Müharibə təkcə ölkələri, şəhərləri, yurd yerlərini viran qoymur. Müharibə həm də milyonlarla insanın həyatını alt-üst edir, taleyini qaraldır, arzularını məhv edir. Müharibə həm də bir nəslin xəyallarını darmadağın edir, onları yarıyolda buraxır. Müharibə işıqlı gəncliyin, xoşbəxt sabahın, gözəl gələcəyin qatilidir. Biz bu yanğınları həyatımızda görmüş, duymuş, yaşamış insanlarıq. Nə qədər əzizlərimizi itirdik bu müharibə alovlarında. Nə qədər göz yaşları tökdük, nə qədər canımız yandı. Nə qədər anaların sinəsinə dağlar çəkildi. Nə qədər körpələr yetim, gəlinlər dul, evlər sahibsiz qaldı. Nə qədər işıqlı, enerjili gənclər getdi torpaq altına, böyük istedad sahibi olan gənclər. Bu ölkənin ümid yeri olan, intellekti, bacarığı, təhsili ilə gələcəyin sərmayəsi olan gənclər.
Bir xalq olaraq itirdiklərimizin fərqindəyikmi? Çox uzağa getməyək. Təkcə aprel döyüşlərini xatırlayaq. O döyüşlər zamanı həlak olan gənclər kimlər idi? Böyük əksəriyyəti xüsusi istedadlı, yüksək təhsilli və ya peşəkar hərbi məktəb keçmiş say-seçmə oğullar. Orda həlak olan 3 şəhid pilotumuz haqqında film çəkilib. Şəhidliklərindən sonra “Azərbaycan bayrağı” ordeni ilə təltif edilən mayorlarımız Təbriz Musazadə, Urfan Vəlizadə və baş leytenant Əbubəkir İsmayılov haqqında. Seyr etdikcə insan göz yaşlarına hakim ola bilmir. Üç xüsusi yetişdirilmiş pilot, peşəkar döyüş təyyarəçisi. Onların boşluğunu doldurmaq üçün neçə illər lazım gələcək? Peşəkar pilot yetişdirmək asan məsələdir məgər? Yaxud bu döyüşlərdə şəhid olan polkovnik-leytenant Raquf Orucovun, polkovnik-leytenant Sənan Axundovun, baş leytenant Cavid Dədəkişiyevin yerini necə? O peşəkar hərbçiləri kim əvəz edəcək ordu sıralarında?
Aprel döyüşlərinin başqa bir qəhrəmanını xatırlayaq – MüşfiqOrucovu. Hərbi xidmətini başa vurmağa cəmi iki ay qalmış şəhid olmuşdu. Evin yeganə övladı olan Müşfiq universitetə 700 balla girmişdi. Daha bir gənc şəhidimiz– rəssam-heykəltaraş Samir Kaçayev. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirmişdi. Magistraturaya daxil olub hərbi xidmətə yollanmışdı. Aprel ayının 1-dən 2-nə keçən gecəki döyüşlərdə şəhid olmuşdu. Ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olundu. Yaradıcılığına həsr olunan alboma 50-dən çox heykəltəraşlıq və qrafika işləri daxil edilib. Bu qeyri-adi istedada və yaradıcılıq qabiliyyətinə malik gəncləri yetişdirmək üçün neçə il gözləməli olacağıq?
“Torpaq uğrunda ölən varsa vətəndir”. Bu acı həqiqəti biz də qəbul edirik. Amma döyüşlər uğura doğru getdiyi bir məqamda durdurulacaqdısa, ordumuza “geriyə çəkilin” əmri veriləcəkdisə, hansı zərurətdən irəli gəlirdi bu qədər seçmə oğulları qırdırmaq? Hansı siyasi oyunun, hansı planın məşqi idi bu qanlı döyüş? Bu qədər parlaq istedadlı, yüksək təhsilli gəncləri şəxsi ambisiyalar naminə qurban verməyə dəyərdimi? Bir xalq olaraq, Qarabağ müharibəsində itirdiklərimizin fərqində deyilik. İtirilən torpaqların hər gün bizdən uzaqlaşdığının, torpaq olan gənc ömürlərin geri qayıtmayacağının fərqində deyilik, anlaşılan. Fərqində olsaydıq, on illərdir Qarabağ savaşı üzərində siyasi oyunlarını həyata keçirən bu hakimiyyət belə uzun sürməzdi. İtirilən torpaqlara ümid işığı yandırmağın, müharibə üzərində qurulan siyasi oyunlara və atəşkəs ölümlərinə son qoymağın yolu bu hakimiyyəti tarixin arxivinə göndərməkdən keçir. Bu yarıtmaz, antimilli rejimdən qurtulmayınca, Qarabağ müharibəsində də yaxşılığa doğru heç bir dönüş olmayacaq.