilir. Onların da yalnız bir məqsədi var - xaricdəki havadarlarına arxalanmaqla maliyyə vəsaitləri əldə etmək. Ya da vətəndaşları qorxutmaqla, şantaj etməklə pul qazanmaq istəyirlər. Yüz minlərlə insan onların bu hərəkətlərindən əziyyət çəkir, psixoloji sarsıntı keçirir”.

 

Deputat hesab edir ki, sosial şəbəkələr bəzən söz azadlığı, demokratiya pərdəsi altında insanların mənəviyyatını sarsıdır, cəmiyyətin əxlaqını pozur: “Əlbəttə ki, bütün bunlar yolverilən deyil. Azərbaycan cəmiyyətində isə bu, heç mümkün deyil, bizim öz milli-mənəvi dəyərlərimiz var. Bunlara yad olaraq insanların həyatına təcavüz etmək, insanın ailəsi, həyatı haqqında xoşagəlməz böhtan, şantaj xarakterli məlumat yaymaq və bunları geniş şəbəkələrdə təbliğ etmək yolverilməzdir. Ola bilsin ki, hansısa bir dövlətdə buna o qədər də əhəmiyyət verilməsin, ancaq indiki dövrdə ABŞ kimi bir dövlətin Prezidenti artıq sosial şəbəkələrdən, bu məlumatlardan təngə gəldiyini dilə gətirir. Bunların dəqiqləşdirilməsini, təkmilləşdirilməsini, bu sahədə müəyyən tədbirlərin görülməsini tələb edir. Bizim ökə rəhbərimiz, cənab Prezidentimiz də dəfələrlə bu barədə danışıb. O bildirib ki, insanları təhqir etmək olmaz, şantaja, böhtana yol vermək olmaz. Lakin bu hallar bir neçə ildir, bizdə də davam edir.  Mən bir vətəndaş kimi, millət vəkili kimi təəssüf edirəm ki, bu hallara müəyyən qaydada inanan insanlar da olur. Elə faktlar yayırlar ki, onun heç bir əsası olmur”.

“Son seçkilər dövründə də bu cür halların şahidi olduq. Elə təzadlı məlumatlar yayırdılar ki… Axı, hamı seçkiyə gedə bilər, rəqabət apara bilər. Seçki kampaniyasıdır, sağlam seçim olmalıdır. Lakin elə fikirlər formalaşdırırdılar ki, adam dəhşətə gəlirdi. Həmin dönəmlərdə mənim haqqımda da belə fikirlər formalaşdırdılar. Özüm həmin fikirlərə məətəl qalmışdım ki, yəni bu şeylər olub?! Hətta, mənim tabel silahımın olması barədə məlumat yayıldı. Guya, bu tabel silahı ilə adam öldürülməsi barədə də məlumat yayıldı. Elə şeylər uydurulmuşdu ki, halbuki, heç belə hadisələr baş verməyib və olması da mümkün deyil. Bu xəbərə məni tanıyanlar, fəaliyyətimə bələd olanlar təbii ki, inanmadılar, lakin elə adamlar var idi, onlara qəribə gəlirdi ki, filankəsin belə işləri də var imiş”, - Rzayev bildirib.

 

Komitə sədrinin fikrincə, bütün bunların məqsədi insanın həyatını korlamaq və onu sarsıtmaqdır: “Ona görə də mən düşünürəm ki, bütün bunlar mütləq nizamlanmalıdır. Söz azadlığının, fikir azadlığının qarşısının alınmasının heç bir zaman tərəfdarı olmamışam. Hər zaman istəmişəm ki, sağlam fikir, düşüncə ortaya çıxsın. İnsanlar bir-biriləri ilə müzakirə etsinlər, müxtəlif fikir mübadiləsi aparsınlar. Ancaq gətirdikləri faktları əsaslandırmağı bacarsınlar”.

 

“Biz bu barədə Milli Məclisdə həm öz fikirlərimizi söylədik, həm də başqa ölkələrdə bununla bağlı müəyyən fikirlər formalaşdığına diqqət çəkdik. Millət vəkilləri bu barədə qəti qərar versələr, o zaman da bizi istəyməyən qüvələr, bəzi mətbuat orqanları iddia edəcək ki, insan hüquqları pozulur, azadlıqlar məhdudlaşdırılır. Ancaq biz bunu millət vəkilləri olaraq parlamentdə səsləndirdik, müəyyən mətbuat orqanları da, jurnalsitlər də, vətəndaşlar da öz fikirlərini bildirməlidirlər və bu məsələ ictimailəşməlidir ki, ümumi bir fikir olsun. Əlbəttə ki, bundan sonra burda bir sıra sərtləşdirilmələrə gedilməlidir. Jurnalistdirsə, obyektiv olsun, nöqsan varsa, nöqsanı əyani faktlarla təqdim etsin. Bütün bu halların qarşısını almaq üçün yalnız biz tərəfdən deyil, jurnalistlər, ictimaiyyət, bu sahə ilə məşğul olan insanlar tərəfindən də fikirlər meydana gəlməlidir. Və o zaman görəcəyik ki, insanlar bunu necə dəstəkləyirlər. Əlbəttə, ölkə vətəndaşlarının əksəriyyəti bu fikirdədir ki, biz böhtandan, şantajdan, təhqirdən uzaq olaq. Çünki bəzi sosial şəbəkə istifadəçiləri bunun üçün xaricdən maliyyə vəsaitləri alırlar. Bəziləri isə şantaj yolunu tutmaqla, pul qazanırlar. Həmin jurnalistlərin bir neçəsinin cəzalandırılmasının şahidi olduq”, - deputat əlavə edib.

