Kaşpirovskinin qayıdışı

 

“Kişi, utanmırsan başuvun tükünü bu qədər uzadıb qırxdırmırsan? Hələ xəcalət çəkməyib deyirsən ki, Məmmədvəlinin burnunun qanı kəsilmir? O allahın qəzəbidir ki, səni tutub. Yoxsa harda görsənən şeydir ki, burunun qanı kəsilməyə? Sənin tək müsəlmanlar bundan da artıq bəlaya giriftar olacaqlar!”

(Mirzə Cəlil, “Dəllək” hekayəsi)

İnternetin “rus sektorunda” bir zarafat gördüm, yazmışdılar koronavirus karantini üzündən təbiət necə təmizlənibsə Kaşpirovski təzədən peyda olubdur. Yutub-da profil açıb nəsə videolar paylaşırmış. Əhalini müalicə edirmiş. O cümlədən, COVİD-19-dan.

Əlbəttə, “indiki uşaqların yadına gəlməz”, ancaq biz homo sovetikuslar Kaşpirovskini yaxşı xatırlayırıq. Elə xəcaləti unutmaq olmaz. Hələ bir Alan Çumak da vardı. SSRİ-nin dağılmasına az qalmış, Qorbaçovun perestroyka hoqqasının şiddətli vaxtında bunlar televizor ekranına çıxıb camaatı... müalicə edirdilər. Biri ağzını mırçıldadır, o biri stəkandakı suya enerji yükləyirdi. Astmadan xərçəngə, revmatizmdən sonsuzluğa qədər dünyadakı bütün insani və qeyri-insani dərdlərə, xəstəliklərə “əlac” tapılmışdı. Dəqiq yadımda qalmayıb hansı idi, deyəsən Kaşpirovski hətta əlillərin itirdikləri orqanları bərpa edirdi. Bəlkə indi lətifə kimi görünür, ancaq milyonlarla camaatı inandırmışdılar ki, Kaşpirovskiyə televizorda baxan əlsiz, ayaqsız adamların əli və ayağı təzədən çıxır.

Həmin o biabırçı televerilişlər əslində həm də sovet təhsil sisteminin necə bərbad olmasının təzahürü idi. Əgər insanlar mükəmməl təhsil almışdılarsa, belə cəfəngiyyata, fırıldağa necə inana bilərdilər? Moskvadan enerji üfürürlər, sən ekran qarşısına stəkanda su qoyursan, enerji suya hopur, içib sağalırsan. Yəqin Şeyx Nəsrullah bu lotuluğun miqyasına həsəd aparardı. İndi bəzən kimsə deyəndə ki, biz sovet vaxtı daha çox kitab oxuyurduq, hər evdə kitab şkafı dolub-daşırdı, nə bilim, sovetin elmi dünyada ən güclü idi və sairə - məni acı rişxənd hissi bürüyür. Çox oxuyan toplum elə kütbeyin ola bilməzdi.

Yeri gəlmişkən, o lotular sırasında bir az fərqli müstəvidə, milli zəmində çalışan həmyerlimiz də var idi, haqqında kitablar yazır, verilişlər çəkirdilər: Tofiq Dadaşov. Bu da guya insanın fikrini oxuya bilirdi. Volf Messinq adlı sirk artistinin hələ 30-40-cı illərdə arenada nümayiş etdirdiyi fokusu Dadaşov hansısa fenomenal qabiliyyət adıyla millətə sırımışdı. (2015-ci ildə bu temada “Messinqin kələyi” adlı yazım olub, indi təkrar etmək istəmirəm). Yalnız bir məsələyə diqqət edin ki, hər kəsin videokameralı alətlərlə silahlandığı dövrdə bu tip sirk artistləri öz-özünə buxarlandılar, yoxa çıxdılar. Hələ bizim “Əli və Nino” romanında rast gəlinən, lakin Polad Alemdarın sayəsində bir ara bizim ellərdə populyarlaşan afyorizmdə deyilən kimi, “iki nəfərin bildiyi sirr olaraq qalmadı”.

Söz açılmışkən, bəzən sovet nostaljisi çəkən adamlar o dövrün səhiyyəsini müsbət mənada yada salırlar. Halbuki, o zaman da bizim səhiyyə olduqca bərbad vəziyyətdə idi. Uzun zaman SSRİ-nin səhiyyəsi Afrika səviyyəsində olub, insanlar cürbəcür yoluxucu xəstəliklərdən qırılıblar. Poliomielit və malyariya hətta 1990-cı illərin ortalarına qədər qalırdı, kiçik epidemiyalar şəklində baş qaldırırdı. Böyük şəhərlərdəki bəzi xüsusi xəstəxanaları çıxmaq şərtiylə, əksər səhiyyə obyektləri tövlədən fərqlənmirdi. “Boğazda ət var” adıyla adamları yıxıb sözün əsl mənasında kəsirdilər, diş həkimləri ağrıkəsici, müalicə adlı prosedurlardan xəbərsizdi, sarılıq, dizenteriya, vərəm, çiçək adi xəstəliklərə çevrilmişdi. Doğum evi, ginekoloji xidmətin yoxluğu üzündən qadınlar öz evlərində, heç bir şəraiti olmayan antisanitar mühitdə doğurdular. Kor bağırsağın iltihabı dəhşətli əməliyyat sayılırdı. Həkim peşəsinə qəti hörmət qoyulmurdu, örnək üçün, mən uşaq vaxtı kəndimizdəki üzümlüyə məhsul yığımına zorla gətirilən həkimləri yaxşı xatırlayıram. Ağ xalatlı həkimlər təcili yardım maşınından düşüb vedrədə üzüm daşıyırdılar. Tibbi xidmət yalnız beş-on fanatik həkimlərin sayəsində nəyəsə nail olurdu.

SSRİ dağılandan sonra bizim səhiyyə lap pis kökə düşdü. İndi qəfildən haqq-ədalət carçısına, müxalifət liderinə çevrilən İnsanov Vərəm Dispanseri adlı obyektin müdiri olmuşdu. Metronun Qarayev stansiyası yaxınlığındakı o xəstəxanadan 90-cı illərin sonlarında reportaj yazmışam. Dünyanın ən biabırçı səhiyyə obyektlərindən biri idi. İnsanov buna görə xəcalət çəkməyib heç zaman.

Bəlkə biz onu da yerinə, vəzifəsinə qaytaraq? Kaşpirovski qayıdıbsa, niyə də olmasın... 

Tarix: 16-04-2020, 19:53
Xəbəri paylaş



Xəbər lenti