Zakir İbrahimovun oğlunun mediadakı arxivi: "Qızıl Oğlan", Şübhəli Tenderlər və "PP" Seriyalı Lüks Həyat

"AzerGold" Sədrinin "Qızıl" Oğlu: Şübhəli Tenderlər, Bahalı Avtomobillər və Qohumlar Şəbəkəsi

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə "Azərbaycan Qolf Federasiyası" İctimai Birliyinin ümumi yığıncağı keçirilib və Rauf Xəlilov növbəti 4 il müddətinə federasiyanın prezidenti seçilib. Yığıncaqda federasiya rəhbərliyinə seçkilər də keçirilib. Səsvermənin nəticələrinə əsasən, "AzerGold" QSC-nin sədri olan Zakir İbrahimov və Anar Əzimov federasiyada vitse-prezidentləri, Kamran Qasımov, Zaur İbrahimov (Zakir İbrahimovun oğlu) və Kamal İbrahimov isə İdarə Heyətinin üzvləri seçiliblər. Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Afaq Zeynalova sədr, Nigar İbrahimova və Səmayə Rəsulzadə isə üzv seçiliblər.


Bu təyinatlar fonunda "AzerGold" QSC-nin sədri Zakir İbrahimovun oğlu Zaur İbrahimovun adı ətrafında yayılan iddialar yenidən gündəmin mərkəzinə gəlib.

32gun.az internet resurslarında müəyyən araşdırma edib. Araşdırmamız  göstərir ki, gənc Zaur İbrahimovun karyerası və həyat tərzi sual doğuran məqamlarla doludur.


Britaniya Təhsilindən "Ailə Tenderlərinə"

İddialara görə, Zaur İbrahim Böyük Britaniyada bahalı ali təhsil alıb 2019-cu ildə Bakıya qayıtdıqdan sonra, əmək fəaliyyətinə bibisinin həyat yoldaşının rəhbərlik etdiyi Mənzil İnşaatı Dövlət Agentliyində (MİDA) başlayıb. Lakin burada iş yoldaşına qarşı fiziki zorakılıq tətbiq etdiyi üçün işdən uzaqlaşdırıldığı bildirilir. Bundan sonra atası Zakir İbrahimovun himayəsi ilə "Buta Construction" QSC (indiki "AZCD Group") üzərindən böyük bir biznes şəbəkəsi qurulduğu iddia olunur. "Sifarişçi ata, icraçı oğul" sxemi ilə işləyən bu mexanizm sayəsində "AzerGold"un milyonlarla manatlıq tenderlərinin, o cümlədən 22 milyon manatdan çox dəyəri olan Tülallar-Çovdar yolunun inşasının məhz bu şirkətə verildiyi vurğulanıb.


Lüks Həyat: Silahlı Gəzinti və 90-PP-677 Seriyası

Zaur İbrahimovun adı mətbuatda həm də həddindən artıq dəbdəbəli həyat tərzi və aqressiv davranışları ilə hallanır. 1997-ci il təvəllüdlü bu gəncin qısa müddətdə böyük bir avtomobil kolleksiyasına sahib olduğu bildirilir. Məlumatlara görə, onun sərəncamında olan Audi RS7, BMW X6 və xüsusilə 90-PP-677 dövlət qeydiyyat nişanlı Land Rover Discovery markalı avtomobillər diqqət çəkir.



Hətta iddia olunur ki, gənc İbrahimov avtomobilində qanunsuz olaraq silah gəzdirir və işçiləri ilə ünsiyyət zamanı "Mən sədr oğluyam, sizi elə edərəm heç yerdə parkovşik də işləyə bilməzsiz" deyərək onları təhqir edir.



"Xərac" Sistemi və Korrupsiya Şəbəkəsi

Yazılan məlumatlarda həmçinin "AzerGold"un tenderlərini udan digər şirkətlərdən də "haqq" yığıldığını iddia edir. Bu prosesdə Zaur İbrahimovla yanaşı Rüfət Cabbarov adlı şəxsin də adı çəkilir. Şirkətlərə tender dəyərinin 10%-i miqdarında "xərac" kəsildiyi, bu pulların isə müxtəlif MMC-lər vasitəsilə nağdlaşdırılaraq Zaur İbrahimova təslim edildiyi bildirilir. Hətta mətbuatda yer alan məlumatlara görə, Zaur İbrahimovun dəbdəbəli toy mərasimi ərəfəsində bu "faiz dərəcələri" daha da artırılıb.


Rəsmi Təkziblər və Acı Həqiqətlər

"AzerGold" QSC tərəfindən yayılan rəsmi açıqlamalarda bütün bu iddialar "həqiqəti əks etdirməyən və qurumun nüfuzuna xələl gətirən məlumatlar" kimi qiymətləndirilsə də, Qolf Federasiyasındakı son təyinatlar ailə bağlarının dövlət və ictimai resurslar üzərindəki təsirini bir daha ortaya qoyur. Zakir İbrahimovun həm rəsmi vəzifədə, həm də federasiyada oğlu və yaxın qohumları ilə eyni idarə heyətində təmsil olunması, mətbuatdakı korrupsiya və ailə biznesi iddialarının üzərindən dumanı daha da qatılaşdırır.


32gun.az olaraq xatırladaq ki, Azərbaycan Qolf Federasiyasına uzun müddət keçmiş nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov rəhbərlik edib.

Lakin sabiq nazirin vəzifədən uzaqlaşdırılmasından sonra federasiyanın fəaliyyətində uzunmüddətli durğunluq yaranmış, qurumun maliyyə imkanları məhdudlaşmış və Bakıdakı Qolf Akademiyası fəaliyyətini dayandırmışdı.

Faktiki olaraq rəhbərsiz qalan və beynəlxalq layihələrdən kənarda qalan federasiyada idarəçilik boşluğunu aradan qaldırmaq məqsədilə 2021-ci ildə rəhbərlik dəyişdirilərək Rauf Xəlilova həvalə edilmişdi.

Rauf Xəlilov isə 2026-cı ilin aprel ayında keçirilən növbəti ümumi yığıncaqda yenidən federasiya prezidenti seçilərək növbəti 4 il müddətinə öz postunda qalıb.

 32gun.az

PS: Təqdim etdiyimiz bu material yerli media orqanlarında dərc edilən xəbərlərə, məlumatlara əsasən hazırlanıb

Tarix: Dünən, 22:38
Xəbəri paylaş



Xəbər lenti