Klinikalarda onkoloji müalicə - Qiymətlər “ÖLÜMCÜL”, yoxsa...

Klinikalarda onkoloji müalicə -
“Özəl sektorda onkoloji xidməti göstərmək icazəsi almaq üçün xüsusi qaydalar və tələblər hazırlanıb”. Bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında bildirib. “Yalnız ən yüksək tələblərə cavab verən müəssisələrə lisenziyalar veriləcək”.

Qeyd edək ki, özəl tibb müəssisələri onkoloji tibbi xidmət həyata keçirə biləcək. Bu məsələ “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlara dəyişiklikdə öz əksini tapıb.

Bəs klinikalarda bu müalicənin olması hansı müsbət nəticə vəd edir? Qiymətlər əlçatan olacaqmı?

Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Müseyibov Musavat.com-a mövzu ilə bağlı fikirlərini bölüşüb: “Bu, çox müsbət haldır ki, artıq özəl klinikalarda da bu qanun öz təsdiqini tapdı və onkoloji xəstəlikdən əziyyət çəkən pasiyentlər öz müalicələrini özəl tibbi müəssisələrdə də ala biləcəklər. Təbii ki, bu, bütün özəl tibbi müəssisələrə aid deyil. Xüsusi icazəsi, daha doğrusu lisenziyası olan və onkoloji xəstəliklərlə məşğul olan özəl tibbi mərkəzlər bu fəaliyyəti həyata keçirə biləcəklər.

Təbii ki, ilk baxışda müəyyən məsələlərlə bağlı bir sıra çətinliklər olacaq. Çünki onkoloji xəstəliklər digər xəstəliklərdən fərqli olaraq, yalnız cərrahi əməliyyatla yekunlaşmır. Cərrahi əməliyyatdan əvvəl və ya sonra onkoloji xəstələrə kimyaterapiya və ya şüa terapiyası tətbiq olunur. Bu müalicə şişin ölçüsündən asılı olaraq təyin edilir. Şiş böyük olduqda, əvvəlcə onun ölçüsünü kiçiltmək üçün müvafiq terapiya aparılır, daha sonra xəstə əməliyyata alınır”.

Onkoloq əlavə edib ki, artıq qonşu ölkələrdə də özəl klinikalarda onkoloji xidmətlərin göstərilir:

“İstər Türkiyə, istər İran, istərsə də digər ölkələrdə bu xidmətlər özəl tibbi müəssisələrdə xəstələrə təqdim olunur. Təbii ki, məsələnin ikinci tərəfi də ondan ibarətdir ki, onkoloji xəstəliklərə nə qədər erkən diaqnoz qoyularsa, müalicə də bir o qədər effektiv və vaxtında aparılır. Xəstəliyin üzərinə vaxtında düşülməsi həm sağalma şansını artırır, həm də maliyyə baxımından daha əlçatan olur. Gecikmiş mərhələdə isə həm müalicə üsulları daha çox və mürəkkəb olur, həm də nəticələr arzuolunan səviyyədə olmaya bilər. Bu baxımdan da bu addım müsbət qiymətləndirilməlidir.

Özəl klinikalarda bu xidmətin əlçatanlığına gəldikdə isə qeyd etməliyəm ki, dövlət xəstəxanalarında da onkoloji xəstələrin müalicəsində istifadə olunan dərman preparatları kifayət qədər yüksək qiymətə malikdir. Bu səbəbdən müəyyən çətinliklər yarana bilir. Eyni zamanda, onkoloji xəstəliklərin klinik olaraq həm sayının artması, həm də yaş baxımından cavanlaşması dövlət tibb müəssisələrinin üzərinə düşən yükü daha da artırır. Nəticədə uzun növbələr yaranır və hətta erkən mərhələdə müraciət edən xəstələr üçün belə hər gecikən gün onların ziyanına işləyə bilir. Bu baxımdan onkoloji xidmətlərin özəl klinikalarda da tətbiq olunması ümumilikdə müsbət hal kimi qiymətləndirilə bilər”.
Tarix: 28-02-2026, 12:58
Xəbəri paylaş



Xəbər lenti