Ağ Evdən İrəvana bəd xəbər - Tramp bundan imtina etdi


Vaşinqton “rəngli inqilab”lara daha sponsorluq etməyəcək; Moskva bu fürsətdən Ermənistanda istifadə edə bilərmi? - iki rəy

ABŞ dövlət katibi Marko Rubio ölkənin xarici ölkələrdəki diplomatlarına göstəriş verib ki, həmin dövlətlərdə keçirilən seçkilərin ədalətliliyi və şəffaflığı barədə fikir bildirməsinlər. “Yeni Müsavat” yazır ki, bu barədə “Reuters” agentliyi Dövlət Departamentinin daxili sənədinə istinadla məlumat yayıb.

Bildirilir ki, iyulun 17-də göndərilən təlimata əsasən, ABŞ Dövlət Departamenti artıq xaricdəki seçkilərlə bağlı Vaşinqtondan rəsmi açıqlamalar və ya sosial şəbəkə paylaşımları etməyəcək. “Yalnız ABŞ-ın konkret və ciddi xarici siyasət maraqları olduğu hallar istisna edilə bilər”, - məlumatda deyilir.

Sənəddə qeyd olunur ki, seçkilərlə bağlı şərhlər sadə və qısa olmalı, əsasən qalib gələn namizədin təbrikinə və ABŞ-lə ümumi maraqlara yönəlməlidir: “Mesajlarda həmin ölkədə seçkilərin legitimliyi, demokratikliyi və ya ədalətliliyi ilə bağlı fikir yer almamalıdır”.

Bu yenilik digər ölkələr, o cümlədən Güney Qafqaz dövlətləri üçün nə deməkdir? Doğrudanmı daha ABŞ “insan haqları” bəhanəsi ilə ölkələrə təzyiq siyasəti aparmayacaq, Bayden dövründəki kimi demokratiya sammitləri keçirilməyəcək?

Bu yanaşma ABŞ-ın son onilliklərdə “məxməri inqilablar”, “narıncı çevrilişlər”, “rəngli üsyanlar” və “seçki ixracatçılığı” ilə formalaşdırdığı qlobal demokratiya layihəsinə ölüm zərbəsi kimi dəyərləndirilir. Artıq Vaşinqton bu cür proseslərdə “demokratiya nizamlayıcısı” rolu oynamayacaq və suveren ölkələrin daxili siyasi proseslərinə neytral qalacaq. Sənəddə Tramp administrasiyasının “milli suverenlik prinsipi”nə verdiyi önəm vurğulanır.

Qeyd olunur ki, ABŞ daha əvvəl digər ölkələrin seçkilərinə qarışaraq səhvlər edib və bu siyasət artıq dəyişir. Yeni kursa görə, qeyri-strateji maraq kəsb etməyən ölkələrdə keçirilən seçkilərlə bağlı açıqlamalar tamamilə dayandırılır.

Ekspertlər bildirir ki, bu sənəd Qərb mediasının və QHT-lərin də fəaliyyət sərhədlərinə dolayısı ilə zərbə vurur, çünki bu qurumlar uzun müddətdir ABŞ-ın siyasi dəstəyinə arxalanaraq daxili proseslərə təzyiq göstərirdilər. Bu mövzuda “Wall Street” jurnalı yazıb ki, sözügedən sənədin tətbiqi ilə ABŞ xarici inqilabların sponsoru statusundan çıxır, demokratiya “ixracatçılığını” dayandırır və beynəlxalq siyasi mənzərədə yeni bir mərhələ başlayır.

Yada salaq ki, əvvəlki hökumətlərin, xüsusilə də Bayden-Blinken administrasiyası dövründə digər ölkələrin daxili işlərinə qarışmaq, təzyiq və şantaj siyasəti, USAİD və başqa qurumların xətti ilə “rəngli inqilablar” siyasəti davam edib. O sırada xarici QHT və fondlar vasitəsilə Azərbaycanın daxili işlərinə müdaxilələrə cəhdlər olunub.

Yeri gəlmişkən, Prezident İlham Əliyev bu barədə açıq danışmışdı və “məxməri inqilab” üçün qrantlar ayrılmasına işarə etmişdi. Sitat: “Bu təşkilatlarda çalışan və ya əməkhaqqı alan insanların sayı isə yəqin ki, on minlərlə, hətta daha çoxdur. Biz bilirik ki, bu, nə deməkdir. Çünki burada, bizim ölkəmizdə qrantla qidalananların və qrant verənlərin özlərini ağa kimi apardıqları dövr var idi, amma biz bunun qarşısını aldıq. Ona görə də hər hansı qurumun, istər Azərbaycan və ya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməlidir və müvafiq orqanlar icazə verib-verməməyi nəzərdən keçirməlidir”.

