Kallasın Bakı səfərinin pərdəarxası: Əliyevlə görüşdə hansı mesajı çatdırıb?

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycana səfər edib. İndiki məqamda bu səfər çox mühümdür. Məsələ ondadır ki, Avropa Parlamentinin 30 aprel tarixində Azərbaycanla bağlı qəbul etdiyi qərəzli, həqiqəti əks etdirməyən qətnaməsindən sonra Milli Məclis də öz növbəsində bu qurumla əlaqələri dayandırdı.
Məhz bu kontekstdə Kaya Kallasın Bakıya səfəri tərəflər arasında yaranmış gərginliyin idarə olunması və dialoq imkanlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Səfərin əsas məqsədlərindən biri də mövcud narahatlıqların diplomatik yollarla müzakirə edilməsi, qarşılıqlı mövqelərin aydınlaşdırılması və münasibətlərin daha da gərginləşməsinin qarşısının alınması idi.
K.Kallas deyib: “Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır, ona görə də bu gün Bakıda olmaqdan məmnunam”.
Bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər əsasən siyasi dialoq və praktik əməkdaşlıq üzərində formalaşır. Bu münasibətlərin məzmunu həm tərəflər arasında aparılan yüksək səviyyəli görüşlər, həm də qəbul edilən birgə sənədlərlə müəyyən olunur. Bu sənədlər əməkdaşlığın yalnız deklarativ deyil, həmçinin real məzmun daşıdığını və müəyyən sahələr üzrə strateji xarakter aldığını göstərir.
Hazırda tərəflər arasında əməkdaşlıq əsasən üç istiqamət üzrə institusional dialoq mexanizmləri vasitəsilə davam etdirilir. Bu mexanizmlər nəqliyyat, enerji təhlükəsizliyi və təhlükəsizlik sahələrini əhatə edir. Qeyd olunan sahələrdə aparılan müzakirələr həm regional sabitlik, həm də iqtisadi və siyasi inteqrasiya baxımından mühüm əhəmiyyət daşıyır.
Rusiya–Ukrayna müharibəsinin başlanmasından sonra Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol xüsusilə artıb. Bakı Avropanın enerji təchizat xəritəsində etibarlı tərəfdaş kimi mövqeyini ildən-ilə möhkəmləndirir. Azərbaycan qazı artıq ondan çox Avropa ölkəsinə çatdırılır. Xüsusilə son dövrlərdə bəzi Qərbi Avropa ölkələrinə enerji təchizatının genişlənməsi bu sahədə əməkdaşlığın artan dinamikasını nümayiş etdirir. Belə ölkələrdən biri də İtaliyadır. Təsadüfi deyil ki, Kaya Kallasdan öncə İtaliya Nazirlər Şurasının sədri Corciya Meloni də Azərbaycana səfər etmişdi.
Azərbaycan həm də nəqliyyat və regional bağlantılar sahəsində Avropa üçün mühüm ölkədir. Xüsusilə Xəzər və Qara dəniz hövzələrini birləşdirən layihələr, eləcə də regionda kommunikasiyaların açılması və logistika imkanlarının genişləndirilməsi istiqamətində irəli sürülən təşəbbüslər Avropa İttifaqı tərəfindən müsbət qiymətləndirilir. Bu proseslər həm Şərq–Qərb nəqliyyat dəhlizinin inkişafına, həm də regionlararası iqtisadi əlaqələrin güclənməsinə töhfə verir.
K.Kallasın səfərinin ən diqqət çəkən tərəfi, şübhəsiz, Ermənistanda keçirilən “Avropa Siyasi Birliyi” Zirvəsindən sonra Azərbaycana gəlməsidir. Bu, onun və təmsil etdiyi qurumun iki ölkə arasında balans siyasətindən xəbər verir. Kaya Kallas bundan əvvəl də Azərbaycanda səfərdə olmuş, həmçinin müxtəlif beynəlxalq platformalar çərçivəsində Prezident İlham Əliyevlə görüşlər keçirmişdi. Bu təmaslar Azərbaycan ilə Avropa İttifaqı arasında yüksək səviyyəli siyasi dialoqun formalaşdığını və müəyyən mövzularda fikir ayrılıqlarına baxmayaraq əməkdaşlıq kanallarının açıq saxlandığını göstərir.
Hazırda regionda Ermənistan və Azərbaycan arasında sülh gündəliyi uğurla davam etdirilir. Son illərdə aparılan diplomatik proseslər iki ölkənin sülhdə həm maraqlı olduğunu, həm də bu prosesə yaxınlaşdığını  Lakin bir daha qeyd etmək yerinə düşər ki, Avropa Parlamentinin 30 aprel tarixində Azərbaycanla bağlı qəbul etdiyi qərəzli, həqiqəti əks etdirməyən qətnamə həm də bu prosesə zərər vuracaq mahiyyətdə idi.
K.Kallas səfər çərçivəsində həm Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, həm də Prezident İlham Əliyevlə görüşüb. Bu görüşlərə və müzakirə edilən məsələlərə baxdıqda, Kallasın mövcud narahatlıqları aradan qaldırmaq və əməkdaşlığın inkişaf edən xətt üzrə davamı üçün səfər etdiyini demək olar.

Müəllif: Turan Rzayev,

AXS.az

Tarix: Dünən, 16:03
Xəbəri paylaş



Xəbər lenti