Salyan səhiyyəsinin səmasında son vaxtlar havanın kəskin dəyişdiyi heç kimə sirr deyil. Ötən günlərdə rayondan daxil olan çoxsaylı vətəndaş giley-güzarlarından sonra TƏBİB-in ərazidə kəskin "külək" əsdirdiyi, bu "fırtına" nəticəsində 10-a yaxın əməkdaşın tutduğu rahat kreslo ilə vidalaşdığı məlumdur. Lakin el arasında gəzən söz-söhbətlərə görə, işdən uzaqlaşdırılanlar arasında heç də hamının günahı eyni olmayıb — bəzilərinə qarşı ədalətsizlik olunduğu iddia edilir. Əsas cavabdehlik daşıyan, cəza almalı olan bəzi şəxslər isə sanki heç nə olmamış kimi hələ də iş başındadır və künc-bucaqda gizlənməyi bacarıblar.
İndi hamını tək bir sual düşündürür: Rayon səhiyyəsinin sükanı arxasına keçən yeni rəhbərlik köhnədən qalan, öz bildiyini oxumağa vərdiş etmiş "ustalarla" necə yola gedəcək? Salyan səhiyyəsi üzərində nəhayət günəş parlayacaq, yoxsa bu qara buludlar hələ uzun müddət yerində sayacaq?
Məsələ təkcə inzibati kadr dəyişikliyi ilə bitmir. Məsələn, baş həkim səviyyəsində idarəçilikdə baş verən kəsirləri və problemləri görməzdən gəlmək də bir bacarıqdır, əlbəttə. Hətta elə bilmək olar ki, bu idarəçilik baxışına xüsusi bir müayinə lazımdır. Yeri gəlmişkən, xəstəxananın göz həkiminin öz baxış bucağı da az maraqlı deyil — iddialara görə, icbari tibbi sığorta ilə müraciət edən vətəndaşa acıqla "Mən sığorta ilə baxmıram!" deyib yola salmaq artıq adi hala çevrilib. Görəsən, dövlətin tətbiq etdiyi sığorta sistemini bəyənməyən həkimə və bu özbaşınalığı görməyənlərə hansı gözlə baxmaq lazımdır? Bəlkə onda problemlər daha aydın və şəffaf görünər.
Salyanlılar isə səhiyyədə kabinet çəkişmələri və gizlənməyə çalışan "köhnə tanışlar" deyil, sadəcə vicdanlı, keyfiyyətli və şəffaf tibbi xidmət görmək istəyirlər. Yeni rəhbərliyin köhnə problemləri necə təmizləyəcəyini və səhiyyənin səmasını necə aydınlaşdıracağını zaman göstərəcək.
Biz isə «Kirpi» kimi müşahidə etməyə və vaxtı gələndə tikanımızı lazımi yerə toxundurmağa davam edəcəyik.
Murad Huseynov
Regionaz tv
Tarix: Bu gün, 09:34