Bütün bunlardan İrəvan məyus olmalıdırmı? Vaşinqton Ermənistana əvvəlki səviyyədə dəstək verməyə bilərmi? Rusiya bu fürsətdən gələnilki seçkilərdə istifadə edə bilərmi?


Azad Vətən Partiyasının sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Tramp bütün məsələlərə kommersant kimi yanaşır: “Ağ Ev rəhbəri düşünür ki, bu məsələyə pul xərcləməyə dəyərmi, ya yox. Ukrayna münaqişəsinə münasibəti də belə idi. Əslində siyasi proseslərə də bu cür yanaşır. Hesab edir ki, siyasi çevrilişlər, yoxsa hakimiyyətlərlə əməkdaşlıq daha səmərəlidir. Ona görə də bu xətt üstün tutulur. Azərbaycanla da bərabərhüquqlu əlaqələrin tərəfdarıdır. Son mesajlar, bəyanatlar da bunu göstərir. Trampın mövqeyindən görünür ki, bizimlə əməkdaşlığa marağı var. Bu da Azərbaycanı qane edən yanaşmadır. Ölkələrin daxili işlərinə müdaxilənin nəticələri Yaxın Şərqdə göz qabağındadır”.

“Trampın birinci prezidentliyi dönəmində də oxşar siyasi kurs var idi. Respublikaçılar bir qayda olaraq başqa ölkələrin daxili siyasətinə qarışmırlar. Doğrudur, insan haqları, media azadlığı və seçkilər bəşəri məsələlərdir, lakin ABŞ-da Buş, Obama hakimiyyətləri bundan aşkar və kobud surətdə yararlanır, çevrilişlər həyata keçirirdilər. Tramp isə ilk prezidentliyi dövründə də dövlətlərin işinə müdaxilə etməmişdi. Bu dəfə də eyni strateji xətt davam etdirilir. Çünki bir sıra hallarda uğursuzluğa düçar oldular, yanlışlıqlara yol verildi”. Bunu isə “Yeni Müsavat”a açıqlamasında Milli Cəbhə Partiyasının sədr müavini Ehtiram Mehdiyev söyləyib.


Onun sözlərinə görə, Ermənistan hakimiyyəti Tramp administrasiyasından Bayden iqtidarının dövründəki dəstəyi görməyə bilər, lakin Birləşmiş Ştatlar bu ölkənin üzərindən əlini də çəkməyəcək. Partiya rəsmisinin fikrincə, buna səbəb Rusiya amilidir: “ABŞ İraqdan sonra ikinci ən böyük diplomatik korpusu Ermənistanda saxlayır. Bu da kəşfiyyatın fəaliyyətindən xəbər verməkdədir. Yəni ABŞ Ermənistanı və onun iqtidarını Rusiyadan qoruyur. Bu mənada Tramp dönəmində Paşinyan lazımi dəstəyi ala bilməsə də, tam üz çevirməyəcək. Bundan Rusiya istifadə edə bilər. Baxın, Paşinyan Mişustinlə görüşə getməli olub. Bundan əvvəl də Moskva paradında iştirak etdi. O, gah Rusiya əleyhinə bəyanatlar verir, gah da Rusiyaya səfər edir. Bununla da hazırkı mürəkkəb dövrdən çıxmağa ümid edir”.

E.Mehdiyev Azərbaycanda “rəngli inqilab”lar üçün cəhdlər edildiyini, nəticəsinin fiasko olduğunu xatırlatdı: “İndi bunun üçün zəmin və ya imkanlar yoxdur. Qərb Azərbaycanla enerji sahəsində əməkdaşlığı genişləndirir, ABŞ ölkəmizə Rusiya və İranla sərhədi olan bir dövlət kimi əhəmiyyət verir, ən əsası isə suverenliyimizin bərpasından sonra daxili birliyimiz güclənib və xarici təsirlərə uymaq olmaz. Ona görə də hansısa ssenarilər Azərbaycan üçün keçərli deyil”.

Emil SALAMOĞLU

Tarix: Dünən, 11:32
Xəbəri paylaş



Xəbər lenti