Xalqların və millətlərin özünü tanıyıb, qüsurlarını və üstünlüklərini bilib, qəbul etməsi çox vacibdir. Əyri-əskikliklər bu halda düzəlir. Çünki, dildə başqa, əməldə başqa olmursan. Qəbul etdikdən sonra problemlərini bilirsən və bu problemi gizlədib, olmaq istədiyin kimi, pafosla danışıb fərqli görünmək yerinə, problemi aradan qaldırmaq üçün çalışırsan. Bundan sonra düzəltdiyin hər bir probleminin mükafatı olaraq üstünlüklərini qürurla deyə bilmə şansını özünə verəcəksən.
Hər bir millətin xarakteri var. Formalaşmış ya da formalaşmaqda olan. Təbii ki, hələ də formalaşmayan, yada heç formalaşmaq istəməyən xalqlar, millətlər də var. Hər hansı səbəblərdən, fərq etmir… Səbəb deyil, nəticə önəmlidir. Və bu xarakterlər müharibələr, böyük masştablı təbii fəlakətlər, fövqəladə hallar və indiki kimi karantin günlərində açıq görünür.
Bu karantin günləri də əslində bizim xarakterimizi və düşüncə tərzimizi bütün çılpaqlığı ilə gözlər önünə sərdi, məsələlərə yanaşmamızı göstərdi. Bir çox məsələlərdə insanlarımızın şəxsi düşüncələrinin olmamasının, kütlə psixologiyasına sahib olduqlarının, ağızdan-ağıza, qulaqdan-qulağa keçən məlumatları təkrarlamasının, fərqli mövqe ortaya qoya bilməməsinin, ya da qoymağa cəsarətinin olmamasını zaman-zaman müşahidə edirik və dilə gətirdiyimiz qədər deyə bilirik.
Cəmiyyətimizdə sırf tamaşaçı mövqeyində olub, ancaq qınamaq, söymək, irad tutmaq, səhv axtarmaq mövqeyində olanlar var, bir də bunun əksi olan, yaxşısı və pisi ilə nələrsə etməyə çalışan insanlar var. Amma birincilər daha acımasız və ədalətsizdirlər.
İndi yazacağım fikirlərə görə məni birincilər sırasında görməyin. Bu yazacaqlarımda mən nə tənqid etmək mövqeyindəyəm, nə də tərif. Sadəcə müşahidələrimi bölüşəcəm. Heç kimi qınamıram və heç kimi tərifləmirəm. Məqsədim ağıllı görünmək və yazımı çox oxusunlar da deyil. Sadəcə və sadəcə müşahidələrimi paylaşıram. Bəlkə də heç kimə lazım deyil. Lazım deyilsə, elə burdan sonrasını oxumaya da bilərsiniz. Oxumayanlara hörmətlə yanaşıb, oxuyanlar üçün fikirlərimi yazmağa davam edirəm.
Gələk yazmaq istədiyim əsas məqama. Sizə elə gəlmirmi son günlərdə baş verən ya da maraq, həvəs halına gələn yardım kampaniyaları iyrənc hala gəlib? 23 ildən çox televiziya sahəsində çalışmaq ictimai sahədə olmaq deməkdir. Bu illər ərzində məmurları, sənətçiləri, vətəndaş cəmiyyətini, müxtəlif sahənin insanlarını yaxından və uzaqdan tanıya bilirsən, çoxunun bilmədiyi məqamların içində olursan, onları dərinliyinə kimi tanıya bilirsən.
Son günlərdə yaranan vəziyyəti bir vətəndaş, jurnalist kimi neqativ qiymətləndirirəm. Pozitiv məqamlar da var, amma neqativlərin çoxluğu pozitivləri kölgədə qoyub. Hər şey gördüyünüz kimi olmur.
Yardımlaşma, xeyriyyəçilik çox yaxşı haldır və dəstəkləyirəm. Yardımlaşmanın məqsədləri və hədəfləri olmalıdır. Məsələn, təhsil almaq istəyən bir övladımızın təhsilini üzərinizə götürmək onun gələcəkdə öz ayaqları üstündə durmasını qarantiya altına almaqdı. Çox səmimi və göstərişdən uzaq və lazımlı bir yardımdı. Birinin hansısa sənətə, peşəyə yiyələnməsinə xidmətdir. İstedadlı insanların olmalı olduğu yerə gəlməsi üçün verilən dəstək səmimidir və lazımlıdır. Hər imkanlı ailənin bir və ya bir neçə ailəni öhdəliyinə götürüb məqsədli və sistemli şəkildə böyük, əsaslı ehtiyaclarının qarşılanmasında yardım etməsi səmimidir və məqsədləri heç bir zaman aşıb göstəriş halına gəlməz. Buna bənzər digər xeyriyyə istiqamətlərini misal çəkmək olar.
Amma günümüzdəki bu yardımlaşma əndazədən çıxanda artıq səmimiyyətini və məqsədlərini aşır. Harda və necə, nələri və hansı qüsurları ortaya çıxarır izah edim.
