Cənubi Qafqazda geosiyasi güc balansının yenidən formalaşdığı bir dövrdə Zəngəzur dəhlizi regional kommunikasiyadan daha artıq anlam daşımağa başlayıb. Azərbaycan üçün bu dəhliz yalnızca Naxçıvanla birbaşa quru əlaqəsinin bərpası deyil, eyni zamanda Türk dünyasının inteqrasiyası və beynəlxalq ticarət axınlarının yenidən qurulması baxımından strateji bir layihədir.Son zamanlar ABŞ-ın Zəngəzur dəhlizi üzərində müəyyən nəzarət təşəbbüsü ilə çıxış etdiyi barədə yayılan məlumatlar isə diqqəti yeni bir geosiyasi dinamikaya yönəldir. ABŞ-ın belə bir niyyəti varsa, bu, təkcə iqtisadi deyil, həm də geosiyasi maraqların bölgəyə daşındığını göstərir.
Məsələnin dərinliklərinə varmaq və dövlətimizin mövqeyini daha dolğun anlamaq üçün millət vəkili, iqtisad elmləri üzrə fəlsəfə doktoru Vüqar Bayramov ilə həmsöhbət olduq.
Moderator.az həmin müsahibəni təqdim edir:
– Cənab deputat, Zəngəzur dəhlizi ilə bağlı son dövrlər ABŞ-ın bu marşrut üzərində nəzarət təşəbbüsü ilə çıxış etdiyi iddia olunur. Sizcə, bu yanaşma nə dərəcədə real və hüquqi əsaslara malikdir? Azərbaycanın milli maraqları baxımından belə bir nəzarət forması qəbulolunandırmı?
– Bildiyiniz kimi, son dövrlərdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin dinamik inkişafı müşahidə olunur. Hətta Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə keçirilən Qlobal Media Forumundakı çıxışına xüsusi diqqət yetirməsi və bu çıxışı paylaşması da onu göstərir ki, tərəflər arasında siyasi münasibətlərdə yeni mərhələnin konturları görünməkdədir. Bu isə təkcə diplomatik jest deyil, düşünürəm ki, həm də əməkdaşlığın dərinləşməsi istiqamətində bir mesajdır.
Azərbaycan isə bu münasibətlərdə daima öz milli maraqlarını əsas götürür. Xüsusilə də regionla bağlı məsələlərdə Bakı birmənalı şəkildə yalnız və yalnız milli prioritetlərə uyğun qərarlar qəbul edir. Bu kontekstdə Zəngəzur dəhlizinin reallaşması məsələsi artıq zaman məsələsinə çevrilib. Azərbaycanın mövqeyi aydındır: Zəngəzur dəhlizi açılacaq və bu, təkcə ölkəmiz üçün deyil, bütövlükdə region üçün mühüm imkanlar yaradacaq.
Bu baxımdan, Azərbaycanın yanaşması dəyişməzdir. Bütün qərarlar yalnız milli maraqlar nəzərə alınaraq qəbul olunur və gələcəkdə də bu yanaşma davam etdiriləcək. Zəngəzur dəhlizi məsələsində də eyni prinsip rəhbər tutulur. Çünki istənilən halda Azərbaycanın qərarları ölkənin suverenliyini, təhlükəsizliyini və iqtisadi maraqlarını qorumağa yönəlib.
– ABŞ-ın nəzarət istəyi fonunda Rusiyanın bölgədəki mövqeyi və təsir imkanları ilə bağlı nə düşünürsünüz? Kreml Zəngəzur dəhlizində Qərbin möhkəmlənməsinə hansı reaksiya verə bilər?
– Zəngəzur dəhlizinin qərbi – yəni Ermənistan ərazisindən keçən hissəsi ilə bağlı fərqli yanaşmalar mövcuddur. Rusiya bir tərəfdən Ermənistanın dəmir yolu şəbəkəsini idarə edir, digər tərəfdən isə Moskva ilə İrəvan arasında münasibətlərin gərginliyi bu idarəetməni davamlı perspektivdə sual altına alır. Ermənistanın son açıqlamaları da bu münasibətlərin dərin fikir ayrılıqları ilə müşayiət olunduğunu sübut edir.
Dəhlizin Ermənistan ərazisindən keçən hissəsinə nəzarətlə bağlı isə hələ də müxtəlif tərəflər mövcuddur. Burada yalnız ABŞ deyil, həm də Avropa İttifaqı və Rusiya kimi aktorlar prosesə təsir göstərməyə çalışırlar.
Bu maraqların toqquşduğu nöqtədə Azərbaycanın balanslı, lakin prinsipial mövqeyi xüsusi əhəmiyyət kəsb edir.
– Dəhlizin açılması və nəzarət mexanizmi təkcə iqtisadi deyil, həm də geosiyasi nəticələr doğurur. Bu baxımdan, ABŞ və Rusiyanın maraqlarının toqquşduğu bir dəhlizdə Azərbaycanın neytrallıq siyasəti mümkün olacaqmı?
– Azərbaycan yalnız qarşılıqlı razılaşma əsasında qərarlar qəbul edəcək.
Eyni zamanda, Bakı nəqliyyat və logistika sahəsində inkişaf etmiş ölkələrlə əməkdaşlığı genişləndirməkdə maraqlıdır. Bu əməkdaşlıq da yalnız ölkənin iqtisadi dayanıqlığına, strateji mövqeyinin möhkəmlənməsinə xidmət etməlidir. Və bu günə qədər olduğu kimi, gələcəkdə də bütün qərarlar məhz bu əsaslar üzərində qurulacaq.
Hazırda Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsini tamamlamağına az qalıb. Avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir, dəmir yolu xəttinin isə növbəti ildə tamamilə istifadəyə verilməsi planlaşdırılır. Bu hissəyə tam nəzarət etmək hüququ Azərbaycanın suveren iradəsinin bir ifadəsidir və bu, heç bir halda müzakirə predmeti deyil.