Qabaqlar icra başçısı və nazirləri işdən çıxarıb türməyə basanda onların əcaib-qəraib təsərrüfatları ortaya çıxırdı. Misal üçün, görürdün birinin eşşək ferması vardır. Başqası dəvə saxlayırdı, üçüncü eşşək qanqalı tarlası əkirdi, dördüncünün altından qurbağa gölü çıxırdı və sairə. Biləsuvarın icra başçısı Mahir müəllim isə uca millətimizi sevindirdi, gələcəyə ruhlandırdı. Onun tovuz quşu saxlamaq azarı haqda informasiya yayılmışdır. Deməli icra başçılarımızın estetik zövqü inkişaf edir, onlar gözəllik aşiqi olmağa başlayır. Öz aramızdır, eşşək hara, tovuz quşu hara...
Mahir müəllimin mahir duyğuları varmış, baxmayaraq yardımları yediyinə, rüşvət aldığına görə peşman olduğunu açıqlamışdır. Düzdür, hələ “qara polkovnik” Hacı Məmmədovun zamanında bizim yüksək vəzifəli şəxslərin teatra, musiqiyə, rəssamlığın dadaizm üslubuna sevgisi ortaya çıxmışdı. Hacı müəllim “Qarabulaq” istirahət mərkəzində Qədim Misir mədəniyyətinə aid ehram fiqurları ucaltmış, görkəmli korifey manıslarımızı vaxtaşırı toplayıb orda orgiyalar təşkil eləməklə sənətkarlıq ruhunun itmədiyini göstərmişdi. O cümlədən, rəhmətlik nəqliyyat naziri Ziya müəllimin heyvansevərliyinin delfin istiqamətinə yönəlməsi haqda bilgilər ortada üzürdü. Ancaq arada bu ruh sanki qeybə çəkilmişdi, məmurlarımız eşşək, dəvə, sarımsaq, kartof səviyyəsinə enmişdilər. Fikirləşmirdilər ki, dəvədən böyük fil vardır. Başa düşmək istəmirdilər ki, eşşəyin palanına, ağnamasına baxmaqdansa, tovuz quşunun quyruğunun açılmış yelpazəsini seyr etmək daha gözəldir. Hərçənd, eşşək balası qoduğun çox qəşəng, uzun kirpikli gözləri olur, bəlkə Bricit Bordo-nun gözləri ona çatmaz. Bəlkə bu üzdən Bricit xanım dünyada eşşəklərin xilas edilməsi üzrə kampaniyaları ilə tanınmışdı. Mövzudan uzaqlaşdıq elə bil, hazırda mövzudan uzaqlaşmaq Nazirlər Kabineti yanında Operativ Qərargahın əmriylə qadağandır, o üzdən geri qayıdaq. Hətta ağzına maska taxılmayan temalarda yazılar da olmaz, biləsiniz. Deyir həmin yazıları oxuyanların qızdırması qalxırmış.
Ümumən zəhmətkeşlərimizdə yüksək zövq və qabaqcıl intellektual bacarıqların formalaşması müşahidə edilir, güman edə bilərik ki, bu işdə 190 manat yardımın böyük rolu olubdur. Keçən həftə hüquq-mühafizə orqanları Bakıda saç ustasını tutmuşdular. (Doğrusu indi bunların adı dəllək, bərbər, barberşop, salon və sairə fərqli adlarla tanınır, hansından olub bilmirəm, biz dədə-baba qaydası dəllək deyək). Dəlləyin cibindən jurnalist vəsiqəsi çıxmışdı, “102-ci qəzet” adlı qəzetin əməkdaşı imiş. Məncə bu, söz azadlığına təzyiqdir, dəlləyin hüquqları bərpa olunmalıdır. Birincisi, dəllək niyə jurnalist ola bilməz ki? Müasir dövrümüzdə jurnalist də kimisə qırxır, dəllək də. İkincisi, dəllək də başla çalışır, jurnalist də, hər ikisi intellektual peşədir. Elə dəllək var, onda olan və əhaliyə vaxtaşırı çatdırılan məlumatlar heç Mətbuat Şurasının üzvü olan 5000 qəzetin baş redaktorunda yoxdur. Beş min demişkən, biz qəzetin adına da diqqət etməliyik. Bunu yaradan kimdirsə, olduqca ağıllı adamdır. Hardan nişan aldığını, bir pritçada deyilən kimi, “hardan qazdığını” yaxşı bilir. Üstəlik, bunun yuxarısına bir dənə də “ictimai-siyasi-hüquq qəzeti” söhbəti basırsan, vəssalam, hər rayonda icra nümayəndəsindən ayda bir hinduşkadan-zaddan qapazlamaq olar. (Mahir müəllimdən bəzəkli tovuz quşu dümbülü alırmışlar). Eyni zamanda, “102-ci qəzet” adı ölkəmizdə söz azadlığının səviyyəsini nümayiş etdirir, axı heç özündən deyən ölkələrdə bəlkə yüz qəzet yoxdur, bizdə isə ən azı 525 qəzetin olması məlumdur. Yuxarı yeri beş mindir. Oxuduqca qurtarmır. Qəzet köşklərində kağızdan tərpənmək olmur, adi ştuçnu siqareti satmağa yer yoxdur.
Ancaq mənə ən ləzzət edəni qəzetin axırıncı səhifəsində (səhv oxumadınız, sən demə bu qəzet həqiqətən 2019-cu ildə bir dəfə çıxıbdır, ən azı internetdə vərəqlərinin şəkli qalır) baş redaktorun zəruri qeydi oldu. Yazılmışdı: “Diqqət: qəzet vasitəsi ilə hər hansı bir şəxs tərəfindən korrupsiya halı baş verərsə baş redaktorla əlaqə saxlanılması xahiş olunur!”. Əla idi. İşləyəndə belə qəzetdə işləyəsən: götürürsən qəzetin istənilən nömrəsini, korrupsiya ilə məşğul olursan... Səmimi sözümdür, qibtə elədim.