Bu yardımsevərlər çəkdikləri videolarında bir tərəfdən ölkədə inkişafı tərifləyir, dəstəkləyir, digər tərəfdən də sosial sahədə olan qüsurları istəmədən, şüursuzca açıq aydın göstərmiş olur. Təbii ki, hər dövlətdə müəyyən qüsurlar var, ideal dövlət olmaq üçün hələ çox illər lazımdır bizə. Amma yardımsevərlər bilmədən cəmiyyətə neqativ mesaj ötürür və altşüura təsir edir. Çəkilişlərdə nə görünür? İşsizlik, insanların çətin şərait və ehtiyac içində yaşadıqları. Bu mesajlar həm görüntüdə həm də dilə gətirilən narazılıqda cəmiyyətə ötürülür. Baxanlar da, “millət nə gündə yaşayır” deyir. Yəni “nəyi necə göstərmək lazımdır” prinsipini bilməyən insanlar yardım edəndə özü-özünü təkzib etmiş olur. Yəni bir tərəfdən təriflədiyi dövlətin bilmədən problemlərini kütləvi halda ortaya qoyur və özünün də ziddiyyətlər içində olduğunu anlamır.
Hər şeyi yaxşı olan dövlətlərdə insanlar ilk öncə dövlətin qoruması altındadır. Onlar ayrı-ayrı fərdlərə möhtac deyil. Yaxud da durub evində xeyriyyəçiləri gözləmir. Onlar bilir ki, dövlət istər səhiyyə sistemi ilə, istər sosial sistemi, təhsil və digər sistemi ilə vətəndaşını ələbaxımlı, möhtac hala gətirməyəcək. “Evdə qal” günlərində banklar, ev sahibləri, iş sahibləri onların haqq və hüquqlarını poza bilməyəcək. Cünki istər zəngin və istərsə kasıb təbəqə bu dövlətin vətəndaşıdır və zəngini də dövlətin yaratdığı bərabər hüquqlar mühitində zəngin olub, kasıbı da bu sistemdə kasıbdır. Bunların gəlirləri və xərcləri şəffafdır və heç kim Robin Godluq eləmir. Zəngin çalışır, zəngin olur, qazandığı pul halaldı və o pul onundu. Bundan sonra istəsə təhsil fondlarına, kilsəyə və digər yardım qruluşlarına ianələr edər. Və ianə etdiyi fondların da işinin şəffaflığına nəzarət edə bilir deyə rahatdır. Artıq qapı-qapı düşüb özü yardım etməyinə ehtiyac qalmır. Bilir ki, yardımları ehtiyac sahiblərinə çatacaq. Əks təqdirdə buna həm hüquqi, həm də mənəvi müdaxilə edə bilər. Bizdə isə zəngin və iş adamlarının hamısı məmurlardır və məmurların əslində bizneslə məşğul olma haqları qanunla yoxdur deyə onlar özlərini gizlədir. Özünü gizlədən vergisini də gizlədir, vergisini gizlədən də dövlətin iqtisadi sisteminə zərər verir və bu da dolayısı ilə sosial şəraitə təsir edir. Xalq bunu bilir və bildiyi üçün də məmurlara qəzəblidir. Məmurla vətəndaş arasında ucurum var. Vətəndaş məmuru qovur, məmur vətəndaşdan qaçır…
Yardımsevərlər bu məqamları istəmədən çılpaqlığı ilə göstərir ki, insanlar belə anlarda özü söydüyü, mənəvi olaraq pis baxdıqları, qəbul etmədikləri həyat tərzi sürən insanların – Rəqsanələrin, Bayram Nurluların, Afət Fərmanqızıların çörəyinə möhtac qalır. Onların hansı yolla qazandıqlarını düşünmədən onun pulunu qəbul edirsə, bundan sonra mənəvi olaraq qəbul etmədikləri dəyərlərin qarşısında sınmış vəziyyətdə olurlar.
Təbii ki, yardım edənlərin səmimiyyətini şübhə və kölgə altına almıram, amma belə olmur. Özünüz hər şey yaxşıdı deyib, sonra bu insanların necə çətin vəziyyətlərdə yaşadığını öz videolarınızda göstərəndə özünüzlə ziddiyyət təşkil edirsiniz. Məqsədiniz dəstəklədiyiniz dövlətə yardım etməkdirsə, bu, normaldır və hörmət edirəm fikrinizə, amma dediklərinizlə göstərdikləriniz düz gəlmir axı. İnsanlar o videoları görəndə təriflərinizlə o göstərdiyiniz görüntülər üst-üstə düşmür. Əslində vəziyyətin görünməsində heç bir problem yoxdur, onsuz da hamı hər şeyi bilir, amma heç olmasa, özünüzlə ziddiyyət təşkil etməyin.
Əslində demək və yazmaq istədiyim məqamlar çoxdur, sadəcə yazı uzandıqca uzanır və boş boş fikirlərlə vaxtınızı almış oluram. Amma bütün bu yazdıqlarımı bir cümlə ilə də ifadə edə bilərdim. Lakin o zaman aqressiv görünəcəkdim. Əgər bir cümlə ilə ifadə et desəniz, belə edərəm:
“Bu məmurlar öz vətəndaşlarını Rəqsanələrə, Bayram Nurlulara, Afətlərə, Şəbnəmlərə möhtac qoymamalıydı”.