Xəbər verildiyi kimi ötən gün Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla həmsərhəd Tavuş bölgəsinin Voskepar (Əskipara) kəndində Rusiya sərhəd qoşunlarının zastavasının yerləşdirildiyini təsdiqləyib. Bundan əvvəl Voskepar kəndində Rusiya sərhədçilərinin göründüyü haqda xəbərlər və fotolar sosial şəbəkələrin erməni seqmentində yayılırdı.
Voskepar kəndi Azərbaycanın Yuxarı Əskipara və Aşağı Əskipara kəndləri arasında yerləşir. Vaxtilə həmin kəndin Ermənistana aid olması nəticəsində Qazax rayonunun 7 kəndi Azərbaycanın əsas ərazilərindən ayrı düşərək ekslava çevrilmişdilər. Və sonradan həmin kəndlər işğal olundu.
Müdafiə Nazirliyinin məlumatında deyilirdi ki, Voskepar kəndində yerləşdirilmiş Rusiya sərhəd zastavasının arxa cəbhə təminatı üçün tikinti işləri aparılır. Və sərhədçilərin yerləşdirilməsi Ermənistanla Rusiya arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bundan əvvəl Rusiya sərhədçiləri Sünik (Zəngəzur) vilayətinin Azərbaycanla həmsərhəd ərazilərində öz postlarını (Qubadlı-Zəngilan istiqaməti) yerləşdirmişdilər. Hərçənd Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla bütün sərhəd boyu Rusiya sərhədçilərinin yerləşdirilməsi haqda təklifinə Moskvada müsbət baxmırlar.
“Moskovskaya komsomolets” qəzeti rəsmi Moskvanın mövqeyi ilə regiondakı faktiki vəziyyət arasında ziddiyyətə diqqəti cəlb edərək yazıb ki, Rusiya sərhədçiləri Ermənistanın Türkiyə və İranla sərhədlərini 1992-ci il müqaviləsinə uyğun olaraq qoruyur. Lakin bu razılaşmanı Ermənistanın Azərbaycanla sərhədlərini əhatə edəcək şəkildə genişləndirmək Moskvada birmənalı qarşılanmayıb. Çünki Azərbaycanla Ermənistan arasında sərhədlər hələ rəsmən müəyyən edilməyib-bunun üçün delimitasiya və demarkasiya işləri aparılmalıdır.
Hansı ki, avqustun 5-də Rusiya XİN-in informasiya və mətbuat depratamentinin direktor müavini Aleksandr Bikantov “sərhədlərin beynəlxalq-hüquqi rəsmiləşməsinin” olmaması şəraitində Bakı ilə Yerevan arasında etimad yaratmağın çətin olduğunu deyib. Və tərəfləri sərhədlərin delimitasiyası-demarkasiyasına dair danışıqlara çağırıb.
Yerevandakı Qafqaz İnstitutunun elmi əməkdaşı Qrant Mikaelyan deyir ki, Rusiya və Ermənistan rəsmilərinin sərhəddə rusiyalı hərbçilərin yerləşdirilməsinə dair bəyanatlarında yaranan fərqlər məsələnin hüquqi tərəfi ilə bağlı ola bilər. Müdafiə Nazirliyində rusiyalı sərhədçilərin faktiki olaraq gəldiyini təsdiq edirlər, amma Rusiya XİN bunun üçün razılaşdırılmış hüquqi statusun olmadığını bildirir. Yerevan isə gözləyir ki, Rusiya sərhədçilərinin yerləşdirilməsi hərbi eskalasiyanın səviyyəsini aşağı salacaq və sonrakı danışıqlar üçün imkan yaradacaq.
Moskva Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq araşdırmalar İnstitutunun baş elmi əməkdaşı Vadim Muxanov da erməni həmkarı ilə razıdır, amma hesab edir ki, fərq Rusiya sərhədçilərinin yerləşdirilməsinin hüquqi tərəfi ilə deyil, həyata keçirilən tədbirlərin miqyası ilə bağlıdır. “Rusiya XİN-də hesab edirlər ki, rusiyalı sərhədçiləri Azərbaycanla bütün sərhəd boyu yerləşə bilməz, amma ayrı-ayrı nöqtələrdə onların yerləşməsi tamamilə mümkündür. Demək olmaz ki, iki ölkə arasında sərhədlər ümumiyyətlə yoxdur. Müstəqilliyin elan edilməsindən 30 il keçib və dövlətlərin hüdudları təbii şəkildə formalaşıb, amma bəzi sahələr üzrə suallar qalıb”,-Muxanov deyib.
Ermənistanda isə bəzi ekspertlər Rusiya sərhədçilərinin Əskipara kəndində yerləşməsini Qazax rayonunun 90-cı illərin əvvəllərində işğal edilmiş kəndlərinin Azərbaycana qaytarılmasına hazırlıq məqsədi daşıdığını təxmin edirlər. Və deyirlər ki, Ermənistan hökuməti bununla bağlı hansısa gizli öhdəlik götürüb.
Parlamentdəki müxalif “Şərəfim var” fraksiyasının üzvü Tiqran Abramyan da belə qənaətlə çıxış edib: “Mən Rusiya qoşunlarının 102-ci hərbi baza çərçivəsində Ermənistan daxilində müxtəlif yerlərdə dislokasiyasını və yerdəyişməsini başa düşə bilərəm. Amma gərəkdir ki, hökumət və Nikol Paşinyan, Müdafiə Nazirliyi yaranmış situasiyanın zəruriliyini əsaslandırsınlar. Çünki həmin sərhəd zastavalarının Tavuş vilayətində yerləşdirilməsi ondan xəbər verir ki, proses məlum anklav ərazilərin geri verilməsi və bununla bağlı sövdələşmələrlə əlaqəlidir. Və Rusiya sərhədçilərinin məntəqələri artıq lazım olan yerdə yerləşdirilib”.
Abramyan əlavə edib ki, Ermənistanın hansı zərurət əsasında Rusiyadan Tavuş vilayətində sərhəd zastavaları və ya dayaq məntəqələrinin yerləşdirilməsini xahiş etdiyi izah edilməlidir.
Tarix: 6-08-2021, 21:19