 

Mövzunu AYNA-ya şərh edən hüquqşünas Zaur Əliyevin sözlərinə görə, Azərbaycan Cinayət Məcəlləsində KİV ilə yanaşı, sosial mediada da böhtan və təhqirə görə məsuliyyət nəzərdə tutulur: “Bu məsələ barədə başqa ölkələrdə də cəza mezanizmləri var. Məsələn, Türkiyədə sosial şəbəkələr üzərindən təhqir və böhtana görə sərt cəza nəzərdə tutulur. Türkiyə Cəza Qanununun 125-ci maddəsinə görə, əməlin səsli, yazılı və ya görüntülü vasitələrdən istifadə etməklə törədilməsi təhqirdir və cinayət tərkibi yaradır. Rusiya Federasiyasının Cinayət Məcəlləsinə 2011-ci ilə edilən düzəlişlərlə təhqir cinayətin dekriminallaşdırılması faktıdır. 2011-ci ildən etibarən vətəndaşı təhqir etmək inzibati xəta hesab olunur. Vəzifəli şəxslərin, din xadimlərinin və hərbi qulluqçuların təhqir olunması isə müvafiq maddələrə əsasən, cinayət məsuliyyətinə səbəb olur”.

 

“Avropa Məhkəməsinin qərarlarında vurğulanır ki, ifadə azadlığına hər hansı məhdudiyyətin zəruriliyi əsaslı qaydada müəyyən edilməlidir. Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və prinsiplərində olduğu kimi, Azərbaycan Konstitusiyasında da hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ var, heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Mülki Məcəllənin 7-ci maddəsinə görə, şərəf və ləyaqəti ləkələyən, həqiqətə uyğun olmayan məlumatların təkzib edilməsi məhkəmə yolu ilə tələb edilə bilər. Həmçinin, şəxsin buna görə təzminat və ya kompensasiya almaq hüququ var”, - Əliyev deyib.

 

Hüquqşünas sosial şəbəkələrdə təhqir və böhtana görə Azərbaycan Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə məsuliyyət nəzərdə tutulduğunu bildirib: “148-1-ci maddəyə görə, internet informasiya ehtiyatında saxta istifadəçi adları, profil və ya hesablardan istifadə edərək, kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə cinayət hesab edilir. Təhqiredici hərəkətlərin və sözlərin doğru və yalan olması şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə mane olmur. Əməlin cinayət olması üçün təhqir edən şəxs başqa şəxsin şərəf və ləyaqətini alçaltdığını dərk edir və bunu arzu edir. Şəxs təhqir edildiyi anda cinayət əməli başa çatmış hesab edilir. Bu gün sosial mediada, əsasən saxta hesab və profillərdən istifadə etməklə təhqir və böhtan atma geniş yayılıb. Adətən, məsuliyyətdən və “şəxsi hesablaşmadan” yayınmaq üçün təhqir və böhtan saxta hesab və profillər üzərindən edilir. Artıq texniki imkanlar yetərlidir ki, saxta profillər arxasında gizlənən “qəhrəman”lar ortaya çıxarılsın”.

 

“Lakin hazırda həmin mexanizm yetərli səviyyədə işləmir. Heç kim bu işin sonuna kimi getmək istəmir. Misal olaraq deyə bilərəm ki, bir zaman Milli Qəhrəmanımız Mübariz İbrahimova qarşı pis fikirlər səsləndirən, onu təhqir edən qız heç bir məsuliyyətə cəlb olunmadı. Ona görə də bu, çətin məsələdir. Necə ki, bu mexanizm Avropa ölkələrində işləyir, eləcə də bizdə işləməlidir. Həmin mexanizmlər işə düşsə, belə halların qarşısını almaq mümkün olar və belə halların sayı da azalmış olar. Təzminat ödəyən insan cibindən qorxar və bir daha bunu təkrar etməz. Cərimələr demək olar ki, tətbiq edilmir. Demirəm ki, cərimələr yoxdur, amma yox səviyyəsindədir”, - müsahibimiz vurğulayıb.


Müəllif: Ülviyyə Şahin 
Tarix: 4-06-2020, 23:18
Xəbəri paylaş



Xəbər lenti