
Keçmiş administrasiya rəhbəri Ramiz Mehdiyevin "xəmiri hələ çox su aparacaq".
Hakimiyyətin uzun illər əsas və iri kötüklərindən olmuş sabiq PA rəhbəri ətrafında baş verən fırtına güclənməkdədir. Gündəmə bomba effekti ilə düşmüş bu hadisə qarşıda iri fiqurantların başının getməsi ilə nəticələnə bilər. Siyaset.info təhlil edir ki, Mehdiyev işi təkcə bir siyasi klanın demontaj edilməsi deyil, bütövlükdə bir sistemin budaqlarının silkələnməsi, yeni bir mərhələyə keçidin başlanğıcıdır. Çünki illərlə boz və banal siyasət yürütmüş Mehdiyev, eləcə də komandası ciddi siyasi durğunluğa səbəb olub. Habelə, bu idarəetmədə Rusiya təsiri göz deşirdi: Moskvadan verilən siyahı üzrə parlament heyəti formalaşırdı, yaxud ruspərəstlərdən təşəkkül tapmış bir Milli Məclis olurdu. Mehdiyev bununla Rusiya xəttini müdafiə edənləri parlamentə doldurmuşdu. İndi isə bir klanın corab sapı kimi sökülməsi həm də bir siyasi sistemin dağıdılıb yenisini qurmağa hazırlıq dövrüdür. Kəsəsi, ölkə yeni dönəmə keçid edir: birincisi, referendum keçirilməsi, ardınca növbədənkənar parlament seçkiləri. Ümumxalq səsverməsi təbii ki, yalnız Mehdiyevə görə deyil; Naxçıvanın muxtar statusu, yerli icra orqanlarının ləğvi, deputat sayının artırılması, qanunvericilikdə bir sıra dəyişiklik və ya düzəlişlər. Eyni zamanda, icra orqanlarının əvəzinə nümayəndəliklərin yaradılması, bələdiyyələrin səlahiyyətlərinin artırılması və digər islahatlar nəzərdə tutulur. Sözsüz ki, referendumdan sonra yeni parlament seçkilərinin elan olunması istisna edilmir. Çünki parlamentdə hazırkı siyasi elitaya yaxın deputatlar azdır. Ona görə də yeni bir sistemə keçiddə qanunverici orqanın da təzələnməsi qaçılmazdır. Lakin buna qədər referendum baş tutmalıdır. Yeri gəlmişkən, vitse-spiker Ziyafət Əsgərov və parlamentin bəzi üzvləri referendum keçiriləcəyinə eyham vuran açıqlamalar veriblər. Sadəcə, zaman daralır və 12 noyabr - Konstitusiya Gününə qədər elan olunmalıdır.
Bununla da Ramiz Mehdiyev "ənənə"lərinə son qoyulmasına start veriləcək.
Çünki Ramiz Mehdiyev uzun illər Azərbaycan dövlətinin idarəçilik sistemində bütün müsbət yenilikləri, tərəqqini, yaradıcı təşəbbüskarlığı udan “qara dəlik” rolunu oynayıb, ölkədə etimadlı siyasi münasibətlərin formalaşmasına, çoxpartiyalı sistemin inkişafına süni maneələr yaradıb. Bunu bacarmayanda isə ölkənin siyasi sisteminin inkişafına xidmət edən bütün addımların formal xarakter daşımasına səy göstərib, islahatçı təşəbbüslərin və real addımların gözdən salınmasına, iflasa uğramasına çalışıb, sistemdənkənar “əyləc” funksiyasını yerinə yetirib. Odur ki, yeni siyasi transformasiya vaxtıdır və referendumdan sonra 2026-ci ildə seçkilərin keçirilməsi istisna deyil.
Azər Talıbov
Siyaset.info