Fariz Xəlilli: “Bu kanal sadəcə yenidən qurulmamalıdır, burada tarixi nöqteyi-nəzərdən iş görülməlidir”
Prezident İlham Əliyev mayın 18-də “Ağsu rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncamla Ağsu rayonunda əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün Qazanarx kanalının yenidən qurulması məqsədilə, “Meliorasiya və Su Təsərrüfatı” ASC-yə 3,3 milyon manat vəsait ayrılıb.
Qərarın kənd təsərrüfatı üçün əhəmiyyəti ilə yanaşı, ortada həssas bir məqam da var. Belə ki, yenidən qurulacaq olan su kanalı tarixi kanaldır. Rəsmi sənəddə “tarixi” sözündən istifadə olunmasa belə, iş icraçıları bu amili nəzərə alacaqlarmı? Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli də AYNA-ya açıqlamasında bu yöndə narahatlığını dilə gətirib.
“Sərəncam mühüm əhəmiyyət kəsb edir. Amma nəzərə almalıyıq ki, qeyd olunan ərazi Ağsuda vacib olan tarixi məkanlarımızdan biridir. Şirvan bölgəsinin tarixini, mədəniyyətini, yazılı irsini araşdırıram. Məlumat üçün deyim ki, indiyədək tədqiqat baxımından xeyli iş görmüşəm, abidələr aşkarlamışam, mühafizə işlərini təşkil eləmişəm. QHT sektorunda maraqlı layihələrin müəllifi kimi çıxış etmişəm. Ağsunun Gəgəli Bələdiyyəsinin üzvü olaraq bu sektora gəlməklə, Ağsu rayonunun ən böyük kəndinin icma fəaliyyətlərini genişləndirməyi qarşıya məqsəd qoymuşam. Tarixçi kimi məqsədimiz tarixi, qədim yerlərimizin qorunması, ehtiyac olduğu təqdirdə onun doğru qaydada bərpasıdır. Bu mənada tarixi məkanlarımızın qorunmasını həyati vacib hesab edirəm”, - tarixçi deyib.
Sözügedən kanal barədə məlumat verən Xəlillinin sözlərinə görə, Qazanxan arxı islahatçı hökmdar Sultan Mahmud Qazan xan tərəfindən XIII əsrin sonu-XIV əsrin əvvəlində çəkilib və onun adını daşıyır: “Bu kanal boyunca Tarixi İpək yolu keçir. Yenidən qurulma zamanı ətrafındakı çoxlu qədim yaşayış məskənləri, abidə və nekropollar da uyğun vəziyyətə gətirilməlidir. Görüləcək bərpa işləri bu bölgəni tanıyan və araşdıran tarixçilərlə birlikdə kompleks görülsə yaxşı olardı. Bu kanal sadəcə yenidən qurulmamalıdır, burada tarixi nöqteyi-nəzərdən iş görülməlidir. Kanalın bərpası yəqin ki, hansısa inşaat şirkətinə həvalə olunacaq. Onun kökündən dağıdılıb yenidən qurulması yanlış olar. Təcrübəmizdə bu ərazidə su idarəsi tərəfindən bir tarixi abidəmizin dağıdılmasının şahidi olmuşuq. Təəssüf ki, inşaat, yenidənqurma işlərində bu məqam nəzərə alınmır. Bu səbəbdən kanala tarixi aspektdən və kompleks yanaşılmalıdır, kanala sadəcə su kanalı kimi baxmaq olmaz”.
Müsahibimiz əlavə edib ki, kanal ətrafındakı yolların da səliqəyə salınması vacibdir: “Biz bəzi tarixi məkanları turizm potensialı baxımından da qiymətləndirməliyik. Bu sahədə işlər gedir, amma Ağsuda da bu islahatlara ehtiyac var. Mən artıq təkliflərimi Prezident Administrasiyasının rəsmi səhifəsinə yazmışam. Ümid edirəm ki, qeyd etdiklərimə diqqət ayrılar”.
Biz də ümid edək ki, tarixi məkanı inşa edənlər tariximizə hörmət və diqqətlə yanaşacaqlar...