Ermənistan postmüharibə dövründə də təxribatlarından əl çəkmir.İstər təmas xətti, istərsə də sərhəd ərazilərində Ermənistan tərəfi atəşkəsi və əldə olunan razılaşmaları pozur. Təxribatların məqsədi Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesini ləngitməkdir. Ermənistanın müdafiə naziri Arşak Karapetyan da son addımı ilə bu təxribatların başında Ermənistanın hərbi-siyasi rəhbərliyinin dayandığını göstərib. Belə ki, Karapetyan kollegiya iclasında çıxışı zamanı Azərbaycan hərbçilərinə atəş açmaq əmri verib. O,
“Dərhal atəş açın və istənilən üsulla Azərbaycan hərbçilərini öldürün”,-deyib.
Ermənistanın müdafiə nazirinin belə bir əmri nəyə hesablanıb? Azərbaycanın buna qarşı addımı nə ola bilər?Politoloq Fikrət Sadıqov
Cebhe.info-ya açıqlamasında deyib ki, Ermənistan uzun müddətdir təxribatla məşğuldur:
“Ermənistanın sərhəddəki təxribatlarının əsas məqsədi delimitasiyadan boyun qaçırmaq və hansısa xarici qüvvələri sərhədə yerləşdirməkdir. Başa düşmürlər ki, delimitasiya prosesi yekunlaşana qədər bura hansısa xarici qüvvə yerləşdirilə bilməz. Artıq bir sıra dövlətlər, o cümlədən Rusiya açıq şəkildə qeyd edib ki, bu məsələni müzakirə etmir. Məsələ ondadır ki, Karapetyanın əmrindən qabaq da Ermənistan təxribatlarla məşğul idi. Azərbaycan sərhədlərini pozaraq atəş açırlar. Burada əslində yeni bir şey yoxdur”.Politoloq qeyd edib ki, nazirin “öldürün” əmri artıq ermənilərdə azğınlaşma getdiyini göstərir:
“Bu da onunla bağlıdır ki, bir sıra xarici qüvvələr yenə də Ermənistanın başını sığallayır. Bizi sülhə çağırırlar, onlara isə təzyiq göstərilmir. Ermənistanın burada güya oynadığı rolu yüksək qiymətləndirirlər. Belə bəyanatlar isə indiki məqamda təsadüfi deyil. Karapetyan bunu başa düşməlidir ki, Azərbaycan sərhədlərini qorumağa tam hazırdır. Azərbaycanla üz-üzə gəlməyi ona heç kim məsləhət görməz”.
Tarix: 6-08-2021, 21:15