
Vətəndaş Zeynalov Mabəddin Qabil oğlu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vətəndaş müraciətlərini süni şəkildə məhdudlaşdırması və qanuni səlahiyyətlərini icra etməməsi ilə bağlı açıq etirazını bildirir.
Bizimesr.az-a edilən müraciətdə qeyd olunur ki, Zeynalovun atası icbari tibbi sığorta hesabına Mərkəzi Klinikada stent əməliyyatı keçirib. Qanunvericiliyə əsasən, əməliyyatdan sonrakı 45 günlük kontrol müayinələr və müşahidə xidmətləri icbari tibbi sığorta zərfi çərçivəsində təmin olunur və əlavə ödəniş tələb edilə bilməz.

Lakin əməliyyatdan cəmi 8 gün sonra kontrol müayinə zamanı onlardan 103 manat tələb edilib. Bu, vətəndaşın sözlərinə görə, açıq qanun pozuntusudur.

Zeynalov bildirib ki, faktla bağlı dəfələrlə rəsmi müraciət etsə də, Agentlik yalnız formal cavablarla kifayətlənib və heç bir tədbir görməyib. O əlavə edib ki, Mərkəzi Klinikanın təşkilatı tabeliyindən asılı olmayaraq, icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlər üçün vətəndaşdan pul alınması Agentliyin birbaşa nəzarət predmetidir.
Bundan başqa, Zeynalovun sözlərinə görə, Agentliyin rəsmi “Facebook” səhifəsində şikayətini paylaşdıqdan sonra hesabı bloklanmış və səhifəyə giriş məhdudlaşdırılmışdır. Bu, vətəndaşın fikrincə, qanunsuzluğu araşdırmaq əvəzinə şikayət edən şəxsi susdurmaqdır.
Vətəndaş hüquqlarının müdafiəsi məqsədilə Zeynalov Mabəddin Qabil oğlu Prezident Administrasiyasına, Ombudsmana və digər aidiyyəti qurumlara rəsmi müraciətlər edəcəyini bildirib.
Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyevdir.
Bizimesr.az