“Bu barədə hər şeyi bilirəm. Amma hazırda müvafiq mövzuda müsahibə vermək hüququm yoxdur. Bir az gözləmək lazımdır. Qarabağda son sınaqlar keçirilir”.
Bu məlumat Bizim.Media-ya İsraildəki mənbələrdən daxil olub.
Söhbət ondan gedir ki, II Qarabağ müharibəsi tamamlanandan bəri İsrail Bakıya minatəmizləyən dronlar təklif edirdi. Və yəhudilərin zəmanətinə görə İsrailin texnikası Qarabağdakı bütün minaları maksimum bir ilə təmizləyər.
Savaşdan 8 ay keçib, müxtəlif ərazilər təmizlənib. Lakin hələ çox iş qalıb.
Çünki bir ilə yaxın zaman keçməsinə baxmayaraq ermənilər ala-yarımçıq mina xəritələrindən yalnız Ağdama aid olanı Bakıya təqdim ediblər. İnsanlarda sual yaranır ki, əgər İsrail silahları ilə bir ilə Qarabağı minalardan təmizləmək mümkündürsə, niyə həmin 365 günü İrəvandan xəritə istəməyə sərf edək? Əlbəttə ki, “MEMATT”la reallaşdırılan təmizləmənin paralelində...
Tel-Əvivdə olan insayderlərin saytımıza açıqlamasına görə, hazırda bu istiqamətdə Qarabağda son sınaqlar aparılır. Sadəcə gözləmək lazımdır.
Qarabağı minalardan təmizləmək üçün İsrail dronlarından istifadəni hərbi ekspert Ədalət Verdiyev də mümkün hesab edib.
Belə ki, “Azərbaycanın müdafiə sənayesi sahəsində ən geniş əməkdaşlıq etdiyi ölkələrdən birinin İsrail olduğunu nəzərə alsaq, o zaman bizim üçün aktual olan minatəmizləmə proseslərində İsrail texnologiyalarını almağımız və tətbiq etməyimiz tamamilə mümkündür”.
Qeyd edək ki, rus sülhməramlıları nəzarət zonalarını, Qarabağın ermənilər yaşadığı hissəsini demək olar ki, minalardan tam təmizləyiblər. Yəni Qarabağa mina basdıran ermənilərə Qarabağda yetərincə təhlükəsiz şərait yaradılıb.
Azad olunan torpaqlarda yenidənqurma işləri, qaçqın və məcburi köçkünlərin qısa zamanda yurd-yuvalarına qayıtmağı naminə mina məsələsində Bakı da səylərini davam etdirir. Aparılan işlər nəticəsində bir azdan Ermənistanın bizə müxtəlif şərtlər altında verəcəyi mina xəritələrinə də ehtiyac qalmayacaq.
Tarix: 24-06-2021, 17:35