Afsəddin Nəbiyev: “Bu yardımlardan ermənilərə araiklərin bahalı villaları və otelləri qalıb”
Ermənistanın “Qraparak” qəzetində dərc olunan “Artsax sosial iğtişaşlar həddində” adlı məqalədə Qarabağdakı ermənilərin acınacaqlı vəziyyətindən bəhs olunub. Yazıda qeyd edilir ki, separatçı qurumun “rəhbərləri” humanitar yardımları mənimsəyir. Yerli əhaliyə istinadən qeyd edilir ki, separatçılar humanitar yardımlara gəlir mənbəyi kimi baxır: “Məmurlar yenə də köçkünlər üçün ayrılan vəsaitləri mənimsəyərək varlanmaqla məşğuldurlar. Köçkünlər otellərə və qocalar evlərinə yerləşdirilib. Orada qalan hər köçkün üçün büdcədən 7-8 min dram ayrılır. Həmin pulu sənəddə artıqlamasıyla yazıb özləri mənimsəyirlər. Çünki otellərin sahibləri özləridir. Məsələn, Xankəndidəki “Yerevan” oteli Araik Arutyunyana, “Kaştan” oteli isə keçmiş “maliyyə naziri” Spartak Tevosyana məxsusdur. İnsanlar zirzəmilərdə yaşayır. İllərdir bizi soyurdular, indi də “qaçqınların” hesabına varlanırlar. Bundan başqa, “Qırmızı Xaç” ayda üç dəfə düyü, qarabaşaq, mərcimək, “tuşonka” verirdi, amma indi Ermənistanda yaşadığımızdan şübhələrək vermirlər”.Görünən odur ki, separatçılar, əvvəllər olduğu kimi, indi də siyasi möhtəkirliklə məşğuldurlar.
“Siyasi gərginliyin artması, nəinki Qarabağda yaşayan erməniləri, hətta Ermənistanı uçurumun astanasına çatdırıb”
Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən AMİP sədrinin müavini Afsəddin Nəbiyevin fikrincə, baş verənlər bir sıra həqiqətləri ortaya qoyur: “Qarabağdakı ermənilərin acınacaqlı vəziyyətdə yaşamaları ilə bağlı erməni mediası mütəmadi məlumatlar yaymaqdadır. Birincisi, Ermənistanın özü sosial-iqtisadi fəlakət həddindədir. İkincisi, siyasi gərginliyin artması, nəinki Qarabağda yaşayan erməniləri, hətta Ermənistanı uçurumun astanasına çatdırıb. Qarabağda təxminən Azərbaycanın bir rayonunun əhalisi qədər erməni yaşayır. Müharibədən öncə bu əhalini ermənilər diaspora və lobbilərinin yardımları ilə sakitləşdirə bilirdilər. Müharibə bitdikdən sonra Rusiya dövləti bu əhaliyə humanitar yardım etdi. Məsələnin mahiyyəti ondan ibarətdir ki, indiyə qədər ermənilərin əl açaraq bu bölgəyə gətirdiyi yardımlar "Artsax lideri" araiklər və onun komandası tərəfindən mənimsənilib. Bu yardımlardan ermənilərə araiklərin bahalı villaları və otelləri qalıb. Yardımları öz məqsədləri üçün istifadə ediblər. Sözügedən proses bu gün davam edir. Bir gözəl atalar sözümüz var: "Quyuya su tökməklə quyu dolmaz". Təbii ki, ermənilərin yardımla öz gələcəyini qurması mümkün deyil. Bunun yeganə yolu ermənilərin Azərbaycan xalqı ilə dinc qonşuluq şəraitində yaşamağı ola bilər. Ermənilər Cənubi Qafqazın siyasi palitrasına baxıb nəticə çıxara bilməsələr, onların dövlət kimi siyasi səhnədə qalması mümkün olmayacaq. Cənubi Qafqazda erməniləri kənara qoysaq, bu bölgədə onlarla xalq Qafqaz sülh evinin xoşbəxt vətəndaşlarıdır. Ən azından, Şuşada keçirilən Xarı bülbül festivalında bütün xalqların bir çətir altında birlik və bərabərliyindən nəticə çıxarsınlar. Gürcüstanda yaşayan azərbaycanlıların gürcülərlə dinc sülh şəraitində yaşamalarına baxsınlar. Çox nümunələr göstərmək olar. Yetər ki ermənilər "böyük xülyalardan" əl çəkib bu reallıqları qəbul etsin”.
Sədr müavini onu da qeyd etdi ki, ermənilər haçan xəstə ideologiyadan imtina etsələr, yalnız o zaman onların miskin durumdan xilas olacağını güman etmək olar.
Vidadi ORDAHALLI
Tarix: 13-05-2021, 16:41