Baqaja könüllü girənlər, məcburən çıxarılanlar

 

İndisindən uzaq olsun, 3-4 il əvvəl idi, İstanbul aeroportundaydıq. Qanacaqsız adamlar növbəni pozmasınlar deyə quraşdırılmış dəmir məhəccərlərin arası ilə, ilan kimi qıvrıla-qıvrıla irəliləyərək pasport nəzarəti pəncərəsinə yaxınlaşırdıq. Elə də basabas, sıxlıq yoxdu, tamam seyrəklik idi. Birdən fikir verdim ki, bizdən təxminən 10-15 metr aralıda olan 3-4 adam məhəccərin dirsək hissəsində mühafizə lentini qaldıraraq, irişə-irişə bizim cərgəyə keçdilər və bizdən 10 addım qabağa düşdülər.

Adamlar yerli türklər də ola bilərdilər, iranlılar da, moldovanlar da, gürcülər də, bizim regionda yaşayan, sir-sifətdən, saç-saqqaldan bizə oxşayan başqa millətlərin nümayəndələri də. Amma mən onların məhz azərbaycanlı olduqlarını düşündüm və yanımdakılara da dedim. Sual gəldi: “Nə bilirsən?” O zaman dürüst cavab ağlıma gəlmədi, deyə bilmədim, “intuisiyam belə deyir” dedim, amma bu intuisiya məsələsi deyildi. Qanun-qaydanı pozan həmvətənlərimizin sifətində həmişə xüsusi bir ifadə olur – yekəxana və riyakar təbəssüm, bir də belə bir qısa dialoq: “Ə, bas keç o yana”. “Camaat var axı, baxırlar”. “Ə, camaat ... yeyir, keç”.

Yavaş-yavaş onlara yaxınlaşdıq və məlum oldu ki, fəhmim məni aldatmayıb, qardaşlar azərbaycanlıdır və yenə girəvələyirlər ki, heç olmasa ikicə adamdan da qabağa düşüb pasportlarına daha tez möhür vurdursunlar. Sifətlərində də həmin ifadə. Bəli, anaları bunları belə “blatnoy” doğub, yerdə qalan sərnişinlər kimi növbəyə dura bilməzlər, hamı qələt eləyir, əsas bunlardır.

Sizi bilmirəm, mən o cür situasiyalarla çox rastlaşmışam və diqqətli olsaq, olmasaq da, hər gün ürcahımıza çıxır. Məsələn, adicə karantin rejimi ilə bağlı yollarda qurulan postlarda yol polisləri şəhərə çıxmaq icazəsi olub-olmayanları bir-bir yoxladığı və avtomobillərin səliqə ilə növbə gözlədiyi vaxt mütləq yeddi-səkkiz sürücü sıranı pozaraq, düz polislərin yanından növbəsiz soxulmağa cəhd göstərir. O gün axırda yol polisi birinə acıqlandı ki, a kişi, görmürsən, növbədə bu qədər adam var, kimdən artıq oğlansan, sırada dur dəə... Ənənəvi cavab: “Tələsirəm e, rəis”.

Tələsmək məsələsi deyil, adam tərbiyəsizdir, qanacaqsızdır, mədəniyyətsizdir, qayda-qanundan bixəbər yaramazdır.

Ona görə də hər gün “Avtomobilin baqajında Bakıya gəlmək istəyən şəxs yaxalandı” başlıqlı xəbərlər oxuyanda artıq heç kəs təəccüblənmir. 25 gündür bu cür xəbərlər gəlir. 25 gündür adamlar baqajlardadır. Adətən, detektiv filmlərdə pis banditlər adamları baqaja zorla basırlar, yaxşı polis və yaxşı banditlər onları azad edirlər. Bizdə isə adamlar baqaja könüllü girir, polislər onları zorla çıxarır.

Söz yox, özünü baqaja yerləşdirib xüsusi karantin rejimini pozanların hərəsinin öz keçərli səbəbləri var, hamısının söhbəti göyçəkdir və postda mənim kimi ürəyi yumşaq adamlar olsa, hamısını dinləyəndən sonra bir-bir buraxarlar ki, bu üzrlü səbəbdən gedir, qoy getsin. Amma elə deyil axı. Tətbiq edilmiş qayda-qanun tələb edir ki, millətin başının salamatlığı üçün karantin rejiminə əməl edilməlidir. Vəssalam.

Di gəl, bunu sifətində daima təkəbbürlü irişmə, dilində “qələt eləyirlər, bir yol tapıb keçərik” ifadəsi gəzdirən adamlara başa sal.

Henrix Himmler dirilə, öz gestaposu ilə gəlib postda dura, qayda pozanlara “hende hox” qışqıra, yenə xeyri yoxdur, həmin adamlar irişə-irişə ona yaxınlaşacaqlar ki, rəis, mənə bir yaxşılıq elə, burax, qardaşın da sənə üçdən-beşdən hörmət eləsin.

Təkcə karantin rejimini pozsaydıq, nə dərd vardı ki. Tərs kimi, biz yazılan, yazılmayan nə qədər qayda-qanun var, hamısını pozmağa meylliyik. Hətta bu gün qanun qəbul edilsə ki, bu ölkədə hər kəs qanunları mütləq pozmalıdır, bir xeyli adam o qanunu da pozacaqlar, pozuntu-filan etməyəcəklər. Höcətliyin, inadkarlığın bu qədəri...

Məsələn, 28 ildir ölkəmizdə tələbələr ali məktəblərə test üsulu ilə qəbul olunur, başqa variant yoxdur, biliyin var, qəbul olunursan, yoxdur, balın çatmır, qıraqda qalırsan, amma hər il minlərlə adam bir ətək pulu aparıb dələduzlara verir ki, “gör, bizim uşağı inistuta imtahansız qəbul elətdirə bilirsənmi”. Onlar da duru yerindən bir neçə yüz mini qatlayıb qoyurlar ciblərinə, uşağın adını da Dağıstanın, Ukraynanın, Türkiyənin “kitayski universitetinə” yazdırırlar. Bir də 4 ildən sonra vay-nöfsə qopur ki, Azərbaycan o universitetlərin diplomunu tanımır və yenə başlayırlar əyri yollar, dal qapılar axtarmağa, qanunların böyründən, belindən keçməyə cəhd göstərməyə.

Biz beləyik, bu gedişlə bizi heç koronavirus da düzəltməyəcək.

Tarix: 15-04-2020, 14:18
Xəbəri paylaş



Xəbər lenti